Region Xəbərləri 

Tarixin Heydər Əliyev zirvəsi.

XX əsrin sonlarına yaxın müstəqilliyini əldə etmiş Azərbaycan xalqı məhz Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında milli varlıq və özünüdərkin ali təzahür forması olan müstəqil dövlət ideyasını gerçəkləşdirmişdir. Ümummilli Liderin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi və keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. O, siyasi fəaliyyətinin bütün mərhələsində vətənə, torpağa sonsuz məhəbbət hissi ilə, qurub – yaratmaq amalı ilə yaşamış və hər zaman milli dəyərlərə bağlı olmuşdur. Heydər Əliyev taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətdə olmuş və Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, onu zəmanənin ağır məngənəsindən xilas etmişdir. Azərbaycanın dövlətçilik ənənələrinin bərpa edilərək zənginləşdirilməsi, onun əbədi və dönməz xarakter alması, həmçinin çökmüş vəziyyətdə olan ölkə iqtisadiyyatının dinamik inkişaf yoluna qədəm qoyması, həm daxili sabitliyin təmin olunması, həm də beynəlxalq siyasi strategiyanın müəyyənləşdirilməsi məhz Heydər Əliyevin fədakar, səmərəli və qətiyyətli fəaliyyəti nəticəsində mümkün oldu. Torpaqların beşdən bir hissəsinin işğal altında qaldığı, əhalisinin səkkizdən birinin qacqınlıq taleyi yaşadığı, öz strateji mövqeyinə görə bir çox dünya ölkələrinin siyasi və iqtisadi maraqlarının toqquşduğu bir ölkədə inkişaf etmiş demokratik dünya ölkələri səviyyəsində dünyəvi dövlət yaratmaq və qısa müddət ərzində əhalinin sosial durumunu normallaşdırmaq və ən əsası da gələcək inkişafın əsasını qoymaq üçün işğalçı tərəflə atəşkəsin imzalanmasına nail olmaq qətiyyət tələb edirdi. Bu, Heydər Əliyev qətiyyəti idi. Ümummilli lider ölkəyə olan maraqların başında neft amilinin durduğuna qəti şəkildə əmin idi. O, ölkədə möhkəm içtimai – siyasi sabitlik yaratmaqla və yeni neft strategiyasını hazırlamaqla dünya dövlətlərinin ən nüfuzlu neft şirkətlərinin Azərbaycana marağını artıraraq sərmaye qoyuluşuna əlverişli şərait yaratdı. Heydər Əliyevin yeni neft strategiyası dövlətimizin inkişafı və beynəlxalq arenada nüfuzunun artması baxımından düşünülmüş siyasət idi. İndi müqavilənin bəhrələrini görməkdəyik. Büdcəmizə küllü miqdarda vəsaitlərin daxil olması və həmin vəsaitlər hesabına hər bir sahənin sosial bazasının yaxşılaşdırılması bunun bariz nümunəsidir.
Ümumilikdə Heydər Əliyevin tarixi fəaliyyətinə nəzər saldıqda onun nə qədər çoxşaxəli və gərgin olduğuna heyrətlənməmək olmur. O, gün ərzində respublikaya dəvət olunmuş xarici dövlət rəhbərlərini, neft siyasəti ilə bağlı müxtəlif şirkət rəhbərlərini, səfirləri, elm, mədəniyyət xadimlərini və eləcə də sadə peşə adamlarını qəbul edib dinləyər, öz tövsiyələrini verərdi. Bunların hamısını yerinə yetirməyə onun çox yüksək siyasi, elmi peşəkarlığı və gücü çatırdı. Çünki Ulu öndər üçün məsələnin ağırlığı, çətinliyi yox, onun Azərbaycan dövləti və xalqı üçün səmərəliyi əsas məsələ olmuşdur. Ötən illər ərzində Ulu öndər haqqında mətbu orqanlarında dəfələrlə geniş məqalələr dərc olunmuş, təhlillər verilmiş, çoxlu kitablar yazılmışdır. Lakin bu böyük şəxsiyyətin tarixdəki rolunun elmi – nəzəri təhlilinə dönə – dönə qayıdılmalıdır ki, yaxın tariximizdə baş vermiş mühüm hadisələr unudulmasın. Bu baxımdan Heydər Əliyevi oxumaq, Heydər Əliyevi öyrənmək Azərbaycanın çağdaş tarixinin içtimai – siyasi hadisələrindən daha təmkinlə nəticə çıxarmaq və gələcəyimizin inkişafını təmin etmək üçün əsl doğru yoldur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində öz gərgin və şərəfli fəaliyyəti ilə xalqın və Dövlətin əsl rəhbəri olduğunu sübut etmişdir. Onun siyasi portreti ən yeni tariximizin dolğun səlnaməsidir.
Ümummilli Lider 3 dəfə – 1978, 1982 və 2002-ci illərdə Goranboy rayonunda olmuşdur. Onun hər bir gəlişi ilə rayonun sosial – iqtisadi və mədəni həyatındə müsbət dəyişikliklər olmuş və rayon əhalisinin ona olan sevgisini daha da artırmışdır. Hələ sovetlər dönəmində ölkənin birinci şəxsi tərəfindən «Coşqun yüksəliş illəri» kimi qiymətləndirilən 1969-1982-ci illərdə respublikanın hər bir bölgəsində olduğu kimi Goranboy (Qasım İsmayılov) rayonunda da böyük işlər görülmüş, rayonun sosial və təsərrüfat xərcləri xeyli artmışdır. 1969-cu ildə rayon üzrə 10813 ton taxıl, 14553 ton pambıq istehsal olunurdusa, 1982-ci ildə artıq bu rəqəmlər müvafiq olaraq 28143 ton və 38967 ton təşkil edirdi. Ulu öndərin birinci hakimiyyəti dövründə (1969-1982) rayonumuza 2 dəfə tarixi səfər etmişdir. Onun hər gəlişi ilə rayonumuzda yeni yüksəliş dövrünün başlandığını görmək olar. Məhz Ulu öndərin göstərişi ilə rayon Maarif şöbəsi üçün iki mərtəbəli bina, Qızılhacılı və Səfikürd kəndlərində hər biri 1176 yerlik, Sarov kəndində 340 yerlik məktəb binaları tikilərək istifadəyə verilmişdir. Ümumilikdə həmin dövrdə rayonda 8827 yerlik məktəb binaları tikilmişdir. Həmin dövrdə təhsil sistemində işləyən müəllim və tərbiyəçilərin əməyi Ulu öndər tərəfindən yüksək qiymətləndirilmiş, 2 nəfər «Əməkdar müəllim»adı verilmiş, 10 nəfər müxtəlif orden və medallarla təltif edilmişdir. 1969-1982-ci illər ərzində rayonda 14 mədəniyyət evi, 26 klub, 32 kitabxana açılmış, 1565 ədəd eksponatın qorunduğu Tarix-diyarşünaslıq muzeyi fəaliyyətə başlamışdır. Elə həmin illər ərzində rayonda 150 çarpayılıq Mərkəzi xəstəxana, 60 çarpayılıq Dəliməmmədli, 60 çarpayılıq Qızılhacılı, 40 çarpayılıq Xan Qərvənd, 25 çarpayılıq Qazanbulaq xəstəxanaları, 25 çarpayılıq vərəm əlehinə dispanser, 2 həkim ambulatoriyası, 19 feldşer-mama məntəqəsi və Sanitar epeidemioloji mərkəz tikilərək istifadəyə verilmişdir. Ümummilli Liderimizin rayona ilk gəlişi 30 sentyabr 1978-ci ilə təsadüf edir. Rayonun bütün sakinləri tərəfindən hərarətlə qarşılanan hörmətli qonaq o vaxtkı Kirov, Qatır Məmməd, Orconikidze adına kolxozları gəzmiş, burada kənd təsərrüfatı işlərinin gedişi ilə tanış olmuşdur. Həmin gün ölkə rəhbəri şəhər mərkəzində keçirilən rayon partiya-təsərrüfat fəallarının yığıncağında iştirak etmişdir. Heydər Əliyevin ilk səfəri rayonun iqtisadi və mədəni həyatında bir dönüş yaratmışdır. 1982-ci ilin 14 iyulunda Ümummilli liderimiz ikinci dəfə rayona səfər etmişdir. O, əvvəlcə Cinli Boluslu kəndindəki Kirov adına kolxozda olmuş və orada salınmış soya plantasiyasına baxış keçirmişdir. Elə oradaca Kənd Təsərrüfatı nazirinə tapşırmışdır ki, bu, çox gözəl iş təcrübəsidir, bundan istifadə edərək bütün respublikada bu cür plantasiyalar yaratmaq olar və buna görə də digər rayonların rəhbərləri gəlib buradan nümunə götürməlidirlər. Sonra Heydər Əliyev rayonun ən böyük təsərrüfatlarından biri olan Orconikidze adına kolxozun pambıqçıları ilə görüşmüşdür. Daha sonra «Oktyabr» kolxozunda olan Ulu öndər orada kənd camaatının məişət problemləri ilə maraqlanmış, geniş söhbət etmişdir. Heydər Əliyev rayon mərkəzində olarkən təbii fəlakətlə əlaqədar (1982-ci il 23 iyunda sel-daşqın nəticəsində rayon təsərrüfatına xeyli ziyan dəymişdir) bəzi həyətləri gəzmiş, zərərçəkmiş ailələrlə səmimi söhbətlər etmişdir və təbii fəlakətin aradan qaldırılması üçün hər cür köməkliyin göstəriləcəyinə söz vermişdir. Həmin gün – 14 iyul 1982-ci il Ulu öndərimiz rayonun partiya-təsərrüfat fəallarının yığıncağını və pambıqçılıq təsərrüfatı rayonlarının zona müşavirəsini keçirmişdir. Bu isə Ulu öndərimizin Goranboy rayonuna verdiyi önəm və diqqətin bir nümunəsi idi. 13 sentyabr 2002-ci il – Ulu öndərin Goranboy rayonuna üçüncü tarixi səfəri. Cənab Prezidentin rayona gəlişi goranboylular üçün sanki bayram idi. Sübh tezdən rayon İcra Hakimiyyətinin önünə toplaşan minlərlə goranboylu onun gəlişini səbirsizliklə gözləyirdi. Ölkənin birinci şəxsini, xalqın Ümummilli liderini yaxından görmək, onun səsini eşitmək, Goranboyla bağlı fikirlərini bilmək arzusunda olanların sayı-hesabı bilinmirdi. Yolboyu onu salamlamaq üçün düzülən əhalini görən Prezident rayonun Xoylu kəndi yaxınlığında maşın karvanını saxlamış, kənd camaatı ilə görüşmüş, səmimi söhbətlər aparmışdır. Sonra Ümummilli Liderimiz rayon İcra Hakimiyyətinin binası önünə gəlmiş və onu görmək üçün bura toplaşan minlərlə goranboylular qarşısında geniş nitq söyləmişdir. Sonra Rayon İcra Hakimiyyətinin binasında ictimaiyyətin nümayəndələrinin iştirakı ilə müşavirə keçirmiş müşavirədə proqram xarakterli nitq söyləmişdir. Müşavirə və rayon ictimayyəti ilə görüşdən sonra Prezidentin maşın karvanı rayon mərkəzindən Aşağı Ağcakənd qəsəbəsinə getmişdir. Yolboyu dahi rəhbəri görmək istəyən insanlarla dolu idi. Ağcakəndə qədər 35 kilometr məsafəni keçərkən (Səfikürd kəndində) cənab Prezident maşın karvanını saxlatmış və onu görmək üçün gələn insanlarla görüşmüşdür. Nəhayət, 1988-ci ildə Ermənistandan didərgin düşmüş soydaşlarımız üçün salınmış Aşağı Ağcakənd qəsəbəsinə gələn dövlət başçısı burada yeni qəsəbənin açılışı münasibəti ilə təşkil olunan tədbirdə iştirak etmiş, qəsəbədə yeni inşa edilmiş 330 yerlik təhsil ocağı ilə də tanış olmşudur. Şagirdlərlə görüşən Ulu öndər sinif otaqlarının birində dərs keçmiş, kompüterlə bağlı suallar vermişdir. İndi həmin sinifdə Ulu öndərin şərəfinə guşə təşkil olunmuşdur. «Heydər Əliyev sinfi» adını daşıyan həmin sinifdə mütəmadi olaraq şagirdlərlə «Gəlin bir dərs keçək» devizi altında Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçirilir. Prezident Heydər Əliyev yaşayış evləri ilə tanış olduqdan sonra qəsəbənin mərkəzi meydanında təntənəli mərasimdə iştirak etmiş və geniş nitq söyləmişdir. Ümummilli Liderimizin Goranboya səfəri zamanı onunla birgə onun ailə üzvləri, o cümlədən onun layiqli davamçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də (O vaxt Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin rəhbəri kimi) onunla birgə olmuşdur. 2002-ci ilin 13 sentyabr tarixi bir günlük səfər olsa da, goranboyluların yaddaşında uzun illərin şərəfli və təntənəli bir hadisəsi kimi silinməz izlər buraxmış, goranboyluların dahi rəhbərə olan tükənməz sevgisini daha da artırmışdır. Hər ilin 13 sentyabr günü rayonda tariximizin möhtəşəm və şirin bir anı kimi xatırlanır.
Ümummilli Liderimiz 2002-ci il 13 sentyabrda Goranboya tarixi səfəri zamanı rayon haqqında belə söyləmişdir: “Goranboy rayonu Azərbaycanın iri, şox böyük iqtisadi potensiala malik olan və strateji xarakter daşıyan rayonudur”.
Heydər Əliyevin dövlət və xalq qarşısındakı ən böyük xidmətlərindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi və mədəniyyəti gətirməsidir. Bu o deməkdir ki, Heydər Əliyev tək bu günkü Azərbaycanın deyil, sabahkı Azərbaycanın da memarıdır. Ümummilli Liderimizin müəyyən etdiyi inkişaf yolu uzun illər boyu Azərbaycanı yüksəlişə aparacaq, hələ neçə – neçə nəsillər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə faydalanacaqdır. Həyat göstərir ki, rəhbərlər və tarixi şəxsiyyətlər yalnız xalqla bir olanda güclü olur və zirvələri fəth edirlər. Heydər Əliyev də belə uca zirvələri fəth edən xoşbəxt insanlardan biri idi. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu siyasi xətt – fəaliyyət prinsipi 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə sovet Azərbaycanının tarixində böyük dönüş yaratmışdır. 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaranmışdı. Neft sənayesinin iqtisadi inkişafdakı rolunu nəzərə alan Heydər Əliyev 1970-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin modernləşdirilməsini təmin etmişdir. Azərbaycanın zəngin təbii iqlim potensialından Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə geniş istifadə edilməyə başlandı. Paytaxt Bakıya, Azərbaycanın rayonlarına gözəllik verən yüzlərlə yaşayış binası, mehmanxana, ölkə iqtisadiyyatında mühüm rol oynayan iri istehsal kompleksləri, su anbarları, yaşıllıq zonaları, istirahət ocaqları, yollar Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Ümummilli lider sonralar o illəri xatırlayarkən demişdir: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.
Bəşəriyyətin inkişafına öz layiqli töhfəsini verən, böyük və zəngin tarixə malik olan xalqımız ötən əsrin son onilliyində müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi.
Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuşdur və müasir Azərbaycanın qurucusu bu sahədə də çox mühüm işlərə imza atmışdır. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və s. tədbirlər aqrar bölmənin inkişafına təkan vermiş, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparılmış, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır. Özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə ümummilli liderin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara uzun müddətli vergi tətillərinin verilməsinə başlandı və bu proses hazırda da davam edir. Bu gün kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azaddırlar.
Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan, 1995-2003-cü illəri regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşərdi. Bununla belə, o dövrdə bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, milli sahibkarlar sinfinin formalaşması regionların hazırkı inkişafına əlverişli zəmin yaratdı.
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk gündən vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini başlıca məqsəd kimi müəyyənləşdirmişdi. Ölkədə hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədləri 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş ali qanunvericilik sənədində – Konstitusiyada da təsbit edilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində artıq 1996-cı ildə sosial göstəricilərin dinamikasında müsbət meyillər özünü göstərməyə başlamışdır. Ümummilli liderin müxtəlif illərdə imzaladığı fərman və sərəncamlarla hərbi qulluqçuların, səhiyyə, təhsil, sosial müdafiə, elm, mədəniyyət sahəsində çalışanların əməkhaqları, eləcə də pensiyaların minimum məbləği, şəhid ailələrinin, 20 Yanvar əlillərinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda əlil olanların pensiya və müavinətləri bir neçə dəfə artırılmış, müxtəlif sahələrdə böyük xidmətləri olan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə fərdi təqaüdlər təsis edilmişdir.
Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi daim ulu öndərin diqqət mərkəzində olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin maddi vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanun, fərman və sərəncamlar imzalanmışdır. Ümummilli liderin müdrik qərarı ilə Dövlət Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuşdur. Davamlı və dinamik inkişafı özündə ehtiva edən özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və yeni-yeni uğurlara imza atır. Beləliklə, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.
Dahi Şəxsiyyətin azərbaycançılıq ideologiyası
Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm amillərlə şərtlənir. Azərbaycan xalqı da əlverişli tarixi şəraitdən və özünün ictimai, siyasi, iqtisadi, mədəni və mənəvi potensialından yararlanaraq XX əsrin əvvəlində qazanmış olduğu müstəqillik və istiqlal sərvətini əsrin sonlarında bir daha əldə etdi. Lakin müstəqillik tariximizin qısa zaman dövrü Ümummilli Liderimiz Heydər Əliyevin bir fikrini təsdiq edir:
“ ..müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, onun saxlanılması və daimi olması bundan da çətindir.”
Bu illər ərzində Azərbaycanın keçdiyi müstəqil dövlətçilik yolunun təhlili aydın surətdə onu göstərir ki, çətin ictimai-siyasi və hərbi müdaxilə şəraitində müstəqil dövlət qurmaq və onu mürəkkəb şəraitdə idarə etmək möhkəm iradəli, qlobal dünyagörüşlü, dərin milli-mənəvi dəyərlərə malik və yüksək idarəçilik bacarığı olan bir lider tələb edir. Həm də bu lider xalqın vahid dəstəyinə sahib olan bir dahi şəxsiyyət olmalı idi. Məhz, XX əsrin sonlarında Azərbaycan xalqının belə bir şəxsiyyətə ciddi ehtiyacı yarandı. –Bu şəxsiyyət isə Heydər Əliyev idi. Heydər Əliyevin əməli və elmi fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi dəyərləri və siyasi-ideoloji prinsipləri təşkil edirdi. Ümummilli Liderimizin bu istiqamət üzrə toplanmış olduğu zəngin irsi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək dövrlər üçün bir örnəkdir. Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində insan amilinə, milli və mənəvi dəyərlərə əsaslanan dövlətçilik təfəkkürünə malik olan kadrlara ciddi önəm vermişdir. Dahi şəxsiyyət Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 10 il ərzində nəinki demiokratik və dünyəvi dövlət idarəçilik sistemini qurdu, eyni zamanda, ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı vahid amal, əqidə və məqsəd ətrafında birləşdirən bir ümummilli konsepsiya , bir ideal təlim – azərbaycanşılıq ideologiyasını yaratdı.Azərbaycançılığın – bütün dünya azərbaycanlılarını birləşdirən bir məfkurə, bir siyasi ideologiya kimi Azərbaycan dövlətinin əsas idea və idarəçilik prinsipinə çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz azərbaycançılığı dövlətçiliyə tətbiq etməklə bu məfkurəyə əsaslanan bir müasir dövlət yaratdı, bununla da yeni dövlətçilik modelinin əsasını qoymuş oldu.Xalqımızın böyük oğlu, dahi Şəxsiyyət Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycan məfkurəsini, azərbaycançılıq dəyərlərini önə çıxarmaq və əsas götürmək istiqamətlərində qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli və dərindən öyrənilməsi, təbliği, xüsusən də gələcək nəslin bu ruhda tərbiyə olunub yetişdirilməsi və ən əsası da, milli şüurun formalaşdırılması Heydər Əliyevin parlaq zəkasının və uzaqgörən siyasi təfəkkürünün real əməli müstəvidəki təzahürü idi. Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və müqəddəs məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət idarəçilik siyasətinin prioritetinə çevrildi. Bu faktı xüsusi ilə vurğulayıram ki, milli ideoloji baxışlar sisteminin formalaşdırılmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qorudu və vaxtı ilə Cümhuriyyət qurucularının birləşdirici ideya kimi önə çəkdiyi milli birlik-azərbaycançılıq iddeologiyasına müraciət etdi.-Nəinki müraciət etdi, bu ideyanı real və dolğun məzmunda zənginləşdirərək dövlətin əsas siyasi idarəçilik səviyyəsinə ucaltdı.1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərçiliyə qayıdışı bütün Azərbaycan vətəndaşlarını dilindən, dini əqidəsindən və etnik mənsubiyyətindən asılı olmayaraq bir amal –vahid dövlətçilik ətrafında birləşmək yolunda bir stimul və bir tarixi dönüş oldu. Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, milli –mənəvi və dini dəyərlərimizin qorunaraq önə çıxarılması və bütün bu amillərin azərbaycanşılıq ideologiyası altında birləşdirilərək beynəlxalq arenada tətbiqi və təbliği dünya azərbaycanlılarının da diqqətini öz doğma ölkələrinə -Azərbaycana yönəltdi. 31 Dekabr tarixinin – hər il “ Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd edilməsi də azərbaycançılıq ideologiyasının –vahid konsepsiyanın bir tərkib hissəsi idi.Müstəqilliyimizin ilk illərində-1991-1994-cü illərdə yaranmış təhlükəli ictimai-siyasi və hərbi durum, vətəndaş qarşıdurması və cəmiyyətin xaos vəziyyətinə gətirilməsi yenicə əldə edilmiş müstəqillik sərvətinin az qala itirilməsi ilə nəticələnəcəkdi. Lakin öz xalqının sarsılmaz dəstəyinə və inamına arxalanan Heydər Əliyev qətiyyəti, Onun uzaqgörən siyasi zəkası və dövlət idarəçilik manevrləri bu təhlükəni qısa müddətdə aradan qaldırdı. Məhz bu məqamda Ümummilli Liderimizin azərbaycançılıq ideologiyası özünün bəhrəsini – müsbət nəticəsini verdi.1995- ci ildə Heydər Əliyevin təşəbbüsü və şəxsən yaxından iştirakı ilə, Azərbaycan Respublikasının yeni Ali Qanununun -Konstitusiyasının hazırlanması və 12 noyabr 1995-ci il tarixində qəbul edilməsi də Ümummilli Liderin dövlətçilik tariximizə qızıl hərflərlə yazdırdığı böyük nailiyyətlərdən biridir. Konstitusiyamızın hazırlıq mərhələsində də Heydər Əliyevin azərbaycançılıq amilinə diqqət yetirməsi və ümumxalq mənafeyinin qorunması, xüsusən də mənəvi dəyərlər prinsiplərinə əsaslanması təqdirəlayiqdir.–Bu həm də, Onun Vətənə, Xalqa və Dövlətə bağlılığının, sevgisinin aydın təzahürü idi. Heydər Əliyevə qədər mövcud olmuş azərbaycançılıq ideyaları bədii, elmi və mənəvi-mədəni dəyərlər kimi səsləndirilirdisə, məhz Onun dövründə bu iodeologiya-bu siyasi məfkurə dövlət quruculuğunun və idarəçiliyinin ayrılmaz tərkib hissəsinə çevrildi.
“Hər bir insan üçün milli mənsubiyyət qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – Azərbaycan xalqının yaddaşına bir ümummilli şüar kimi həkk olunmuş bu məhşur ifadə Ümummilli Liderimizin mənəvi dünyasının zənginliyini, Onun vətəndaş mövqeyini və öz milli kökünə bağlılığını sübut edən tarixi bir bəyanat idi. 2001-ci ilin 9-10 noyabr tarixlərində Bakıda keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurulatıya da Heydər Əliyevin müdrik siyasətinin və azərbaycançılıq ideologiyasının bir təntənəsi idi. Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamami ilə yeni mərhələdə öz fəaliyyətini qurmağa başladı. Heydər Əliyev bu sahədə də sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə, 2002-ci ildə “ Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə” Fərman imzalamışdır.Komitənin yaradılması xaricdə yaşayan azərbaycanlıların, Azərbaycan cəmiyyətlərinin fəalyyətlərinin vahid mərkəzdən idarə olunması, onların dövlət qayğısı ilə əhatə olunması və ən əsası da, Azərbaycan diasporunun yüksək səviyyədə formalaşması baxımından müsbət rol oynadı.Ümummilli Liderin siyasi xəttini və dövlət idarəçilik prinsiplərini ardıcıl və layiqli surətdə davam etdirən Prezidentimiz cənab İlham Əliyev də Onun nəzəri və praktiki irsinə dəyər verərək demişdir:
“ 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki, məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dğvlətçiliyin ideoloji əsasları – azərbaycançılıq məfkurəsi formalaşdırıldı.”
Möhtərəm Prezidetimiz cənab İlham Əliyevin ötən 19 il ərzində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, ana dilinin inkişafı və saflılığının qorunmasını, gənclərimizin vətənpərvərlik tərbiyəsini, tarixi irsimizin yaşadılmasını, uzun əsrlərdən bəri bir tarixi və ümummilli dəyər kimi cəmiyyətimizdə formalaşmış tolerantlıq və multikultural dəyərlərin möhkəmləndirilərək gələcək nəsillərə ötürülməsini dövlət siyasətinin əsas prinsiplərinə çevirməsi Onun Heydər Əliyev ideologiyasına sadiqliyinin göstəricidir.Cənab Prezidentimizin rəhbərliyi və siyasi qətiyyəti ilə, Azərbaycan Respublikası özünün inkişaf dövrünü yaşayır. Prezident cənab İlham Əliyev beynəlxalq müstəvidəki mövcud mürəkkəb siyasi vəziyyətdə düşünülmüş və məqsədyönlü siyasət yürüdür, dövlətimizi beynəlxalq arenada layiqincə təmsil edir. Bu, danılmaz bir faktdır ki, son 19 ildə Azərbaycanın keçdiyi yol, daxili və xarici siyasətdə qazandığı uğurlar məhz Prezident cənab İlham Əliyevin şəxsiyyəti, xarizması, liderlik keyfiyyətləri ilə bağlıdır. Daha dəqiq desək, cənab İlham Əliyevin rəhbərliyi ilə bəhs edilən dövrdə həyata keçirilən genişmiqyaslı işlər, həyatımızın bütün sahələrinin inkişafına hədəflənən islahatlar nəticəsində Azərbaycan regionun lider dövlətinə, beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanması isə cənab İlham Əliyevin siyasi cəbhədə olduğu kimi, hərb meydanında da yüksək liderlik keyfiyyətini bütün dünyaya nümayiş etdirdi.
-Və, təbii ki, bu uğurlu siyasi strategiyanın əsasında Heydər Əliyevin bir örnəyə çevrilmiş azərbaycançılq ideologiyası, mükəmməl dövlət idarəçiliyi prinsipləri və bir də, Azərbaycan xalqının vahid inamı və dəstəyi durur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.
-Qətiyyətlə deyə bilərik ki, indi tariximizin möhtəşəm bir zirvəsi var – o da Heydər Əliyev zirvəsidir.
Faiq Muradov –RİH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri.
Bir 13 kişi ve ayakta duran insanlar görseli olabilir

Daha çox xəbərlər