Cəmiyyət 

İstilik təchizatında islahatlar: Hansı məsələlər prioritet olacaq?

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, sənəd istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyətinin gücləndirilməsi, səmərəliliyin artırılması, bu sahəyə ayrılan subsidiyaların mərhələli şəkildə aradan qaldırılması və istehlakçıların istilik təchizatına olan tələbatının etibarlı şəkildə ödənilməsinin təmin edilməsi məqsədi daşıyır.

Maraqlıdır, bəs bunlara nail olunması üçün hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

Əvvəlcə ondan başlayaq ki, istilik təchizatı sahəsində nəzərdə tutulan tədbirlərə ən tezi 2023-cü ildən başlanılacaq. Belə ki, Sərəncamda Energetika Nazirliyinə təkliflərini 9 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb. Nazirlik tanınmış beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə xidmət səviyyəsinin yüksəldilməsi, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflər hazırlamalıdır. Həmçinin  Nazirlər Kabinetinə verilmiş tapşırıqlar üçün də 9 ay müddət müəyyən edilib.

Müstəqillik illərindən bəri ölkənin kommunal xidmətlər sferasının əksər sahələrində köklü dəyişikliklər olsa da bunun özünü istilik təchizatında göstərmədiyi reallıqdır. İstiliyə olan tələbat isə müxtəlif yollarla ödənilməkdədir. Nəticədə xidmətin aşağı səviyyədə olması səbəbindən mənzillərin istilik təchizatındakı pərakəndəlik bir tərəfdən əhalinin xərcini artırır, digər tərəfdən bu sahəyə ayrılan dövlət vəsaitinin effektivliyini azaldır. Hərçənd ki, yüksək səviyyəli xidmət olardısa nə əhali əlavə xərcə düşməzdi, nə də dövlət büdcəsindən vəsait ayrılmasına ehtiyac yaranardı.

Hazırkı idarəetmə sayəsində  bu sahəyə məsul olan “Azəristiliktəchizat” isə  istilik üçün xammal olan təbii qaza görə borcunu belə ödəyə bilmir. Təsadüfi deyil ki, Səhmdar Cəmiyyətin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev ötən ay bildirib ki, “Azəristiliktəchizat” müxtəlif qurumlara olan borclarının 70-80 faizini dövlət büdcəsindən aldığı subsidiya hesabına ödəyir. O, bunun səbəbini istilik tarifinin mənzillərin ümumi sahəsinə görə deyil, yaşayış sahəsinə görə müəyyən edilməsi ilə izah edib. Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarı ilə istilik xidmətinin qiyməti əhali abonentləri üçün 1 kvadratmetr yaşayış sahəsi üzrə aylıq 15 qəpik təşkil edir.Həmçinin qeyri-əhali üzrə (sosial obyektlər) xidmət haqqı bir kubmetr isidilən həcm üçün aylıq 25 qəpik təşkil edir. İsti su tarifləri isə 2017-ci il yanvarın 1-dən dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb və faktiki xərclər nəzərə alınmaqla “Azəristiliktəchizat” özü müqavilə əsasında müəyyən edir.

Lakin ASC-nin subsidiyadan asılılığının yüksək olması həmçinin xidmət haqlarının yığımının aşağı səviyyədə olması ilə bağlıdır ki, bu da göstərilən xidmətdən irəli gəlir. Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib ki, ötən il Səhmdar Cəmiyyətinin istehlakçı qrupları üzrə 15 milyon 397,2 min manat dəyərində xidmət göstərməsi müqabilində daxilolmaları 13 milyon 528,7 min manat və ya 1 milyon 868,5 min manat az olub. Qurum göstərdiyi xidmətin dəyərinin 87,9  faizini o cümlədən əhali istehlakçıları üzrə 74,2 faizini yığa bilib. Başqa ifadə ilə ötən il əhali qrupu  üzrə hər 4 istifadəçidən 1-i xidmətə görə ödəniş etməyib.

İ. Mirzəliyev deyib ki, “Azəristiliktəchizat” ASC bu il təqribən 31-32 milyon manat dəyərində təbii qaz işlədəcəyini planlaşdırır: “Əlimizdə olan resurslarla təqribən bunun 28 milyon manatını ödəyəcəyik. Ortada yaranan 4 milyon manatlıq kəsirin noyabra qədər bağlanması üzərində işləyirik. Əvvəllər noyabr ayı başlayanda 35-40 milyon manat borcumuz olurdusa, bu il o qədər olmayacaq. Hər ay 2-3 milyon manat ödəyib noyabra qədər bu borcu tam bağlayacayıq”. Hərçənd ki, qarşı tərəf təbii qaza görə olan borcun məbləği ilə bağlı başqa fikirdədir. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, “Azəristiliktəchizat” ASC bu mövsümü  quruma 41 milyon manat debitor borcla başa vurub.

Nazirlər Kabinetinin hesabatında qeyd edilib ki, təkcə 2021-ci ildə Azərbaycanda istilik enerjisi tariflərinin maya dəyərindən aşağı olması ilə əlaqədar ayrılmış subsidiya məbləği nəzərə alınmaqla “Azəristiliktəchizat” ASC-nin zərəri 14 milyon 145,3 min manat olub. Ancaq belə görünür ki, sözügedən Sərəncamla qurumun zərərlə fəaliyyət göstərməsinə son qoyulacaq. Eyni zamanda, bu sahəyə dövlət vəsaitlərinin ayrılması mərhələli şəkildə də olsa aradan qaldırılacaq. Belə ki, sənəddə deyilir ki, Nazirlər Kabineti Energetika, İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılmasını təmin etməlidir.

Onu da əlavə edək ki, ötən ay qurumdan “Report”a bildirilmişdi ki, ilk növbədə büdcə və digər təşkilatlara aid ayrıca tikili olan binaların girişində istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur ki, bu da uçot sisteminin təkmilləşdirilməsi və hesablaşmaların daha dəqiq aparılmasına imkan verəcək. Amma SSRİ dövründən qalan çoxmənzilli yaşayış binalarında fərdi qaydada hər mənzildə sayğac quraşdırılması mümkün deyil. Bunun üçün istilik xətləri bu binaların girişlərinə (pilləkən qəfəslərinə) çıxarılaraq yeni sxem üzrə yığılmalıdır. Bu tip binalarda istilik sayğacının binanın girişində quraşdırılması, bina mülkiyyətçisi və ya balans saxlayıcısı ilə müqavilələrin bağlanması təklif edilir. Mülkiyyətçi bu halda mənzilin sahəsinə görə sakinlər arasında istifadə olunan istiliyin dəyərini bölüşdürərək istilik haqlarının ödənişini təmin edə bilər.

Ölkə başçısının imzaladığı Sərəncama uyğun olaraq, eyni zamanda, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Nazirlər Kabineti bundan başqa, enerji resurslarından səmərəli istifadə edilməsi və tikinti obyektlərində optimal istilik təchizatı sistemlərinin tətbiqi məqsədilə isti su və istilik təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktların hazırlanmasını və ya təkmilləşdirilməsini təmin etməlidir. Qurumun görəcəyi işlərdən biri də Energetika Nazirliyinin təklifləri əsasında “İstilik təchizatı haqqında” Qanunun layihəsini ölkə başçısına təqdim etmək olacaq.

Daha çox xəbərlər