Azərbaycan-Türkiyə: Dost, qardaş, müttəfiq…
Prezident İlham Əliyev: Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik
Tarixi köklərə, ortaq dilə, dinə, mədəniyyətə malik, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar. İkinci Qarabağ müharibəsində də qardaş Türkiyənin Azərbaycana sarsılmaz dostluq mövqeyini gördük, güclü dəstəyini hiss etdik. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca önəmlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib.
Qırx dörd günlük Vətən müharibəsində Türkiyə Cümhuriyyətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın ən bariz nümunəsidir. Həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Türkiyə bütün beynəlxalq təzyiqlərə sinə gərərək Azərbaycana qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Təbii ki, Azərbaycan və Türkiyənin siyasi-hərbi rəhbərliyinin qarşılıqlı intensiv səfərləri Ermənistanda qorxu və vahimə yaratmaqla yanaşı, onun havadarlarına da siyasi baxımdan mesaj idi. Təcavüzkar ölkə və onun noxtasını əllərində saxlayan dairələr, Ermənistan vasitəsi ilə Cənubi Qafqazda öz çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək.
Qardaş Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. 44 günlük Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, dəfələrlə bildirib ki, Türkiyə və Azərbaycan arasında bundan sonra da müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq davam etdiriləcək. Dövlətimizin başçısı Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması ilə Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsini tarixi hadisə adlandırıb.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qırx dörd günlük Vətən müharibəsində işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfəri Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin Qarabağın tacı olan Şuşa şəhərində iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü idi. Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi qardaşlığımızın və birliyimizin sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı bildirib ki, iki qardaş ölkə hər zaman- xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də bir olub. İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Dövlətimizin başçısı qeyd edib ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması iki dövlət arasındakı əlaqələri müttəfiqlik səviyyəsinə qaldırdı: “Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik. İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər- Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”.