Mediaya dövlət dəstəyi davamlıdır
Bu gün inkişaf edən Azərbaycan dövləti güclü və peşəkar mətbuatın formalaşmasında da maraqlıdır. Ona görə ki, mətbuat «dördüncü hakimiyyət»dir və həm ölkənin idarəedilməsində, həm də inkişafında onun xüsusi missiyası var. Azərbaycan dövlətinin milli mətbuatımızın inkişafında maraqlı olması onun bu sahəyə göstərdiyi hərtərəfli qayğıdan da aydın görünür. Belə ki, mətbuata göstərilən dövlət yardımı hər il davamlı olaraq artır. Xüsusilə Prezident İlham Əliyevin hər il Milli Mətbuat Günü ilə əlaqədar peşəkar jurnalistlərin fəxri adlarla təltif etməsi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) xətti ilə qəzet redaksiyalarına, hətta müxalifət mətbuatına ayrılan maliyyə yardımları bu sahədə çox böyük hadisə kimi qiymətləndirilir. Bu da önəmli faktdır ki, mətbuata göstərilən belə dövlət dəstəyi digər xarici ölkələrdə mövcud deyildir. Bununla da Azərbaycan dövləti obyektiv və qərəzsiz mətbuatın inkişafında maraqlı olduğunu dünyaya həmişə açıq şəkildə göstərib. Həmçinin dövlətimiz bu faktla mətbuatın cəmiyyətdəki yerini də yüksək dəyərləndirmiş olur. Təbii ki, Azərbaycan dövlətinin göstərdiyi bu kimi dəstəklərdə məqsədi medianın müstəqilliyinin təmin edilməsidir.
Ötən həftə Azərbaycan dövlətinin mətbuatımıza daha bir dəstəyinin şahidi olduq. Belə ki, 2021-ci ilin dekabr ayının 3-də Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilmişdir. Dəyişikliyə görə, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar müvafiq dəyişikliyə dair siyahının təsdiq olunması Nazirlər Kabinetinə həvalə olunmuşdu. Bu ilin mayın 13-də isə Azərbaycanın Baş naziri bununla əlaqədar müvafiq qərarı imzalayıb. Xüsusilə Nazirlər Kabineti idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısını təsdiq edib.
Bu qərar çap mediası məhsullarının maya dəyərinin və onların istehsal xərclərinin ciddi şəkildə azalmasına, nəticədə bu sahədə fəaliyyət göstərən subyektlərin inkişafına təkan verəcək. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən mətbuata verilən açıqlamalarda bildirilir ki, artıq Prezidentin müvafiq Fərmanından və «Media haqqında» Qanunda əks olunan müddəalardan irəli gələn media subyektlərinin işinin təkmilləşdirilməsinə və onların iqtisadi müstəqilliyinin gücləndirilməsinə yönələn layihələr geniş şəkildə həyata keçirilməyə başlanılıb.
Bu bir gerçəklikdir ki, ƏDV-dən azad edilən kağız və çap məhsulları qəzet redaksiyalarına əlavə gəlir mənbəyi yaradacaq. Çünki redaksiyaların xərclərinin azaldılması həm jurnalistlərin iş şəraitlərinin yaxşılaşmasına, həm də onların əməkhaqlarının artmasına yeni imkanlar yaradacaq. Bir sözlə, bu Fərmandan irəli gələn müddəaların gerçəkləşməsi birmənalı olaraq obyektiv jurnalistikanın inkişafında yeni mərhələ olacaq.
Bu, bir önəmli gerçəklikdir ki, xalqımızın dilini, tarixini, milli-mənəvi dəyərlərini, qoruyan, eyni zamanda, ona yeniliyi, modern demokratik meyarları da gətirən məhz milli mətbuatımızdır. Son bir neçə ildə Azərbaycanda demokratik dəyərlərin inkişafında, seçki maarifçiliyinin təbliğində önəmli rol oynayan Azərbaycan mətbuatının bundan sonra da vətəndaş cəmiyyəti quruculuğundakı yeri yüksəklərdə olacaqdır. Ona görə ki, Azərbaycan dövlətinin mətbuata qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə peşəkar mətbuat işçiləri formalaşır və onların ictimai rəyə təsir imkanları davamlı olaraq artır.