Cəmiyyət 

Multikulturalizm və tolerantlıq: Unikal dəyərlər sistemi

Azərbaycan müxtəlif  sivilizasiyaların və mədəniyyətlərin  qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və dini konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı dövlət olaraq tanınıb.  Multikulturalizm və tolerantlıq tarixi boyu azərbaycanlıların həyat tərzi olub.

Bununla bağlı Azərbaycanda yaşayan dini icmaların liderləri də hər zaman bütün tədbirlərdə müsbət fikirlərini bildiriblər. Onlar Azərbaycan xalqının öz təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər. Ölkəmizdə aparıcı etnos olan Azərbaycan türkləri ilə yanaşı, laklar, rutullar, talışlar, ləzgilər, udinlər, tatlar, kürdlər, buduqlar, ceklər, gürcülər və digər kiçik etnik qruplar bu dövlətin onlar üçün yaratdığı konstitusion hüquqlardan, imkanlardan ayrı-seçkilik olmadan istifadə edirlər. Öz dillərini, mədəniyyətlərini,  adət-ənənələrini qoruyub inkişaf etdirirlər, gələcək nəsillərə ötürürlər.

Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam  tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Multikulturalizm sözü ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir. Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus  insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərinin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib.

Tolerantlıq müxtəlif mədəniyyətlərdə çoxşaxəli və birmənalı anlayış deyil. Tolerantlıq latınca “tolerare” kökündən törəyib və “dözmək, səbir etmək, tab gətirmək, göz yummaq, icazə vermək, fikir verməmək, yaxşı qarşılamaq” mənalarını verir. Tolerantlıq türk dilində “xoşgörü”, ərəb dilində “musamihə” terminləri ilə paralellik təşkil edir. Tolerantlığın başqalarının inanc və düşüncələrinə hörmət etmək mənaları da mövcuddur.

Multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə sülh deməkdir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı da çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Çünki multikulturalizm cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərar olmasıdır.

Çoxmədəniyyətlilik ideyasının bu və ya digər cəmiyyətdə davamlı olması üçün ən zəruri amil həmin cəmiyyət üzvləri arasında qarşılıqlı dözümlülük, tolerantlıq hissinin olmasıdır. Bu olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.  Müasir dövrdə tolerantlıq ənənələrinin təbliğini və yayılmasını əhəmiyyətsiz hesab edənlər də var. Bunlar əsasən Qərb ölkələridir. Onlar hesab edirlər ki, əgər bir cəmiyyətdə dini, milli, irqi mənsubiyyətindən asılı olmayaraq, insan hüquq və azadlıqları təmin edilirsə, demək, həmin cəmiyyət tolerantdır və tolerantlğın ayrıca təbliğinə də gərək yoxdur. Təbii ki, bu problemə bu cür yanaşma ilə razılaşmaq mümkün deyil.

Ölkəmizdə milli, dini tolerantlığın yüksək səviyyədə olmasının nəticəsidir ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan, həmçinin bu məqsədlərə xidmət edən Beynəlxalq Humanitar forumlara, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 4-cü dəfə mədəniyyətlərarası dialoqun müzakirəsinə uğurla ev sahibliyi edib.

Azərbaycan xalqı hər zaman digər dinlərə, qruplara məxsus abidələri, ibadətgahları qoruyub. Onların mühafizəsinə xüsusi həssaslıqla yanaşıb. Bu unikal dəyərlər sistemi əsrlərin sınağından alnıaçıq çıxıb. Azərbaycan xalqını bir yumruq kimi birləşdirib.  Bunun əyani subutu 44 günlük Vətən müharibəsidir. Azərbaycanda yəhudisi, tatı, ləzgisi, kürdü, ceki, rutulu, avarı, udini, talışı ilə hər  kəs işğalçı və vandal erməni hərbi-terrorçu birləşmələrinə qarşı dəmir yumruq kimi birləşərək  müqəddəs Vətənin müdafiəsinə qalxdı, üçrəngli  bayrağımızı işğaldan azad olunan ərazilərimizdə dalğalandırdılar.

Elə bunun nəticəsidir ki, dünyanın müxtəlif nöqtələrindən Azərbaycandakı multikulturalizm dəyərlərinə baxış sərgiləyən beynəlxalq ictimaiyyət ölkəmizdəki bu dəyərlər sisteminin orijinallığına çox yüksək qiymət verirlər.

Daha çox xəbərlər