”Qarabağa dönüş ənənəvi ailə dəyərlərinin mökəmlənməsi üçün…”
“Ailə günü” hər birimizin, bütövlükdə cəmiyyətin və dövlətin diqqətini ailə məfhumuna, ailə institutuna yönəltməsi üçün bir imkandır.Heç kəsə sirr deyil ki, mili varlığımızı qoruyan bu sosioloji fenomenin yaxın onilliklərdə qlobal miqyasda məruz qaldığı təsirlər son yüz illə müqayisədə daha da artıb. Universal xarakterinə görə beynəlxalq institut kimi ən güclü təməl, dövlətin sütunu sayılan ailə indi qlobal məkanda tədricən milli-mənəvi dəyərlər zəncirinin zəif həlqəsinə çevrilir. Yaxın dövrün Qərb təcrübəsi iqtisadi-maliyyə probelmlərinin, dünyada sabitliyə olan təhlükələrin əvəzinə böyük ailə böhranlarına tranfser edir.
Belə şəraitdə Azərbaycanın möhkəm ailə institutunun əsrlər boyu müxtəlif sınaqlara və təhdidlərə qatlaşmaq, mətinliklə sinə gərmək, fərqli ideoloji və siyasi quruluşlarda özünü qorumaq qabiliyyətini xüsusi vurğulamalayıq.Biz ailəni nəcib, mərhəmətli və müqəddəs dəyərlərin cəmləşdiyi isti ocaq, əsas dayaq nöqtəsi, əxlaq mənbəyi kimi görən bir millətin mənsublarıyıq.
Son 100 ildə məruz qaldığımız ərazi işğalları və müstəqillikdən sonra ölkəmizin xüsusən də milli-mənəvi dəyərlər baxımından sistemli hücumlara, radikal dəyişiklikləri, aşınmanı təşviq edən dairələrin təzyiqinə hədəf olması bir faktdır.Təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzinin Ailə, Qadın və Uşaq məsələri Komitəsinin sifarişi ilə həyata keçirdiyi araşdırmadan bir neçə məqamı bu mötəbər tədbirdə səsləndirməkdə fayda görürük:
• Ailə institutu inkişafın bir neçə – patriarxal və ya ənənəvi, uşaq mərkəzli və ya müasir mərhələlərindən keçib, hazırda postmodern, eyni zamanda natamam və çoxsaylı alternativ ailə modellərinə doğru yön alıb.
• Dəyərlər sisteminin qərbləşməsi, neoliberal Qərb dəyərlərinin dünyaya aqressiv təbliği və mədəni hegemonluq vasitəsilə yayılmasını görürük;
• Fərdiyyətçiliyin kollektiv-ailə dəyərlərini üstələməsi bir faktdır.Qadınlar və kişilər arasında sosial rolların yenidən bölüşdürülməsinə yönələn ifrat ideologiyalı sosial hərəkatların səfərbərliyi, anarxo-feminist fəaliyyətin genişlənməsi ilə uşaqların tərbiyəsi ilə dövlətin məşğul olması, yaxud ümumiyyətlə uşaqların olmaması, analığın hər bir qadına xas mütləq missiya olmadığını, patriarxal üsuli-idarənin, ənənəvi ailə modelinin qadın üzərində hakimiyyətini təmin etmək üçün yaradıldığını iddia etməklə ailə dəyərlərinin təhrif edilməsi və sıradan çıxarılmasında xüsusi və mütəşəkkil qlobal miqyaslı fəaliyyət özünü göstərir.
• Medianın “əbədi gənc” təbliğatı ilə “özü üçün yaşamaq”, ümumiyyətlə ailə qurmamaq, evlilikdən daha çox antiailə dəyərlərini təbliğ etmək bir gerçəklikdir. Valideyn olmaqdan şüurlu surətdə imtina edən,yaxud “uşaqsız ailə” modelinə şüurlu surətdə seçim edənlər mühüm bir sıqnaldır.
• Ölkəmizdə möhkəm, fədakar, qalib azərbaycanlı ailəsinə xas olan dəyərləri təbliğ edən televiziya verilişlərinin azlığı fonunda 24/7 rejimində Azərbaycan ailə modelinə tarixən xas olmayan-ailələrdə xəyanət, övladlardan imtina, məişət zorakılığı, ailə münaqişələri, erkən nikahlar və s. antisosial dəyərləri təbliğ edən süjetlərin tirajlanması taleyüklü bir çağırış kimi qəbul olunmalıdır.
Bir neçə kəlmə də əhali və boşanma artımına dair statistik məlumatlara dair fikirlərimizi bölüşmək istərdik.Ölkə əhalisinin sayının artması əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalının sabit qalması, miqrasiyanın müsbət saldo ilə izlənilməsi və doğulanda gözlənilən ömür uzunluğunun yüksəlməsi ilə bağlıdır. Lakin son 10 ildə əhalinin hər 1000 nəfərinə düşən nikahların ümumi əmsalı 8,9-dan 3,5-ə düşüb. Həmin müddətdə əhalinin hər 1000 nəfərinə boşanmaların ümumi əmsalı 1-dən 1,5-ə qədər artıb. Belə ki, 2010-cu ildə nikahların sayı 79.172, boşanmaların sayı 9.061, 2020-ci ildə isə nikahların sayı 35.348,boşanmaların sayı 14.628 olub. Ölkədə ümumnəsilvermə əmsalında da azalma müşahidə edilir. Belə ki, 2010 ci ildə bu əmsal 2,3 idisə, 2020-ci ildə 1,7-ə qədər düşüb. Son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Belə ki, 2010-cu ildə əhalinin hər 1000 nəfərinə bu göstərici 18,5 idisə, 2020-ci ildə bu göstərici 12,7-yə qədər enib. Müqayisə üçün deyək ki, boşanma statistikası Qərb ölkələrində-Avropa Birliyində 1000 nəfərə düşən 8 evlilikdən 3.1-nin, ABŞ-da 3-nün, Rusiyada isə ən böyük-4.7-nin dağılması faktını təşkil edir. Xatırladaq ki, Azərbaycanın son 60 illik tarixində boşanmaların, ailələrin dağılmasının ən yüksək həddi 1990-cı ildə baş verib-1000 nəfərə düşən 10 evlilikdən 2-si dağılıb. Göründüyü kimi, ölkəmizin həyatında baş verən qlobal və lokal dəyişikliklər birbaşa ailə institunun sabitliyinə təsir edir.
Hörmətli dostlar, Azərbaycan indi yeni tarixi mərhələyə – Qarabağın azad edilməsi ilə başlayan yeni dövrə qədəm qoyub. Ölkəmizdə 1 milyondan artıq insanla bağlı işlədilən “qaçqın və məcburi köçkün ailəsi” ifadəsi tarixə qovuşur. “Böyük Qayıdış” nəticəsində həmin ailələr doğma torpaqlarına qovuşacaqlar. Beləliklə, xalqımızın ailə sahəsində onilliklərlə mövcud olan ümummilli problemi həll edilib və milyonları əhatə edən qaçqın ailələr bundan sonrakı talelərində bir daha köçkünlük yaşamayacaqları inamı ilə baxır.İndi qalib Azərbaycan ailəsi, iki Qarabağ müharbəsində 23 mindən artıq şəhid verən və işğalla barışmayan məğrur azərbaycanlı ailəsi dünyada özünə qüsusi rəğbət və diqqət qazanıb.Prezident İlham Əliyev həmin Azərbaycan ailəsini qələbəyə gətirən dövlət siyasətinin önündə gedərkən, onun yaxın ailə üzvləri də bu milli mübarizədə onunla çiyin-çiyinə addımlayıblar. Öz təbii coğrafi mövqeyi ilə doğma Qarabağ, alınmaz qala olan Şuşa həm də əsrlər boyu ailə dəyərlərimizin sarsılmaz nümunəsi, möhkəm ailə bağlarının bir simvolu və uşaqlarımızın mədəni-ruhi beşiyidir. Qarabağın tarixi dövrün siyasi, təhlükəsizlik və digər tələbləri baxımından sarsılmaz ailə qalası olduğunu göstərir.Bu baxımdan hazırkı tarixi məqamda doğma “Qarabağa dönüş” ənənəvi ailə dəyərlərinə sahib çıxmaq, yaşatmaq, gücləndirmək üçün yeni fürsətlər açır.
Beləliklə, dünya və ölkəmizdə yaşanan yeni çağırışlar fonunda hörmətli Bahar xanım Muradovanın rəhbərlik etdiyi Dövlət Komitəsi ailə dəyərlərinin qorunması, gücləndirilməsi baxımından son dərəcə əhəmiyyətli vəzəfələr qarşısındadır. Məmnunluq hissi ilə qeyd etmək istərdik ki, son iki ildə Komitə sədri kimi Bahar xanımın gördüyü işlər, eləcə də son dərəcə peşəkarlıqla hazırlanan və obyektiv mənzərəni görməyə imkan verən məruzələriin parlamentdə dinlənilməsi yeni dövlət siyasətinə dair ölkə rəhbərinin tələblərinə və gözləntilərinə tam uyğundur.Lakin təkcə inzibati strukturlar deyil, bütövlükdə cəmiyyət min illərdən gələn dəyərlərimizi qoruyub saxlamaq, böyüklərimizin irsinə sahib çıxmaq, bu sərvəti nəsildən-nəslə ötürmək, gənclər milli ruhda və sağlam tərbiyələndirmək baxımından ənənəvi ailə modelini gücləndirilmək üçün birgə çalışmalıdır.
Əminliklə qeyd etmək olar ki, Azərbaycan dövlətinin, ənənəvi dəyərləri “ən böyük sərvət” adlandıran Ulu öndərin xalqımızın varlığı ilə bağlı “sağlam və güclü ailə hədəfləri, ailə kiçik dövlət, dövlət böyük ailədir” fəlsəfəsi ən böyük milli təhülkəsizlik kursudur.Ailə institutuna sahib çıxmaq bir millətin öz gələcəyinə ən böyük sərmayəsidir.Ona görə də Dövlət Ailə strategiyasının hazırlanması ilə Azərbaycanda Britaniya və digər ölkələrdə olduğu kimi Komitənin Ailə və Sosial xidmətlər Nazirliyinə çevrilməsini arzu etmək istərdik.Bu təkcə status dəyişikliyi deyil, həm də dövlət siyasətinin hərətəfli həyata keçirilməsi üçün daha böyük fürsətlər açar.
Bu əlamətdar tədbirdə xoşbəxt ailə ocaqlarını daha güclü cəmiyyətə, sülh və əmin-amanlığın hökm sürdüyü dünyaya açılmasını diləyərək, bir daha hər birinizə tükənməz sevgi və ailə səadəti arzulayırıq!
Zahid Oruc:

