Əsas səhifə 

Azərbaycan öz liderlik missiyasını uğurla yerinə yetirir

İştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrini uğurlu sonluqla yekunlaşdıran ölkəmizin işğaldan azad edilmiş əraziləriimizdə bərpa-quruculuq işlərini də zamanında başa çatdırması üçün imkanlar mövcuddur

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri  dövlətlər, xalqlar arasında körpü rolunu oynamaqla yanaşı, həm iştirakçı, həm də dünya dövlətlərinin enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Çıxışlarında daim Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs edən dövlət başçısı İlham Əliyev bildirir ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Bu fikirlər ulu öndər Heydər Əliyevin tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından əvvəl  söylədiyi “Dünya təcrübəsi göstərir ki,  heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” tezisinin davamı kimi dəyərləndirilir.

Əməkdaşlığın regional çərçivədən çıxaraq  beynəlxalq səviyyəyə yüksəlməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.  Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərək  üçtərəfli regional əməkdaşlıq formatı yaratmışdır. Artıq bu gün çoxtərəfli əməkdaşlığın əsası kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin, onun əsas tərkib hissələri olan TANAP və TAP-ın iqtisadi və siyasi əhəmiyyətindən geniş bəhs edilir. Prezident İlham Əliyev daim  bu fikri önə çəkir ki, BTC və BTƏ  neft-qaz layihələri icra edilməsəydi, bu gün Cənub Qaz Dəhlizindən  danışmaq qeyri-mümkün idi: “Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.»

30 ildən artıq   müstəqillik tarixinə malik olan Azərbaycanın  qazandığı uğurların miqyasına  diqqət yetirsək  ulu öndər Heydər Əliyevin  “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin bütün dövrlərdə aktuallığını qoruyub saxladığını qeyd edə bilərik.  Azərbaycana artan  maraq, inam ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin say  tərkibinin genişlənməsindən aydın görünür.  Son 18 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi  280  milyard dollara yaxındır. Bu investisiyaların yarıdan çoxunu  xarici investisiyalar təşkil edir.

Xatırlasaq, dövlət başçısı İlham Əliyev  2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində də iqtisadi amilin qarşıdakı illər üçün perspektivlərin müəyyənləşdirilməsində  rolunu xüsusi qeyd etmişdi.  “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına cavab olaraq ölkə Prezidenti bildirmişdi ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Ölkə Prezidenti bu reallığı da vurğulamışdı ki, artıq bu istiqamətdə çox böyük işlər görülüb.

Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüz üçün möhkəm baza formalaşdırıb. “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi imkanlarının artmasına yol açdı.   Azərbaycanın bütün iqtisadi göstəriciləri onu göstərir ki, ölkə dinamik şəkildə inkişaf edir. 2003-cü ildən sonrakı dövrdə qeyri-neft sektorunun inkişafının prioritetliyi  uğurlu neft siyasətinin məntiqi davamıdır.  Dövlət başçısı İlham Əliyev enerji sektorundan asılılığın minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Cənub Qaz Dəhlizi layihəsinin uğurlu sonluqla başa çatması uğurlarımızın təqdimatı oldu.  Prezident  bildirir ki, bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir.

Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP 2020-ci ilin 31 dekabr tarixində istifadəyə verildi. Bu o dövr idi ki, ölkəmiz 44 günlük İkinci Qarabağ müharibəsindən Zəfərlə çıxmışdı, eyni zamanda, dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, məhdudiyyətlər hələ də mövcud olaraq qalırdı. Dövlət başçısı İlham Əliyev  mübarizə tədbirlərinə başlandığı gündən iqtisadi islahatların dayanıqlığının təmi ediləcəyini, heç bir sosial layihənin təxirə salınmayacağını bildirmişdi. 2019-cu ilin sonlarından bugünədək baş verən hadisələrə diqqət yetirsək, Azərbaycanın malik olduğu iqtisadi imkanların qarşılaşdığı hər bir çətinliyi uğurla dəf etməsinə imkanlar yaratdığını görərik. Buna əsas verən amil təbii ki, iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması, enerji sektorundan asılılığın minimuma endirilməsi üçün görülən işlərin uğurlu nəticə verməsidir.

Bu faktı da qeyd edək ki, «Əsrin müqaviləsi»nin imzalanmasından öncə Azərbaycanın malik olduğu   imkanların təqdimatında  beynəlxalq neft-qaz sərgiləri əhəmiyyətli rol oynadı. 2019-cu ildə XXVI Neft-Qaz sərgisi keçirildi. Ondan sonrakı dövrdə  koronavirus infeksiyaı ilə mübarizə tədbirlərinin məhdudiyyətlərinə görə  bu sərgininin keçirilməsində fasilə yarandı. Məlum olduğu kimi, 2022-ci il iyunun 1-dən 3-dək Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçiriləcək. Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsi XXVII Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Bərpa Olunan Enerji” Sərgisini, eləcə də “Xəzər Neft və Qaz” Konfransının davamçısı olan Bakı Enerji Forumunu bir araya gətirəcək. Bu il ənənəvi “Xəzər Neft və Qaz” Sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən 250-dən çox şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirəcək. İştirakçıların siyahısına Almaniya, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə,  Xorvatiya və Yaponiyanın şirkətləri daxildir. Sərginin ekspozisiyası neft və qazın nəqli və hasilatı, innovativ texnologiyalar, texniki xidmət, kimya sənayesi istiqamətlərdə yer tutacaq. Burada cari və perspektiv neft-qaz layihələri də müzakirə olunacaq.

Nəticə etibarilə, sərgilər və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr yaratmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı verərək, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək. Bir mühüm məqamı da nəzərə alaq ki, Azərbaycan postmünaqişə dövrünün reallıqlarını yaşamaqla yanaşı, onların qəbulu və təqdimatı istiqamətində səylər göstərir və nəticə göz önündədir.  Hazırkı dövrdə bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasında maraqlı olan Avropa İttifaqı ilə ölkəmizin əlaqələrinin inkişaf səviyyəsi məlumdur. Azərbaycan quruma üzv dövlətlərin üçdə ikisi ilə əməkdaşlıq memorandumu imzala     yıb. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» sənədində Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək dəyərləndirilir. Əminliklə qeyd edə bilərik ki, postmünaqişə dövrünün reallıqları fonunda regionda və dünyada söz sahibliyini möhkəmləndirən Azərbaycan bundan sonra da yeni-yeni enerji layihələrinin təşəbbüskarı kimi çıxış edəcək və uğurlu sonluqla başa çatmasına nail olacaq.

Qeyd etdiyimiz kimi, gündəmə gətirilən və uğurlu sonluqla başa çatan enerji layihələri ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə həm maliyyə imkanlarını artırır, həm də siyasi mövqeyini möhkəmləndirir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla yerinə yetirir. Azərbaycan  bu tarixi layihəni – 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçirdi.  Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır.

Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirən Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, çoxtərəfli əməkdaşlığın təşəbbüsçüsü və onları gerçəkləşdirən ölkə kimi tanınır. “Əsrin müqaviləsi”nin 20 illiyində  Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması, Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatması   Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Regional əməkdaşlığın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan daim yeni-yeni layihələrin gündəmə gətirilməsinə və icrasına səy göstərir. Təbii ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəmdən, təcrübə mübadiləsinə marağından, ən əsası malik olduğu təbii resurslardan səmərəli istifadə etmək istəyindən irəli gəlir.  Məhz keçilən  yola söykənərək cənab İlham Əliyev “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində bildirmişdir ki, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.” Amma bu məqamı da unutmayaq ki,  neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara uğur gətirməmişdir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alması diqqətdən kənarda qalmır. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemlərin yaşanmamasını şərtləndirir. Neft gəlirlərinin təyinatı üzrə xərclənməsi, ədalət prinsipinin yüksək səviyyədə qorunması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların davamlılığından da aydın görünür. Ölkə Prezidentinin vurğuladığı kimi, “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi: “Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.”

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycana nəfəs verən, canlanmasına xidmət göstərən  neft strategiyasının son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu icrası yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə yol  açmaqla yanaşı, hazırda ölkəmizin həyatında əsas mərhələ olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin öz daxili imkanlarımız hesabına həyata keçirilməsini təmin edir.  İlyarımdır geniş vüsət alan bu işlər ölkə iqtisadiyyatının dayanıqlığının göstəricisidir.  Qazanılan uğurlar «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Priortietlər»in təsdiqləməsini şərtləndirdi. Bu Priortietlərə nail olmaqla  həm işğaldan azad edilmiş ərazilərimiz, həm də ümumilikdə ölkəmiz  uzunmüddətli davamlı inkişafını təmin edəcək.

Daha çox xəbərlər