Nə yaxşı ki…
Otuz illik işğal nəticəsində erməni vandalları ekoloji terror törədərək təbiətə böyük zərbə vurublar. Azərbaycanın təbii şəraiti burada aran və dağlıq ərazilərin mövcudluğu ilə fərqli ekoloji sistem təşkil edir. Bu sistemin mərkəzində nadir fauna və flora növləri var. Şuşa dərəsi, Daşaltı mağarası, Topxana meşəsi, Laçın və Kəlbəcər yaylaqları, Süsən və Şükürataz kimi yüksəkliklərə malik Kiçik Qafqaz sıra dağlarının xan Araza baş əyən aşağı ətəkləri, yaşıl kütləli düzənliklər göz oxşayır. Ekoloji terror törədən ermənilər illər boyu məhz bu ekosistemə qənim kəsiliblər.
Bunu elm də sübut edir ki, ekosistemin bəzi komponentləri çatışmayanda, həmin sistemin təbii tarazlığı pozulmağa başlayır, florada məhsuldarlıq azalaraq tədricən məhv olur, fauna növləri isə yaşayış üçün daha yaxşı təbii şəraiti olan yerlərə köç edirlər. Ermənistan tərəfi də bundan xəbərdar olduğu üçün şüurlu surətdə təbiətimizi məhv etməyə çalışıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal nəticəsində 2 qoruq, 4 yasaqlıq dağıdılmış, 269.000 ha meşə sahəsi qəddarcasına qırılmış, həmin ərazilərdə yaşayan və adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş heyvanların 4, quşların 8, balıqların 1, sürünənlərin 3, həşəratların 8, bitkilərin isə 27 növü olmaqla, nadir bitki və heyvanat aləmi məhv edilmişdir.
Vandallar öz bədxah əməllərinin davamı kimi çaylarımızı da zəhərləyiblər. Buna nümunə olaraq Oxçuçayın ekoloji fəlakət zonasına çevrilməsini xüsusi qeyd etmək etmək olar. Bildiyimiz kimi, Oxçuçay Ermənistanın Qafan və Azərbaycanın Zəngilan rayonlarının ərazisindən keçən çaydır. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km olan bu çay başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Sululuğu qar və yağış sularından, eləcə də yeraltı mənbələrdən yaranır. Hələ işğalın davam etdiyi dövrdə keçirilmiş monitorinqlər nəticəsində müəyyən olmuşdur ki, Ağstafaçay və Xramçay çayları Kür çayına qoşulduqdan sonra Kür sularında müxtəlif kimyəvi birləşmələrin, Oxçuçay Araz çayına birləşdikdən sonra isə Araz sularında ağır metalların miqdarı normadan 10-30 dəfə artıq olmuşdur.
Hər il Ermənistan tərəfindən sənaye, kənd təsərrüfatı və məişət tullantıları məqsədli şəkildə təmizlənmədən həmin çaylara axıdılır. Tullantıların tərkibindəki neft məhsulları, fenollar, ağır metallar Azərbaycanda əhalinin sağlamlığına, milli genofonda, ekologiyaya ciddi ziyan vurmaqdadır. Azərbaycanın ekoloji tarazlığının pozulması ermənilərin ekoloji terror siyasətinin əsas istiqamətlərindəndir.
İşağal altında olan nəzarətsiz ərazilərdə təhlükə mənbələrindən biri də Metsamor AES-dir ki, onun radioaktiv tullantıları da qəsdən torpağa basdırılıb. Araz çayına birbaşa çirkab axıdılıb, metal filiz yataqlarının istismarında ekoloji tələbatın gözlənilməməsi Sərsəng su anbarında balıqların kütləvi qırğınına səbəb olub. Arazın çirkləndirilməsi Ermənistan ərazisindən gələn Xonaşen, Qarqarçay, Oxçuçay, Bazarçay, Bəsitçay, Həkəriçay, Köndələnçay, Tərtərçay və Xaçınçay vasitəsilə baş verirdi. Kimyəvi və bioloji cəhətdən çirkləndirilmiş 350 milyon kubmetrdən artıq su kütləsi hər il Ermənistan ərazisindən gələrək Kür çayı hövzəsinə tökülür. Ermənistanın filiz mədənlərinin tullantıları ucbatından Oxçuçay ölü bir çaya dönüb.
Prezident İlham Əliyev ötən ilin fevral ayının 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərdə olarkən bildirmişdir ki, Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək: “Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir.”
Dövlət başçısının 20 oktyabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Sərəncamında qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır: “Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsinə şərait yaradacaqdır”.
Bir az da belə davam etsəydi, daha nələr ola bilərdi? Təsəvvür etmək belə çətindir. Nə yaxşı ki, biz bununla barışmadıq, torpaqlarımızı öz gücümüzlə işğaldan, doğma təbiətimizi, ekologiyamızı amansız erməni vəhşilərindən azad etdik.

