İnvestorlar üçün əlverişli biznes mühiti
Dövlət başçısı İlham Əliyev Azərbaycan-Litva biznes forumunda Azərbaycanın uğurla həyata keçirdiyi şaxələndirmə siyasətindən geniş bəhs edərək bildirmişdir ki, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Özlüyündə yaranan «Nəyə görə» sualına cavab olaraq qeyd edə bilərik ki, təkcə yaxşı investisiya iqliminin olması şərt deyil. Bu sualı cavablandırmaq üçün Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpasından sonra ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətə və bu fonda xarici iş adamlarının tərəddüdlərinə diqqət yetirək. O zaman Azərbaycandakı ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması də inkaredilməzdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən «açıq qapı» siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki, investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər. Bunları yenidən təhlil etməyimizə səbəb əvvəldə qeyd etdiyimiz «Nəyə görə» sualını cavablandırmaqdır. Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensial imkanlardan istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağımız böyük investisiyalar məkanına çevriləcək.
İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Ən əsası isə qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik, iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, – çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, – eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.» Dövlət başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?
Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Ötən 18 ildən artıq dövr ərzində iki milyondan artıq yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdəndir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə özünü büruzə verər. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.
Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib çıxan Azərbaycan dövlət büdcəsi ilə də regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Bu fikir hər zaman qeyd olunur ki, əgər biz doğrudan da inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, hər sahədə şəffaflığın yüksək səviyyədə qorunmasına nail olmalıyıq. O da məlumdur ki, ölkəmiz 2011-ci ildə şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verməsi üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Bu inam ifadə olunur ki, müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə çıxaracaq. Reallıqlara söykənərək ölkə Prezidentinin «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında» Fərmanı bugünümüz üçün geniş imkanlar yaratdı. Strateji Yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Sənədə uyğun olaraq həyata keçirilən tədbirlər, təsdiqlənən Dövlət proqramları, İnkişaf konsepsiyaları və onların uğurlu icrası sonda müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza inamı artırır. Cənab İlham Əliyev hər zaman bildirir ki, atılan addımlar Azərbaycanın inkişafının hərtərəfli və sürətli olmasına xidmət edir.
Məhz bu uğurlarımızın fonunda dövlət başçısı İlham Əliyev Azərbaycan-Litva biznes forumunda bildirmişdir ki, ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Bir daha vurğulanmışdır ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir. Enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi yekunlaşıb. Ölkənin inkişaf dinamikasının əsas göstəricilərinə diqqət yetirək. Cari ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Ölkənin iqtisadiyyatı 7,2 faiz artmışdır. Qeyri-neft sektorunda artım 11,4 faizdir. İxrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. İşsizlik səviyyəsi 5-6 faiz təşkil edir.
Qısa təhlil əsasında bu fikri xüsusi qeyd edə bilərik ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısında geniş imkanla açır. Şaxələndirmə siyasətinin uğurlu nəticələri göz önündədir. Dövlətimiz sahibkarlığın inkişafına xüsusi diqqət göstərərək bütün zəruri olan şəraiti yaradır. Təkcə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı zamanda sahibkarlara diqqət və qayğıya nəzər salaq. Onlar güzəştli kreditlərin verilməsi qarşıya qoyduqları hədəflərə yüksək səviyyədə nail olmalarını təmin edir. Bir sözlə, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkələr sırasında qeyd edir. Qarşıdakı dövrdə ölkəmiz daha möhtəşəm uğurları, iqtisadi göstəriciləri ilə diqqətdə olacaq.

