Gündəm 

Ərzaq böhranı dünyanı sarsıdır

Azərbaycan isə bu imtahandan uğurla çıxmaqdadır

Ukraynadakı müharibə nəticəsində ərzaq və enerji qiymətlərindəki artımlar 2024-cü ilin sonuna qədər davam edə bilər. Bu haqda Dünya Bankının son araşdırmalarında qeyd edilib. Belə halda dünya iqtisadiyyatında daha ciddi problemlərin yaşanması qaçılmaz hesab olunur. Enerji resurslarında qiymət artımı da vəziyyətə mənfi təsirini davam etdirəcək: “Bu il müharibə fonunda enerji qiymətləri 50 faiz artacaq, 2023-2024-cü illərdə isə artım zəifləyəcək. Kənd təsərrüfatı və metalların qiyməti bu il, demək olar ki, 20 faiz artacaq. Növbəti illərdə bu artım yüksələn xətt üzrə davam edəcək. Bütövlükdə bu, 1970-ci illərdən bəri yaşanılan ən böyük əmtəə şokudur. Müharibə uzunmüddətli inflyasiyaya səbəb ola bilər. Ölkələr alternativ ticarət yolları axtararkən, malların istehsalını artırarkən təmiz enerjiyə keçid ləngiyə bilər”.

Beynəlxalq Valyuta Fondunun (BVF) da yenilənmiş “World Economic Outlook” hesabatında bədbin proqnozlar verilir. BVF qeyd edir ki, Ukraynadakı müharibə humanitar böhrana səbəb olub. Eyni zamanda, münaqişənin iqtisadi ziyanı 2022-ci ildə qlobal artımın əhəmiyyətli dərəcədə yavaşlamasına gətirib çıxaracaq və inflyasiyanı sürətləndirəcək. Bundan əlavə, yanacaq və ərzaq qiymətləri sürətlə bahalaşaraq aşağı gəlirli ölkələrdəki həssas əhaliyə daha çox zərbə vuracaq. Yaranmış vəziyyətdə  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ukraynada müharibənin davam etdiyi müddətdə ərzaq qiymətlərinin artmasına qlobal reaksiya verməyə çağırıb. FAO yoxsul ölkələrin dünyada ərzaq qiymətlərindəki artıma xüsusilə həssas olduğunu bildirib və davamlı, qlobal kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün Qlobal Ərzaq İdxalının Maliyyələşdirilməsi Mexanizmi təşəbbüsünü irəli sürüb. FAO-nun baş direktoru Qu Donqyu qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin qlobal bazarlara və ərzaq təhlükəsizliyinə çoxlu təsiri ola bilər: “Qlobal Ərzaq İdxalının Maliyyələşdirilməsi Mexanizmi BMT sistemindəki mövcud mexanizmləri də tamamlayacaq və ciddi şəkildə təcili ehtiyaclara əsaslanacaq. Öyrənilən dərs ondan ibarətdir ki, biz davamlı olaraq dünyada kənd təsərrüfatı istehsalını və məhsuldarlığını artırmalıyıq. Dünyada aclığa və qida çatışmazlığına son qoymaq üçün birlikdə işləməyin vaxtıdır”.

O bildirib ki, ərzaq qiymətləri artıq təxminən iki il əvvəllə müqayisədə kəskin artmağa başlayıb: “FAO-nun Ərzaq Qiymətləri İndeksi 2022-ci ilin martında ən yüksək səviyyəyə çatıb. Bundan əlavə, gübrə və yanacağın qiymətləri də ərzaq istehsalının maya dəyərinə və ümumilikdə dünyada qiymətlərin artmasına səbəb olub. Bu, beynəlxalq səviyyədə logistik maneələr, yüksək nəqliyyat xərcləri və qlobal təchizat zəncirinin pozulması ilə özünü göstərib”. Qeyd edilir ki, gələcək dayanıqlığı artırmaq üçün nəzərdə tutulmuş Qlobal Ərzaq İdxalının Maliyyələşdirilməsi Mexanizmi uyğun ölkələrdən davamlı aqrar sahəyə-ərzaq sistemlərinə daha çox sərmayə qoymağı təklif edir. İndiki halda isə hər bir ölkənin ərzaq təminat səviyyəsi onun qlobal miqyasda baş verən proseslərə müqavimət dərəcəsini müəyyən edəcək.”

Bu fonda Azərbaycanın bitkiçilik, heyvandarlıq və sənaye emalından keçmiş əsas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi məlum olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araşdırması göstərir ki, bitki məhsulları üzrə ən yüksək özünütəminetmə qoz-fındıq (138 faiz), pomidor (131 faiz), meyvə və giləmeyvə (116,3 faiz), nar (112 faiz) üzrə olub. Ən aşağı göstərici isə buğda (57 faiz) və paxlalı bitkilər (60,3 faiz) üzrə qeydə alınıb. Heyvandarlıq məhsulları üzrə ən yüksək göstərici yumurta (100 faiz), qoyun və keçi əti məhsulları (97,3 faiz), ən aşağı göstərici isə donuz əti və ət məhsullarındadır (4,7 faiz). Əsas növ ərzaq məhsulları üzrə təminetmə səviyyəsi ən yüksək meyvə və tərəvəz şirələri (1303,5 faiz), duz (111,3 faiz), marqarin(98 faiz), mineral və qazlı sular (95,9 faiz), unda (95,4 faiz) qeydə alınıb. Bu məhsullar üzrə ən az təminetmə səviyyəsi yarmalar (34,4 faiz) və təmizlənmiş düyü (14,2 faiz) ilə bağlıdır. Lakin Azərbaycan üçün əsas prioritet ərzaqla özünü təminetmə səviyyəsini daha da yüksəltməkdir. Məsələn, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Rusiya və Qazaxıstanın buğda ixracını məhdudlaşdırmasının Azərbaycana təsirini şərh edərkən bildirib ki, ölkə başçısı İlham Əliyevin tapşırığı ilə ərzaqlıq buğdanın istehsalının artılması üçün müzakirələr gedir, təkliflər üzərində işlənilir. Azərbaycanın özünü taxılla təmin etməsi istiqamətində əsas prioritetlərdən biri də məhsuldarlığın artırılmasıdır. Hazırda Azərbaycanın özünü buğda ilə təminetmə səviyyəsi təqribən 60 faiz, ət və südlə təmin etmə səviyyəsi isə orta hesabla 90 faizdir. Aparılan qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə taxılçılığın və heyvandarlığın inkişaf etdirilməsi ilə bu göstəricilər artacaq.

Daha çox xəbərlər