Unikal layihə
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 17 il ötür
Azərbaycanın zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşməsi XX əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən uzaqgörənliklə qiymətləndirildi və dövlətin neft strategiyası zamanın nəbzinə uyğun olaraq vaxtında milli mənafeyə yönəldildi. 1994-cü il 20 sentyabr tarixli “Əsrin müqaviləsi” ilə neft strategiyasının əsası qoyulmuş və Respublikamızın dinamik iqtisadi inkişafı başlanmışdır. “Azəri-Çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişi olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesinə start verildi. Bundan sonra, 2000-ci ilədək olan qısa müddətdə Azərbaycanın neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsinə 12 ölkənin 29 iri enerji şirkəti cəlb edildi, onların iştirakı ilə neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə 30-dan çox beynəlxalq saziş imzalandı.
2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin Azərbaycan hissəsi istifadəyə verildi. Həmin gün Səngəçal terminalındakı baş nasos stansiyasından BTC-yə ilk neft axıdıldı. Bütün regionun həyatı üçün mühüm əhəmiyyət kəsb edən bu hadisə ilə bağlı Bakıda və Səngəçalda keçirilən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak edirdilər. Təsadüfi deyil ki, BTC-ni üçüncü minilliyin nəhəng mühəndis qurğusu adlandırırlar. Çünki bu boru xətti bütün Avrasiya məkanında mövcud olan analoji kəmərlər arasında öz unikallığı ilə seçilir. BTC haqlı olaraq dünya enerji təhlükəsizliyinin əsas elementlərindən biri sayılır. 2002-ci il iyunun 25-də İstanbulda keçirilən “Üç dənizin əfsanəsi” konfransının açılış mərasimində çıxış edən ulu öndər Heydər Əliyev demişdir: “Mən baxıram, vaxtı ilə təsəvvür etmək mümkün olmazdı ki, Xəzər dənizindən Qara dənizə gələcəyik və oradan da Aralıq dənizinə qədər gedəcəyik. İki min kilometr uzunluğunda böyük bir neft kəməri çəkilir. Bu, həqiqətən əfsanədir”.
2005-ci il may ayının 25-də BTC əsas ixrac kəmərinin Azərbaycan hissəsinin açılışı mərasimində çıxış edən Prezident İlham Əliyev kəmərin geosiyasi, beynəlxalq və regional əhəmiyyətinə diqqət yetirərək demişdir: “BTC neft kəməri bölgədə əməkdaşlığın, sülhün, təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaqdır”.
BTC-nin 2006-cı ildən etibarən istifadəyə verilməsi Azərbaycan neftini dünya bazarında mühüm amilə çevirdi. BTC dünyanın ən böyük enerji layihəsi kimi beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması istiqamətində olduqca ciddi addım idi. Bununla da respublikamız beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verdi. BTC artıq tam sistem kimi 16 ilə yaxındır – 2006-cı ilin ortalarından fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir. Kəmər istismara veriləndən bu ilin birinci rübünün sonunadək ümumilikdə təqribən 509 milyon tondan çox (3,82 milyard barel) xam neft nəql edib. Bu neft həcmləri Ceyhanda 5007 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Birinci rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6,7 milyon ton (təxminən 51 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 68 tankerə vurulub və yola salınıb. Hazırda BTC, əsasən, “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.
Həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan, Gürcüstan və Türkiyəni, bu ölkələrin xalqlarını bir-birinə daha da yaxınlaşdırır, bölgəyə sülh və sabitlik gətirir, təhlükəsizliyimizi, ölkələrimizin dünyada mövqeyini möhkəmləndirir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyir. Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. 2014-cü ilin 20 sentyabr tarixi Azərbaycanın enerji siyasətinə qızıl hərflərlə yazılan yeni bir möhtəşəm hadisə ilə yadda qaldı. “Əsrin müqaviləsi”nin 20 illik yubileyində müxtəlif dövlət və hökumət başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin iştirakı ilə Səngəçal terminalında digər nəhəng transmilli layihənin – Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirildi. Qeyd etmək lazımdır ki, Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirdi.
14 sentyabr 2017-ci ildə isə “Əsrin müqaviləsi”nin imzalanmasının 23-cü ildönümü ərəfəsində imzalanan yeni sazişlə neft strategiyamızda yeni dövrün əsası qoyuldu. Sazişə əsasən,“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bütün bu amillər isə dövlətimizin maddi imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində rolunu daha da artıracaqdır. 30 noyabr 2019-cu il tarixində Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev haqlı olaraq bildirmişdi ki, əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı.
Ümumiyyətlə, Azərbaycanın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Respublikamızın həyata keçirdiyi neft və qaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir. Bütün bu uğurların təməli isə “Əsrin müqaviləsi”nə söykənir.

