Üst-üstə düşən maraqlar
Azərbaycan – Avropa İttifaqı münasibətlərində yeni mərhələ başlayır
Azərbaycanın strateji mövqeyi, uğurlu xarici siyasəti də Avropa İttifaqına (Aİ) üzv dövlətlərin ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməsində mühüm faktor rolunu oynayır. Bunun nəticəsidir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək həm qitənin, həm regionun, həm də Azərbaycanın maraqlarına xidmət edir.
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirmişdir. Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlbedici edən faktorlardır. Müstəqilliyin ilk illərində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa – Qafqaz – Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir.
Azərbaycan-Avropa İttifaqı arasında ticarət əlaqələri daim inkişaf edir. Bunun nəticəsidir ki, bu gün artıq Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab olunur. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşüb. Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu istiqamətlərdə 1992-ci ildən etibarən respublikamıza 582 milyon avro məbləğində yardım göstərilib.Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqına üzv olan ölkələrlə aparılır. Ötənilki ticarət dövriyyəsi, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları civarında olub. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.
Aİ, eyni zamanda, Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır. Keçən il Azərbaycana Aİ ölkələrinə 7 milyard kubmetrdən çox qaz satıb. Bu il onun 9 milyarddan artıq olması planlaşdırılır. Gələn il isə 11 milyard kubmetrdən artıq Azərbaycan qazının Avropa bazarına çatdırılması planlaşdırılır. Bu məqamda Avropa İttifaqı ilə Azərbaycan arasında birgə iqtisadi layihələrin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin, o cümlədən TAP layihəsinin mühüm önəm daşıdığını da qeyd etmək yerinə düşər. Belə ki, Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı da məhz bu beynəlxalq qurumdur. Xatırladaq ki, hazırda Avropa İttifaqına üzv ölkələr tərəfindən Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi kimi dəyərləndirilir. Cənub Qaz Dəhlizi layihəsi Avropanın meqa layihəsidir və onun da təminatçısı Azərbaycan dövlətidir.
Azərbaycan Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Məşvərət Şurası hər iki tərəfin rəhbərliyi ilə layihənin uğurla həyata keçirilməsində önəmli rola malik olub. Onu da qeyd etmək lazımdır ki, uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rola malik Azərbaycanın təşəbbüsü ilə Cənubi Qaz Dəhlizi layihəsinin reallığa çevrilməsi şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsi kimi də tarixə düşdü. Azərbaycanın bu mühüm layihənin həyata keçirilməsində liderliyi ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu bir daha təsdiq edir.
Bu gün Avropa İttifaqı dünyada həm də ən böyük siyasi mərkəzlərdən biri kimi tanınır, fəaliyyətində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına qərəzsiz və bitərəf yanaşması ilə diqqət çəkir. 2021-ci ilin yay aylarından başlayaraq Aİ tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tanınaraq Bakının tezisləri qəbul edildi. Bu reallıq isə Aİ rəsmilərinin regiona səfərləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutan görüşlərdən sonra baş verdi. Qeyd edək ki, Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi, Azərbaycanın 15 ermənini Ermənistana təhvil verməsi kimi humanitar aksiyaların həyata keçirilməsində Aİ Şurasının Prezidenti Şarl Mişelin də vasitəçilik rolu olub.
2021-ci ilin dekabrın 14 -də və bu ilin aprelin 6-da, mayın 22-də məhz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutub. Bu görüşlərdə də bir sıra fundamental məsələlərlə bağlı irəliyə doğru addımlar atılıb. Tərəflər arasında sülh sazişinin imzalanması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanılması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərin həlli yönündə əməli addımlar atılması haqqında razılığa gəlinib.
Aİ Şurası Prezidentinin üçtərəfli görüşlərdən sonra verdiyi bəyanatların məzmunu bir vaxtlar Minsk qrupunun həmsədrlərinin hər addımda ortaya qoyduqları ikili standartlardan uzaqdır və münasibətlərin normallaşdırılması üçün konkret hədəfləri ehtiva edir. Bu da Aİ-nin timsalında Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinə hesablanmış vasitəçilik missiyasına olan etimadı təmin edən mühüm amildir.
Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır. Aİ dövlətimizin başçısının regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.
Beləliklə, həm siyasi dialoq, həm iqtisadi, həm ticarət, həm də enerji və nəqliyyat təhlükəzliyi kimi mühüm sferalarda Azərbaycan-Avropa İttifaqı münasibətləri sürətlə inkişaf edir və bu da hər iki tərəfin maraqlarına tamamilə cavab verir.

