Gündəm 

Dünyanın nəzəri yenidən Bakıda

Azərbaycan artıq uzun müddətdir ki, çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmizdə təşkil edilən beynəlxalq konfranslar, simpoziumlar, forumlar, dialoqlar, sərgilər, festivallar və digər tədbirlər sübur edir ki, bu sahədə zəngin təcrübəyə malikik.

Əlbəttə, daha çox böyük neft-qaz ölkəsi kimi tanınan, dünyanın enerji xəritəsini dəyişən Azərbaycanda həyata keçirilən bir çox tədbirlər, layihələr sənaye sahəsinin region üçün əhəmiyyətinə diqqəti yönəldir. İyun ayının 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasiminin keçirilməsi də buna əyani sübutdur. Qeyd edək ki, ötən iki ildə pandemiya səbəbindən tədbirin keçirilməsi təxirə salınmışdı və sonuncu dəfə 2019-cu ildə keçirilən Xəzər Neft və Qaz Sərgisində 34 dövlətin nümayəndələri – ümumilikdə 5313 nəfər iştirak etmişdi.

Hazırda keçirilən Bakı Enerji Həftəsi tədbiri özündə üç ayrı layihəni ehtiva edir. Bunlar- 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumudur.

Sözügedən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində dünyanın aparıcı neft, qaz və enerji istehsalçılarını, təchizatçılarını və istehlakçılarını, habelə tədqiqatçıları, nazirlik və idarələrin rəhbərlərini bir araya gətirən ən iri illik tədbirdir. Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor rəsmi açılış mərasimindəki çıxışında bildirdi ki, bu tədbir bizə qeyri-rəsmi mühitdə təkbətək görüşlərin, beynəlxalq və regional sənaye liderləri ilə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsini göstərir.

Enerji resursları ilə zəngin olan, dünyada enerji resurslarının ixracatçısı kimi tanınan Azərbaycanda belə bir tədbirin keçirilməsi bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər vəd edir.  Prezident İlham Əliyevin mərasim iştirakçılarına ünvanladığı məktubda qeyd olunduğu kimi, Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan, 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan Bakı Enerji Forumunu özündə birləşdirən Bakı Enerji Həftəsi dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir.

Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bəyan etdi ki, Neft və Qaz Sərgisində və Bakı Enerji Həftəsində keçiriləcək müzakirələr enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu gücləndirəcək. Ölkə başçısı İlham Əliyev xatırladıb ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır: “ Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb”.

“Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir” söyləyən Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır: “ Bu, artıq baş verdi. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır”.

Azərbaycandakı siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında lazımi nəticələrin əldə edilməsinə zəmin yaradıb. Prezident İlham Əliyev hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunduğunu diqqətə çatdırıb və bildirib ki, onların birgə istehsal gücü 470 meqavatdır: “Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik.

Xəzər dənizinin nəhəng potensialı var və artıq bu hesablama aparılıb. Mənə verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir, yəni, bu, nəhəng həcmdir.

Eyni zamanda, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğunu hesab edirik. Burada söhbət külək və günəş enerjisindən gedir. Buraya hidroelektrik enerjini əlavə etsək, – hansı ki, onun da böyük potensialı var, – buraya daha 1000 meqavat və ya artıq güc əlavə etmək olar”.

Azərbaycan müstəqilliyinin bərpasından, ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra xaotik sosial-iqtisadi və siyasi vəziyyətdən dinamik sosial-iqtisadi inkişaf mərhələsinə qədər çətin və şərəfli yol keçərək böyük uğurlara, nailiyyətlərə imza atıb. Azərbaycan indi özünün hər sahədə sürətli inkişafını təmin edərək yeni siyasi-iqtisadi sistem yaradılıb. Regionun aparıcı beynəlxalq enerji tədbirinin məhz ölkəmizdə keçirilməsi də yuxarıda qeyd olunanları təsdiqləyir.

Daha çox xəbərlər