Ulu Öndər yenidən hakimiyyətə qayıtmasaydı…
Müstəqilliyimizin bərpasından sonra Azərbaycanda demokratik dövlət quruculuğunun həyata keçirilməsi və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması obyektiv zərurətə çevrildi. Lakin müstəqilliyin ilk illərinin Azərbaycan üçün olduqca acınacaqlı sosial-iqtisadi vəziyyət səciyyəvi idi. Belə ki, 1990-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatını olduqca çətin vəziyyətə salmışdı. Bu da az imiş kimi o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, eyni zamanda, baş verən hakimiyyət böhranı ölkəni nəinki belə bir fəlakətdən azad etməyə imkan verirdi, əksinə vəziyyəti daha da ağırlaşdırmaqla Azərbaycanı bütün sahələrdə uçuruma yuvarladırdı. Belə sahələrin önündə gedəni isə heç şübhəsiz ki, ölkə iqtisadiyyatı idi.
Yaranmış vəziyyətin iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın nəzərə çarpır. Belə ki, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) istehsalı hər il orta hesabla 16,5 faiz aşağı düşmüşdü. Tənəzzül meyilli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10, 1992-ci ildə 37, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar 23 faizini itirmişdi.
İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdı. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə – 1763,5 faizə çatmışdı. Bunlardan əlavə, büdcə kəsirinin ÜDM-ə nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank tərəfindən maliyyələşdirilirdi. 1992-1994-cü illərdə, həmçinin xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250 faizə çatmışdı. Nəticədə ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü.
Belə vəziyyətdə ölkəni uçurumun kənarından qurtarmaq da asan deyildi. Lakin ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra ölkədə siyasi sabitliyin bərqərar olunması, atəşkəsin əldə edilməsi ilə irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bununla da gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edirdi.
İlk növbədə 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Bundan başqa, ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Nəticədə, neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynamağa başladı. Bununla da məqsədyönlü iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən inkişaf strategiyası sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Belə ki, 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki Dövlət Proqramı sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevrilməsində müstəsna rol oynadı. Onların sayəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, dövlətin sahibkarlara maliyyə dəstəyi sistem halını aldı.
Həmçinin dövlət-sahibkar münasibətlərinin inkişafı və tənzimlənmənin yeni istiqamətlər üzrə təşkil edilməsi məqsədilə dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirildi. Bu məqsədlə ilk addım kimi 17 iyun 1996-cı il tarixində “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərmanla iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldıldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alındı, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər keçirildi. Həmçinin dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən 7 yanvar 1999-cu il tarixli “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” Fərman imzalandı. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları isə ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan verdi.
Bu dövrdə sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar da atıldı ki, nəticədə mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqının məbləği aşağı salındı.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı. Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edildilər. Beləliklə də, ulu öndər Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Eyni zamanda, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq Dövlət proqramları təsdiq olundu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi. Bütün bunlar ölkə vətəndaşına sahibkar, mülkiyyətçi olmaq hüququ verdi.
Beləliklə, 1993-cü ilin ikinci yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Artıq 1995-ci ildən Azərbaycanda bərpa və dinamik inkişaf dövrü başlandı.Bunun nəticəsində 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını ötdü.
Təbii ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlməsəydi, bu gün bütün bu sadaladıqlarımız haqqında da danışmaq mümkün olmazdı. Bu baxımdan da şübhəsiz, ötən 29 ildə olduğu kimi, qarşıdakı illərdə də ölkə iqtisadiyyatının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olacaq.

