Ölməz hünər sahibi
Bu günlər 44 günlük Qarabağ müharibəsində haqq savaşımızda göstərdiyi qəhrəmanlığı ilə gələcək nəsillərimiz üçün örnək olacaq bir tarix yazıb əbədiyyət adlı dünyasına qovuşan Vətən sevdalısı Saməddin Mehman oğlu Fərziyevin doğum günüdə ata ocağına doğma Xanəgah kəndindən əlavə, dağlar diyarı Lerikin müxtəlif yerlərindən çoxlu ziyarətçi gəlmişdi. Onlar qəhrəmanın göz açdığı evi ehtiram əlaməti olaraq and yer kimi ziyarət etdilər. Bildirdilər ki, 19 yaşında Vətən yolunda canından keçməklə Şaməddin özündə xalqına məhəbbət hissini yaşatmaqla heç zaman adı milyonların yaddaşından silinməz…
Saməddin Fərziyev 20 iyun 2001-ci ildə Lerik rayonunun Xanəgah kəndində dünyaya göz açıbdır. Kənd orta məktəbində oxuduğu zaman qarışıq döyüş sənətləri (MMA) və qaydasız döyüşlə məşğul olur. Daha sonra qatıldığı idman yarışlarında dəfələrlə birinciliklər, diplom və sertifikatlar qazanır.
Orta təhsilini başa vurub Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilir. Vətənini göz bəbəyi tək qoruyan igid əsgər 2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatları nəticəsində başlanan Tovuz döyüşlərində mənfur düşmənə öz yerini göstərə bilir.
2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən haqq savaşımızda ilk günündən etibarən Saməddin qanlı müharibə meydanına atılır, dığalara qarşı məharətlə vuruşur. Xüsusi təyinatlı qəhrəmanımızın qələbə sorağı cəbhənin ən qaynar nöqtələrində eşidilir.
Onun son döyüş yeri Xocavəndin kəndlərinin azadlığı uğrunda olur. Cəbhə dostu Sənanla birlikdə döyüş tapşırığını yerinə yetirərək, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edir. 21 oktyabrda iki sadiq dost düşmənin döyüş postunu ələ keçirirlər. Lakin bundan bir neçə dəqiqə sonra xain düşmənin minaatandan açdığı atəş nəticəsində hər ikisi doğma Vətən torpağına sarılaraq, gözlərini əbədi yumurlar. Saməddinin nəşi Qaradağ rayonunun Lökbatan qəsəbəsində torpağa tapşırılır. Vətənini canında əziz bilən Saməddin Fərziyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medallara layiq görülür.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

