Region Xəbərləri 

Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı

Deyirlər Ulu Tanrı bəşər övladının düçar olduğu sıxıntıdan, üzləşdiyi bəladan xilas olması üçün hər əsrdə ona bir dahi şəxs bəxş edir. Bu baxımdan Azərbaycan xalqı Tanrıya daha yaxın olan xalqdır. Allahın bu millətə bəxş etdiyi belə bir dahi Heydər Əlirza oğlu Əliyevdir. O, milli tariximizdə özünə xas yer tutan nadir simalardan idi. H.Əliyevin zəkası, ideyaları daim Azərbaycanın üzərində Günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək. Böyük öndərin yeganə amalı, yaşamaq devizi belə idi: taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və bacarığını, əqli və fiziki potensiyalını ana yurdu Azərbaycana həsr etmək.
H.Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, varlığı, duyğuları ilə sözün əsl mənasında azərbaycanlı idi. H.Əliyevin həyatsevərliyinin, bitib-tükənməyən həvəsinin təməlində ana vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan xalqına arxalandığına görə güclü, qüdrətli idi. Böyük öndər bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış və özü də xalqa dayaq durmuşdur.
Dillər əzbəri olan “xalq-Heydər-Heydər -xalq” deyimi də məhz bu qırılmaz bağlılığın dəqiq ifadəsidir.
Ümummilli liderimizin həyat fəlsəfəsi onun dövlətçilik və Azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması idi.
Heydər Əliyev dünyası bütöv Azərbaycanı işıqlandırırdı. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsus idi. O, Azərbaycan deyilən bir zirvənin məğrur qartalı idi.
Heydər Əliyev Azərbaycan torpağını qarış-qarış gəzir, əmək adamları ilə görüşür, onları maraqlandıran məsələlərlə tanış olurdu. Mən o xoşbəxt insanlardanam ki, Heydər Əliyev kimi dahi bir şəxsiyyətlə, adı Azərbaycanla qoşa çəkilən unudulmaz rəhbərlə 1974-1981-ci illərdəki görüşlərində iştirak etmişəm. İlk dəfə 1974-cü ildə Qədim Bərdə torpağına qədəm basdığı yaxşı yadımdadır. O, dəfələrlə qeyd edirdi ki, bərdəlilər öz dövlətinə sədaqətlə xidmət edir, ölkə iqtisadiyyatına səmərə verirlər.
H.Əliyev qeyd etmişdir: “Biz təkcə respublikamızda deyil, bütün şərqdə mədəniyyət mərkəzi olduğu üçün Bərdə ilə fəxr edirik. ”İkinci dəfə 1975-ci ildə və Moskvaya gedənə qədər hər il Bərdədə olmuşdur. Görüşlərin birində: “Bərdəlilər öz tarixi keçmişi ilə fəxr etməyə haqlıdırlar”-demişdir.
1978-ci ildə Bərdədə olduğu vaxt qeyd etdi ki, Bərdə rayonu respublikada kənd təsərrüfatı sahəsində aparılan işlərin daim önündə gedir. Hər il gələndə Bərdədə aparılan abadlıq işləri ilə maraqlanır, rayonumuzun inkişafının ürəyincə olduğunu ön plana çəkirdi.
1980-ci ildə “Kommunizm” kolxozunda zəhmətkeşlərlə keçirdiyi görüşdə Tərlan Musayevanın timsalında bütün əmək adamlarını yüksək qiymətləndirmişdir. Çıxışı: “Mən istəyirəm ki, Bərdə respublikamızın ən gözəl şəhərlərindən biri olsun. Bərdəni çox sevdim və bərdəlilərə böyük hörmət bəsləyirəm”. Heydər Əliyev xalqa olan duyğularını belə dilə gətirirdi: “mən həyatımı insanlara səadət gətirməyə həsr etmişəm və bununla da fəxr edirəm”.
YAP Bərdə rayon təşkilatı təbliğat qurupunun üzvü, T.Qurbanov adına Bərdə rayon Xanqaraqoyunlu kənd tam orta məktəbin direktoru Nizami İsayev.

Daha çox xəbərlər