Gündəm 

Xarici borc azalır, daxili borclanma artır – səbəblər

Hesablama Palatası: “Daxili borclanma artdıqca, büdcənin ona xidmət xərcləri də artır”

Son illərdə Azərbaycanda daxili dövlət borclarının həcmində ciddi artım müşahidə olunur. 2020-ci ilin sonu ilə müqayisədə daxili dövlət borcu 2022-ci ilin əvvəlinə 1 milyard 126 milyon manat artıb. Rəsmi məlumata əsasən hökumətin daxili dövlət borclarının həcmi 1 milyard 942 milyon manatdır.

Xatırladaq ki, 2018-ci ildən etibarən hökumət xarici dövlət borcunun azaldılması siyasətini yürüdür və bu istiqamətdə ciddi irəliləyiş əldə olunur. Lakin 2020-ci ildə koronavirus pandemiyasının yaratdığı ciddi iqtisadi kiçilmə şəraitində hökumət daxili borclanmanı sürətlə artırmaq xətti tutub. 2021-ci il üzrə dövlət büdcəsi ilə bağlı qanuna əsasən hesabat ili ərzində daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1,3 milyard  manat müəyyən edilib. İl ərzində yeni daxili dövlət borclanması 804,5 milyon manat (limitin 61,9 faizi həcmində) təşkil edib.

2021-ci ildə daxili borclanma hesabına cəlb edilmiş 800 milyon manat konvertasiya edilərək xarici dövlət borcunun əsas məbləğinin bağlanmasına yönəldilib. Nəticədə dövlət istiqrazları üzrə borcun məbləği hesabat ilinin əvvəlinə nisbətən 781,1 milyon  manat həcmində artıb. Maliyyə Nazirliyi tərəfindən il ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 1 milyard 503,5 milyon  manat təşkil edib. Yerləşdirilmiş istiqrazlar üzrə dövlət büdcəsinə 1 milyard 497,3 milyon manat daxil olub ki, bundan da əvvəlki illərdə buraxılmış istiqrazlar üzrə 851,4 milyon manat (əsas borc) geri ödənilib, 645,9 milyon manatı isə kəsirin maliyyələşməsinə sərf edilmişdir. Bu isə o deməkdir ki, nazirlik köhnə borcu bağlamaq üçün yenisini götürməli olub.

Hesablama Palatası hökumətin daxili borclanmanı sürətlə artırmasını düzgün yol hesab etmir. Qurumun 2021-ci ilin dövlət büdcəsinin icrasına verdiyi rəydən aydın olur ki, 2021-ci ildə emissiya edilmiş istiqrazlar üzrə yalnız yaranmış faiz borcunun məbləği 318,6 milyon manat təşkil edib ki, bu da dövlət büdcəsində növbəti illərdə faiz xərclərinin əhəmiyyətli artımına şərait yaradıb. 2021-ci il ərzində geri qaytarılmış istiqrazlar üzrə ödənilmiş faiz və diskont məbləği isə 158,5 milyon manat təşkil edib. Təqdim edilmiş məlumatlara əsasən 01.01.2022-ci il tarixə dövriyyədə olan dövlət istiqrazlarının müddətlər üzrə bölgüsündə ən yüksək pay ortamüddətli istiqrazlarda olub – 2,5 milyard manatlıq istiqrazların 1 milyard 848,4 milyon manatı, yaxud 73,9 faizi 2-3 illik istiqrazlardır. Bu isə növbəti 2 ildə bu istiqrazlar üzrə ödənişlərin büdcədə ciddi paya sahib olacağı deməkdir.

Hesablama Palatası yeni Strateji Plan hazırlayıb

Hesablama Palatası qeyd edir ki, 2021-ci ilin və əvvəlki illərin hesabat məlumatlarına əsasən daxili borc üzrə şərti öhdəliklərin ilbəil artımını müşahidə etmək mümkündür: “Belə ki, şərti öhdəliklərin həcmi 2020-ci illə müqayisədə hesabat ilində 345 milyon manat və ya 159,5 faiz artıb, daxili borca nisbəti 18,3 faiz təşkil edib. Artımın səbəbi kimi 2020-ci ildə ”Aqrarkredit” QSC BOKT, SOCAR və “Azərkontrakt” ASC-nin dövlət zəmanətli kreditləri üzrə əsas borc öhdəliklərinin yaranması çıxış edir”.

Qeyd edək ki, Palatanın mövqeyi kifayət qədər əsaslıdır. Belə ki, 2021-ci ildə daxili dövlət borcuna xidmət üzrə ödənişlər 167,1 milyon manat təyinata qarşı 100 faiz icra olunub ki, bu məbləğ 2020-ci ilin müvafiq icra göstəricisi ilə müqayisədə 25,5 faiz çoxdur.

Hesablama Palatasında bu qənaətdədirlər ki, daxili dövlət borclanmasının əhəmiyyətli dərəcədə böyük olmasını və artım istiqamətinin davam etməsini nəzərə alaraq, emissiya ediləcək dövlət istiqrazlarının maliyyə planlaşdırılmasının dövlət büdcəsinin icrası ilə (əlavə dəyər yaradan sahələrə yönəltməklə) uyğunlaşdırılması zəruridir.

Qurum xarici borcun 2021-ci ildən başlayaraq daxili borcla əvəzləşdirilməsini təqdirəlayiq hal kimi qiymətləndirsə də, qeyd edir ki, tədbirlər həyata keçirilərkən bir çox halda real bazar şərtləri, eyni zamanda xərc və risklərin təhlili nəzərə alınmayıb: “Belə ki, hesabat ilində daxili borclanma hesabına cəlb edilmiş 800 milyon manat vəsait orta hesabla 5-8,5 faiz dərəcəsi ilə cəlb edildiyi halda, onun hesabına bağlanan xarici borcun faiz dərəcəsi LİBOR +1,2 faiz, Euribor+2 faiz və 2,75 faiz həcmində olub ki, nəticədə yüksək faizli məbləğlə aşağı faizli məbləğ bağlanıb. Digər tərəfdən, xaricdən cəlb edilən kreditlər hesabına icrası nəzərdə tutulan 610 milyon manat ekvivalentində olan xərc 346,6 milyon manat icra edilib. Qeyd edilənləri nəzərə alaraq bildirmək istərdik ki, sərbəst qalıq vəsaitinin 1106,7 milyon manatı, Təminat Fondunun isə 765 milyon manatının idarəetmədə olduğu, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə transfertin 850 milyon manat fərqlə icra edildiyi halda, büdcənin icrası ilə bağlı zərurət olmadığı halda 800 milyon manat (5-7,5 faizlə) həcmində əlavə daxili borclanmaya gedilməsi və bu məbləğin aşağı faizli olan xarici borcun azaldılmasına yönəlməsi, həmçinin əlavə büdcə xərclərinin (faiz xərclərinin) artırılması, müvafiq qanunvericilikdə konkretləşdirilməməsi fonunda faktiki sərbəst qalıq vəsaiti hesabına (Təminat Fonduna köçürülmədən) xarici borc həcminin azalmasının həyata keçirilməsi, borca xidmət xərclərində qənaətin yaranması (154,6 milyon manat) büdcə vəsaitlərinin düzgün idarəedilməməsi ilə yanaşı, maliyyə planlaşdırılmasının və hesabatlılığın gücləndirilməsiniə ehtiyac olduğunu deməyə əsas verir. Hesabat ilində daxili borcun həcminin artması, növbəti illərdə də büdcə kəsirinin örtülməsində daxili borclanmadan istifadə olunması əvvəlki borcların bağlanması məqsədilə həyata keçirilən yeni borclanmanın tədricən çətinləşməsinə və ya faiz artımına gətirib çıxara bilər”.

Məlumat üçün qeyd edək ki, dövlət büdcəsi layihəsində 2022-ci il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1 milyard 100 milyon müəyyən olunub.  Hesablama Palatası bəyan edir ki, əvvəlki illərdə olduğu kimi, 2022-ci üçün daxili və xarici borclanmanın yuxarı həddinin (limiti) müəyyən edilməsi təqdim  olunan sənədlərdə əsaslandırılmayıb: “Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş izahat məlumatlarına əsasən ortamüddətli dövr ərzində dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması məqsədilə dövlət borclanmasından daha aktiv istifadə edilməsi gözlənilir ki, nəticədə növbəti illərdə daxili borcun artması proqnozlaşdırılıb, bu da öz növbəsində illər üzrə müəyyən olunmuş borclanma limitinin artması ehtimalını şərtləndirib. Təqdim olunmuş büdcə zərfində kəsirin maliyyələşmə mənbəyi kimi əlavə olaraq 1 milyard 100 milyon manat həcmində borclanmanın həyata keçirilməsi, ümumilikdə 2022- ci ildə ödənilməli olan borc öhdəliklərini də nəzərə alsaq, təqribən 2 milyard manat həcmində borclanma tələb edir ki, bu isə nəticə etibarı ilə büdcənin icrası prosesindən asılı olaraq növbəti ildə borclanma həcminin əhəmiyyətli artımına təsir edən amil kimi qiymətləndirilə bilər”.

Bu il daxili dövlət borcu üzrə xidmət xərclərinin tərkibində faiz borclarının ödənilməsində əhəmiyyətli artım nəzərdə tutulub. Belə ki, daxili dövlət borcu üzrə ödənişlər 2022-ci il üçün 232 milyon manat məbləğində nəzərdə tutulub ki, bu, dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 12,9 faizinə bərabərdir. Qeyd edək ki, yaranma mənbəyi üzrə daxili dövlət borcu üçün ödənişlər dövlət istiqrazlarının yerləşdirilməsi və Mərkəzi Bankdan alınmış kreditlər üzrə xərclərdən ibarətdir. 2022-ci il dövlət büdcəsinin layihəsində daxili dövlət borcu üzrə əsas borc təqribən eyni nəzərdə tutulsa da, faiz ödənişləri əhəmiyyətli artımla proqnozlaşdırılıb. Belə ki, daxili dövlət borcu üzrə faiz ödənişləri 225 milyon 96 min manat, əsas borc üzrə ödənişlər 6 milyon 904 min manat olmaqla, ümumilikdə daxili dövlət borcuna xidmət xərcləri 232 milyon manat nəzərdə tutulur.

Daxili dövlət borcu ilə bağlı diqqəti cəlb edən daha bir məqam Mərkəzi Bankın buraxdığı qısa notlarda gəlirliliyin yüksək olması səbəbindən oyunçuların ona daha çox maraq göstərməsi, buna görə də Maliyyə Nazirliyinin istiqrazları üzrə faizləri artırmağa məcbur olmasıdır. Bu, sön nəticədə dövlət istiqrazları üzrə faiz ödənişlərinin xeyli artmasına gətirib çıxarır.

Yeri gəlmişkən, bu ilin 5 ayında artıq hökumət 184,8 milyon manat daxili borclanma həyata keçirilib. 2022-ci ilin yenidən baxılacaq dövlət büdcəsi layihəsində dövlət büdcəsinin kəsirinin 43,0 milyon manat artırılaraq 3 milyard 106 milyon manat olması nəzərdə tutulub. Kəsirin artımının maliyyələşdirilməsinin isə daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin olunacağı qeyd edilib. Hesablama Palatası bildirir ki, yüksək neft-qaz qiymətləri şəraitində büdcədə profisitin olması fonunda dövlət borclanmasının həyata keçirilməsi gələcək büdcələr üçün borca xidmətlə bağlı əlavə xidmət xərclərinin yaranmasına səbəb olur ki, bu bir daha vəsaitlərin idarəedilməsi üzrə maliyyə planlamasına dair mexanizmlərin təkmilləşdirilməsini zəruri edir.

Daha çox xəbərlər