Gündəm 

Qarabağda quruculuq tarixi yazılır

Fəxrlə deyə bilərik ki, Azərbaycan Qarabağda quruculuq tarixi yazmaqda davam edir. Azad edilmiş ərazilərimiz sıfırdan qurulur, sürətlə bərpa edilir. Bu tarixi proseslərə şahidlik etmək, azad Qarabağın yenidən qurulmasını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını izləmək xalqımıza böyük qürur verir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq Qarabağda başlanılan quruculuq işləri çərçivəsində dəmir yolu infrastrukturu layihələri intensiv şəkildə həyata keçirilir.

İyunun 26-da Prezident İlham Əliyev Kəlbəcər “İstisu” mineral su zavodunun təməlini qoydu.Qeyd edək ki, “İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.

Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür. Erməni vandalları ərazilərimizi işğal etdikdən sonra  oradakı təbii ehtiyatları istismar etdilər. Kəlbəcərdəki faydalı suyu da özününküləşdirdilər.

Lakin bu gün Kəlbəcər artıq bizdədir. İllərdir suyuna həsrət qaldığımız bulaqlar bizi gözləyir. Bu gün  Kəlbəcərdə yenidənqurma və bərpa işləri gedir, çox keçməyəcək ki, Kəlbəcərin əvvəlki şöhrəti qaytarılacaq, İstisu sanatoriyasında canlanma hiss olunacaq, bu yerlər əvvəllər olduğu kimi saz-söz diyarına çevriləcək!

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Daha çox xəbərlər