Gündəm 

Prezident İlham Əliyev müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artırır

Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil

Bildiyimiz kimi, Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı tərəfindən irəli sürülmüşdür. Bundan 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur. Bu təşkilatın daimi mənzil qərargahı yoxdur. Qoşulmama Hərəkatının əsas prinsipləri BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri danışıqlar, barışıq, arbitraj, məhkəmə həlli və tərəflərin özünün seçdiyi digər dinc vasitələrlə, sülh yolu ilə həll etməkdir. Bu Qurum  Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır.

Azərbaycan  26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur. Ölkəmiz 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat təmsilçiləri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə ölkəmizə  keçmişdir. Bu Beynəlxalq birliyə uğurlu sədrliyini nəzərə alaraq dövlətimizə əlavə 1 il müddətinə sədrlik etməsi ilə bağlı  müraciət etmiş, Azərbaycan tərəfi də Birliyin fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə hazırda dövlətimizin QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin  əsas səbəbi  həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmamız oldu. Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik.

Müstəqil və suveren Azərbaycanın xarici siyasət strategiyası ulu öndər Heydər Əliyev tərəfindən dövlətimizin beynəlxalq təşkilatlarda təmsil olunmasına nail olması ilə nəticələnmişdir. Həmin dövrdə Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmağa çalışmışdı. Ulu öndər bütün xarici səfərlərində keçirdiyi görüşlər zamanı dövlətimizin tarixi, mədəniyyəti, təbii sərvətləri, geosiyasi mövqeyi haqqında ətraflı məlumatlar verməklə yanaşı əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həmin münaqişənin sülh yolu ilə tənzimlənməsi məsələlərinə yönəltmişdi. H.Əliyevin yürütdüyü ağıllı, uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən yüksəlməsində böyük rol oynayan Əsrin müqaviləsi  XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi.Neft strategiyasından əldə olunan gəlirlər bir başa Azərbaycanın hərbi cəhətdən güclənməsinə, xalqın rifahının yaxşılaşmasına sərf olundu.1994-cü il 20 sentyabrda imzalanan  Əsrin  Müqaviləsi dünyaya sübut etdi ki, Azərbaycan nəyin ki, regionun lider ölkəsidir, hətda dünya  iqtisadiyyyatının bir hissəsi kimi beynəlxalq cəmiyyətin gündəlik həyatında önəmli  rol oynayır.

Bundan savayı, 2001-ci il yanvarın 25-də Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldıldı.Bütün bunlar Azərbaycanın haqq səsinin dünya ölkələrinə ucaldımasında böyük rol oynadı.

Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələnmişdi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu münaqişə 30 ilə yaxın davam etdi və bəzi dünya ölkələri azərbaycanın haqq səsini duymamazlıqdan gəldi.Lakin Türkiyə və Pakistan hər zaman Azərbaycanı siyasi cəhətdən müdafiə etdi və sonuna qədər dövlətimizin yanında oldu.Yuxarıda qeyd olunan uğurlar ölkəmizin beynəlxalq nüfuzunu artırdı, artıq digər ölkələr də Azərbaycanın reallıqlarını qəbul edərək ölkəmizə dəstək olmağa başladılar.

Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış əfsanəni cəmi 44 gün ərzində məhv etdi. Bu möhtəşəm qələbə bütün beynəlxalq qurumları və xarici qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa məcbur etdi. Çünki Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və sübut olundu ki, Qarabağla bağlı heç bir qurum və ya heç bir dövlət Azərbaycanın razılığı olmadan qərar qəbul edə bilməz!!!

Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi olurlar. Üzdə dost kimi görünən  ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da buna müvəffəq ola bilmirlər. Biz bu münaqişəyə son qoyduq, ədalət və beynəlxalq hüququ bərpa etdik.

Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasını  uğurlqa davam etdirən Prezident İlham Əliyev müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artırır.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi  Hərəkatın istər üzv ölkələri arasında əlaqələndirmə işlərinin təkmilləşdirilməsi və canlandırılması, istərsə də qurumun özünün fəaliyyət göstərdiyi digər BMT qərargahlarında (məsələn, Vyana, Cenevrə, Nayrobi kimi) əlaqələndirmənin gücləndirilməsində, habelə aparıcı beynəlxalq təşkilatlarla dialoqun qurulmasında faydalı olacaq. Təsadüfi deyil ki, ölkəmizin QH-yə sədrliyi prioritetləri – Hərəkatın üzv ölkələri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, Qurumun  beynəlxalq müstəvidə nüfuzunun daha da gücləndirilməsi və  “Bandunq prinsipləri”nin təşviq edilməsidir

Aybəniz Şahmuradova,

249 nömrəli tam  orta məktəbin tarix fənni üzrə metodbirləşmə sədri

Daha çox xəbərlər