BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır
Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında bir daha bəyan etdi ki, qurum ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər
Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti baxımından diqqətçəkən və əhəmiyyətlidir. Azərbaycan mütəmadi olaraq iqtisadi, siyasi, humanitar tədbirlərə ev sahibliyi edir, gündəmə gətirilən məsələnin çözülməsində öz imkanlarını ortaya qoyur. Ən əsası Azərbaycan daim təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır və nüfuz qazanır. İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı məhz bu təşəbbüslərin təqdimatı oldu. Belə ki, Azərbaycan Parlamentlə yanaşı, Gənclər Şəbəkəsinin yaradılması təşəbbüsünü də irəli sürdü və Qoşulmama Hərəkatının üzv dövlətlərinin dəstəyini qazandı. Növbəti ayda Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.
Bakı konfransında əsas diqqət göstərilən məsələ quruma üzv dövlətlərdən Azərbaycanın haqlı mövqeyinə dəstək, eyni zamanda, 30 məsələnin nizamlanmasını müşkülə çevirən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi oldu.
Qarabağ münaqişəsinin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdı. 28 il fəaliyyət göstərsə də, nəticə sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Bunu dövlət başçısı İlham Əliyev Bakı konfransındakı nitqində bir daha bəyan etdi: « Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.»
Cənab İlham Əliyev hər zaman çıxışlarında ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı iradlarını bildirsə də, qurum heç nə olmamış kimi yenə də seyrçi mövqeyində, missiyasını nəticəsiz səfərlərlə bitmiş hesab etməkdə davam etmişdir. Diqqətçəkən məqam isə Vətən müharibəsində tarixi Qələbəmizdən sonra Minsk qrupu həmsədrlərinin dövlət başçısı İlham Əliyevlə görüşmək istəyi, ölkə Prezidentinin həmin qəbulda 28 ilə yaxın dövrdə qurumun fəaliyyətsizliyini əsaslı şəkildə diqqətə çatdırması, həmsədrlərin postmüharibə dövrü ilə bağlı nəzərdə tutulan prioritetlərin icrasında fəal olacaqları ilə bağlı fikirlər səsləndirmələri və sair kimi məqamlar bir daha bu reallığa işıq saldı ki, beynəlxalq hüquq normaları zamana və məkana görə tətbiq edildiyi kimi, beynəlxalq münasibətlərdə əsas amil olan güc öz aktuallığını qoruyub özünü qabarıq şəkildə büruzə verəndə maraqlar da dəyişir. Azərbaycanın döyüş meydanında Qələbəsi, 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun edə bilmədiyini Azərbaycan Ordusunun etməsi dünyanı bu günədək nümayiş etdirdiyi, amma özünün «duymadığı» ikili siyasətin yaratdığı problemləri dərk etmək məcburiyyətində qoydu. Necə ki, tarixi Zəfərimizdən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı həmin dövlətləri təmsil edən ekspertlər, siyasətçilər reallıqları etiraf etdi, bununla da həmin dövlətlərə qarşı inamsızlıq birə on qat artdı.
İkinci Qarabağ müharibəsində döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan təxribatlara əl atır, mülki şəxsləri atəşə tutur, dağıntılar yaradırdı. Baş verən vəhşiliklərin fonunda ortaya çıxan «Biz bu addımların qarşısında nəyin şahidi oluruq» sualına cavab olaraq qeyd edə bilərik ki, sentyabrın 27-dən bugünədək təcavüzkara qarşı heç bir təzyiq nəinki yoxdur, dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyasına, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin məhv edilən və qənimət kimi götürülən hərbi texnikalarının statistikasına diqqət yetirsək görərik ki, kasıb ölkə bu silahları almaq üçün vəsaiti haradan əldə edə bilərdi? Dövlət başçısı da qeyd etdiyi kimi, Ermənistan bu qədər silah-sursatı, texnikanı necə əldə edə bilib? İqtisadi cəhətdən zəif bir ölkə Azərbaycan tərəfindən qənimət götürülən və dəyəri 2 milyard dollar olan texnikanı haradan alıb və ya bu silahı onlara kim verib? Prezident İlham Əliyevin istər müharibə dövründə xalqa müraciətlərində, istərsə də postmüharibə dövründə qatıldığı və Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə səsləndirdiyi bəyanatlarda dünyanın ikili siyasəti, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyi əsaslı şəkildə diqqətə çatdırılır. Beynəlxalq münasibətlərdə hüququn işləmədiyini önə çəkən cənab İlham Əliyev bildirir ki, əgər işləsəydi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Bu qətnamələr yalnız kağız üzərində qalıb. Səbəb isə məlumdur. Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər.
İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədrləri -Rusiya, ABŞ və Fransa tərəfindən bəyanatın layihəsi hazırlanaraq razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Bəyanat layihəsində Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrə istinad yer almamışdı. Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə – İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin həmin layihəyə Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdilər. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildirmişdilər. Rusiya, Fransa və ABŞ-ın tutduğu bu mövqe onların 28 illik fəaliyyətlərinin aydın mənzərəsini yaratmışdı. Qoşulmama Hərəkatı ölkələrinin prinsipial mövqeyi sayəsində həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri götürmüşdülər. Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı nitqində bu dəstəyi yüksək dəyərləndirmişdir: «Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq.»
İstər 28 illik «fəaliyyətləri» dövründə, istər 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, istərsə də müharibədən sonra baş verən hadisələrə diqqət yetirsək həmsədr ölkələrin öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmədiklərini açıq-aydın büruzə verdiklərini görərik. Nəyə görə işğalçı ölkəyə 28 ildə təzyiqlər göstərilmədi, ona qarşı sanksiyalar tətbiq edilmədi? Ermənistan beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və yeni əraziləri ələ keçirmək üçün planlar hazırladı. Real olan budur ki, münaqişənin həlli prosesinin uzanmasında Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədrləri əsas günahkarlardır.
2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı kimi dəyərləndirildi. Azərbaycan Təhlükəsizlik Şurasına üzvlük müddətində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdi. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi keçirilən görüşlərinin ideal məkanı kimi diqqət çəkib. Dünyada 200-ə qədər ölkənin olduğunu nəzərə alsaq, bu görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsinin onun yürütdüyü müstəqil xarici siyasətə olan hörmətin və etimadın göstəricisi olduğunu qeyd edə bilərik. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri qurur və yeni-yeni istiqamətlər üzrə inkişaf etdirir. Tamhüquqlu 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatının məqsədi bəşəri dəyərlərin təbliğinə xidmət və bütün ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə sadiqlik nümayiş etdirməkdir. Qurum BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə Qoşulmama Hərəkatının sədri seçildi. Prezident İlham Əliyev quruma üzv ölkələrin adından koronavirusa qarşı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi və sonda bu beynəlxalq əhəmiyyətli tədbir uğurla baş tutdu. Azərbaycan yalnız COVID-19 ilə bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımlar göstərdi.
Ölkə Prezidenti İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində də Minsk qrupunun həmsədrləri arasında Rusiyanın aparıcı vasitəçi kimi rolu barədə sualı cavablandırarkən Minsk qrupunun üç həmsədrinin eyni hüquqlara və eyni mandata malik olduğunu qeyd edərək bildirmişdir ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Cənab İlham Əliyev «Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu tənqid edərək ona ağılsız deyir. Siz bununla razılaşardınız» sualına cavabında isə bildirmişdir ki, Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu özü hər şeyi göstərir.
Azərbaycan dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda daha da möhkəmləndi, gücləndi, bütün istiqamətlərdə hazırlıq işlərini həyata keçirdi və münaqişənin həlli üçün möhkəm hüquqi baza yarandı. 44 gündə 30 ilə yaxın dövrdə yolumuzu gözləyən torpaqlarımıza qovuşmaq ölkəmizin malik olduğu imkanların, eyni zamanda, torpaq, Vətən sevgisinin təqdimatı oldu. Azərbaycan təkbaşına BMT qətnamələrini icra etdi, işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etməklə ədalətin və beynəlxalq hüququn mövcudluğunu dünyaya çatdırdı. Dövlət başçısı İlham Əliyev Bakı konfransında bildirmişdir: «Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.»
Qeyd etdiyimiz kimi, hazırda postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Dövlət başçısı İlham Əliyev sülh müqaviləsinin imzalanmasını təklif etsə də, işğalçı Ermənistan hələ də konkret fikrini ortaya qoymur, açıq-aşkar ATƏT-in Minsk qrupundan təklif gözlədiyini nümayiş etdirir. 30 ilə yaxın dövrdə münaqişənin həlli istiqamətində ədalətli mövqe ortaya qoymayan qurumdan postmünaqişə dövrü üçün, ən əsası sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq hüquqa əsaslanan təklif gözləmək təəccüb doğurur. 30 illik işğal dövrü ilə bugünümüz arasında əsas fərqlərdən biri budur ki, Azərbaycan artıq diktə edən tərəfdir. Bunu həm Ermənistan, həm də onun havadarları qəbul etməlidir. İşğalçı Ermənistan Azərbaycanın sülh müqaviləsinin imzalanmasına dair irəli sürdüyü 5 prinsipi qəbul edib. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından ilyarımdan artıq vaxt keçməsinə baxmayaraq Ermənistan konkret addım atmaq barədə düşünmədiyini nümayiş etdirir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev «Sülh təklifini masa üzərində daimi saxlaya bilmərik» bəyanatı ilə Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha zamanın əsas tələb olduğunu çatdırır.
Artıq dünya gücləri postmünaqişə dövrünün reallıqlarını qəbul etməklə yanaşı, fəaliyyətlərini buna uyğun şəkildə qururlar. Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səyləri dəstəklənir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin dəfələrlə görüşləri keçirilib. Brüssel gündəliyinin müəllifi olan Azərbaycan bu görüşlərin əhəmiyyətini yüksək dəyərləndirir. İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində də Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayaraq Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirmişdi. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə etmişdi.
Göründüyü kimi, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi onun xarici siyasət uğurlarının miqyasını genişləndirir, regionda və dünyada söz sahibliyini artırır. Beynəlxalq hüquq hər zaman Azərbaycanın yanındadır.

