Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırmalıdır, əks halda…
Dünyanın aparıcı qüvvələri artıq postmüharibə reallıqlarını qəbul ediblər və fəaliyyətlərini bu istiqamətdə qururlar
Dövlət başçısı İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bir daha Brüssel razılaşmalarının həyata keçirilməsinin və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğuladı
“Biz istəyirik ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Deyə bilərəm ki, dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi bir il yarım keçibdir. Bu müharibəni unutmasınlar – nə onlar, nə də ki, sonrakı nəsillər. Bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər rayonunda hərbi hissənin açılışında söylədiyi fikirlər Ermənistana ciddi mesaj olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın postmünaqişə dövrünün reallıqları fonunda artan nüfuzunun, siyasi çəkisinin təqdimatı oldu.
Xatırlasaq, 30 illik işğal dövründə əksər dünya gücləri Qarabağ münaqişəsinin hərbi, Ermənistan isə diplomatik yolla həllinin mümkünsüzlüyünü bildirirdilər. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü işğalçı dövlətə və onun havadarlarına nümayiş etdirdi. Bird aha dünya güclərinə çatdırıldı ki, Azərbaycan öz torpaqlarında döyüşərək mənfur düşmənin 30 ilə yaxın dövrdə işğal altında saxladığı torpaqlarını azad etdi, ədaləti bərpa etdi, ümumilikdə hər bir münaqişəli məsələnin həllində ədalət və beynəlxalq hüquq deyilən məfhumlar unudulmamalıdır. Azərbaycanın döyüş meydanında Qələbəsini şərtləndirən amillər sırasında ötən illər ərzində münaqişənin həlli üçün formalaşdırdığı hüquqi baza əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev bu günlərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında da bu kimi məsələlərə xüsusi diqqət yönəltdi: “İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdım. Deyirdim ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və onların iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.”
Dövlət başçısı çıxışlarında bu məqamı da önə çəkir ki, daim Azərbaycan xalqının işğalla heç zaman barışmayacağını bəyan edirdim. Nəyin bahasına olursa-olsun torpaqlarımızı azad etməliydik və edəcəkdik: Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu əsas amillərdən biridir. Çünki Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu, bir amalla yaşayırdılar ki, öz torpağına qayıtsınlar.
Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillər sırasındadır. Son illərdə ən müasir texnologiyaya əsaslanan silahlar alındı, ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, bir çox məsələləri həll edir. “Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz” söyləyən dövlət başçısı bildirir ki, bu amillər bizi Qələbəyə apardı. Ölkə Prezidentinin çıxışlarında, müsahibələrində yer alan çağırışlarından biri də budur ki, ədalətin mövcudluğuna şübhə var idi. Amma hadisələr göstərdi ki, ədalət var və buna nail olmaq üçün dözüm, səbir nümayiş etdirmək lazımdır.
Ölkəmiz 30 il bu səbri nümayiş etdirdi. Bununla yanaşı, diplomatik mübarizədə qələbəsini təmin etdi, iqtisadi imkanlarını genişləndirməklə bütün sahələrdə, ordu quruculuğunda biri-birindən əhəmiyyətli addımlar atıldı. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Məhz bu gücün, qüdrətin sayəsində ordumuz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqləndi. Əvvəldə də qeyd etdiyimiz kimi, Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayanda dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar məsələyə ikili standartlarla yanaşıb, münaqişənin ədalətli həllinə maraq göstərmədilər, ən əsası problemin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupunun həmsədrləri öz vəzifələrinin nədən ibarət olduğunu dərk etmədilər və bəlkə də dərk etməzdən gəldilər. Əsas məsuliyyəti tərəflərin özünün üzərinə qoymaqla özləri seyrçi mövqedə dayanır, fürsət düşən kimi Ermənistanın müdafiəsinə yönələn bəyanatlarla çıxış edirdilər. Cənab İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında bir daha ATƏT-in Minsk qrupuna və onun olmayan fəaliyyətinin bərpasına çalışan Ermənistana mesajlarını çatdırdı: “Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.”
Reallıq budur ki, əgər rəşadətli ordumuz torpaqlarımızı azad etməsəydi 28 il icrasını gözləyən BMT qətnamələri daha 28 il kağız üzərində qalacaqdı. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var? Azərbaycan dövləti islahatların tərəfdarıdır. Ölkə Prezidenti bu məsələnin Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmasının vacibliyini bildirərək bu çağırışı da edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.
İkinci Qarabağ müharibəsi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatı imzaladıqları gün dövlət başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirmişdir ki, biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq: “Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq.”
Tarixi Zəfərimizdən sonra qalib ölkənin Prezidenti kimi işğaldan azad olunmuş ərazilərə səfərlər edən və hər səfərində Qələbəmizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan mühüm hadisələrin tarixə yazılması bu məqamın da nümayişidir ki, cənab İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini göstərir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin “Biz bu torpaqlarda əbədi olacağıq” bəyanatı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj, tutarlı cavabdır.
Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra xarici mətbuata müsahibələrində jurnalistlərin “Bundan sonra Azərbaycan və Ermənistan əlaqələri hansı şərtlərlə necə bir prosesə daxil olacaq” sualına cavabında bildirmişdir ki, bunu demək çox çətindir. Çünki biz öz mövqeyimizi dəfələrlə bildirmişdik. İstəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik.
Artıq Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində addımlar atılır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin 3 dəfə görüşü keçirilib. Brüssel gündəliyinin müəllifi olan Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistan tərəfindən qəbul olunub. Bu, artıq tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımalarının təsdiqidir. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması, sərhədlərin delimitasiyası və sair kimi məsələlərin həlli istiqamətində də addımlar atılır. Amma real görünən budur ki, Ermənistan hələ də tərəddüdlər içərisindədir. Təbii ki, bu tərəddüd ATƏT-in Minsk qrupundan təklif gözləmələri və qurumun fəaliyyətini bərpa etmək istəkləri ilə bağlıdır. Amma əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan dövləti dəfələrlə bu addımın mümkünsüzlüyünü bəyan edib.
Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni, Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi ölkəmizin maraqlarına cavab verir. Bu, həmçinin Ermənistanın da maraqlarına uyğundur. Reallıq budur ki, hazırda diktə edən tərəf Azərbaycandır. Ermənistan məğlub ölkə kimi Azərbaycan Prezidentinin fikirləri ilə hesablaşmağa məhkumdur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sülh müqaviləsinin bağlanmasının zəruri şərt olduğunu vurğulamaqla bir daha siyasi iradəsini və Azərbaycanın dəyişməz mövqeyini nümayiş etdirir. İki ölkə arasında münasibətlərin nizamlanmasında, sülh müqaviləsinin imzalanmasına töhfələr verməkdə maraqlı olan Avropa İttifaqının neytral mövqeyi Azərbaycan tərəfindən dəstəklənir. Mütəmadi olaraq dövlət başçısı İlham Əliyevlə telefon əlaqəsi saxlayan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 4-də Azərbaycan Prezidentinə zəngində də Brüssel gündəliyinə aid məsələlər müzakirə olunmuşdu. Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulamışdı. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirmişdi. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə etmişdi.
Avropa İttifaqı rəsmilərinin ölkəmizə mütəmadi səfərləri də Azərbaycanla qurum arasında münasibətlərin yüksələn xətlə inkişafını təsdiqləyir. Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi ölkəmizlə qurumun münasibətlərinin aydın mənzərəsini yaradır. Avropa İttifaqı və quruma üzv olan dövlətlərin Azərbaycanla enerji sahəsində əməkdaşlıqları da yüksək səviyyədədir. Həm Avropa İttifaqı, həm də üzv dövlətlər Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələrini təqdir edir, əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu bildirirlər. Prezident İlham Əliyev iyulun 15-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. O da məlumdur ki, Toivo Klaar Azərbaycana səfərindən öncə, iyulun 13-də Ermənistanda olub.
Dövlət başçısı İlham Əliyevlə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın görüşündə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, Azərbaycanın üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızla bağlı mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət başçısı Brüsseldə keçirilmiş görüşlərin nəticəsi olaraq əldə edilmiş razılaşmaların həyata keçirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğulayıb.
Qeyd etdiklərimizin fonunda bu ümumiləşdirməni apara bilərik ki, postmünaqişə dövrünün reallıqları dünya gücləri tərəfindən qəbul olunub, onlar fəaliyyətlərini məhz bu istiqamətdə qururlar. Artıq Ermənistanın sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırması zamanıdır. Əks təqdirdə 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsi unutmamalıdır.

