Gündəm 

Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır

Bu gün kütləvi informasiya vasitələri (KİV) müasir cəmiyyətin ən vacib təsisatlarından biridir. Xüsusilə son illərdə kütləvi informasiya vasitələrinin yeni informasiya mühitinin və informasiya məkanının yaradılmasında, sosial proseslərə, cəmiyyətin inkişafına təsiri nəzərəçarpacaq dərəcədə böyükdür. Ümumiyyətlə, KİV kütləvi miqyasda informasiyanın toplanmasını, işlənməsini və yayılmasını təmin edən sosial institutlar kimi başa düşülür.

Artıq uzun illərdir ki, tez-tez eşitdiyimiz bir fikir var: Heç bir dövlət söz, mətbuat, fikir azadlığı olmadan inkişaf edə bilməz. Demokratik cəmiyyətlər yalnız bir şərtlə davamlı fəaliyyət göstərə bilər ki, vətəndaşlar yaxşı məlumatlandırılsınlar, informasiyalara sərbəst çıxış əldə etsinlər, onu sərbəst şəkildə mübadilə və müzakirə edib müxtəlif baxışlar, mülahizələr irəli sürə bilsinlər.

Yəqin müşahidə edibsiniz ki, əhali sevdiyi, hörmət etdiyi media nümayəndəsinin verdiyi hər informasiyaya qeydsiz, şərtsiz inanır. Məhz ona görə söyləyirlər ki, jurnalistika – jurnalistlər ictimai fikrə təsir imkanı baxımından heç də siyasətdən və ya siyasətçilərdən geri qalmırlar. Çünki elə siyasətçini də cəmiyyətə təqdim edən media qurumları, media nümayəndələridir.

Bəli, məşhur nəşrlərin köşə yazarları, televiziya şərhçiləri, aparıcı reportyorlar əhali tərəfindən qəbul edilir. Lakin təsdiqlənir ki, müxtəlif ölkələrdə media dünyada baş verənləri işıqlandırmaqda mümkün qədər qərəzsiz olmağa çalışsa da, yenə də bu məqsədə nail ola bilmir. Bu və ya digər media orqanı hesablaşdığı hədəf auditoriyasının maraqlarını və ya sahiblərinin siyasətini rəhbər tutaraq, müxtəlif hadisələrin gündəmini formalaşdıran müəyyən hadisələri diqqət mərkəzində saxlayır, digərlərini isə kölgədə qoyur. Məsələn, istənilən təcrübəli KİV nümayəndəsi, yazar, şərhçi müxtəlif mücərrəd elementlərdən, yazdığı, səsləndirdiyi mətndən istifadə etməklə ya sizi ona lazım olan istiqamətdə düşünməyə vadar edə bilər. Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır. Obyektivlik isə burada əsas peşəkarlıq meyarıdır. Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək hər bir media işçisinin sadəcə peşə borcudur. Böyük ingilis alimi Skott Çarlz Prestupi deyib ki, şərhlər azad olsa da, faktlar müqəddəsdir. Yəni, nə olursa-olsun fakt faktlığında qalır və o olduğu kimi auditoriyaya, oxucuya, istifadəçiyə ötürülməlidir.

İndi bütün dünyada mediada mətn ön sırada dayanır. Yəni, fikir, düşüncə, təqdimat əsas amillərdəndir. Ekspertlər iddia edirlər ki, bu baxımdan nə qədər yeni seqmentlər yaranırsa-yaransın, nə qədər vizual fərqliliklər ortaya çıxırsa-çıxsın medianın mahiyyət etibarılə məzmunu dəyişməyəcək, olduğu kimi qalacaq.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycanda da KİV-in sayında artım baş verdi. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirdi. Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” Qanun 1999-cu ildə qəbul olunub və dövrünə görə kifayət qədər yenilikçi qanun idi. Həmin dövrün tələblərinə cavab verirdi. Qısa müddətdən sonra isə ümumiyyətlə, yeni media resursları formalaşmağa başladı. İnternet resurslar – internet media inkişaf etdi, sosial şəbəkələr yarandı.

2021-ci il yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Fərmana əsasən yaradılan  Medianın İnkişafı Agentliyi (MEDİA) və atılan bir çox başqa addımlar media sahəsinin inkişafı məsələlərinin dövlətin diqqətində olduğunu bir daha təsdiq etdi. Ötən il dekabrın 14-də söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edəcək “Media haqqında” qanun layihəsi Milli Məclisin  plenar iclasında birinci oxunuşda təsdiq edildi. 9 fəsil, 78 maddədən ibarət sözügedən qanun layihəsi 20 dekabrda ikinci, 30 dekabrda isə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq səsvermədən sonra qəbul edildi.

Mətbuata göstərilən dövlət yardımı hər il davamlı olaraq artmaqdadır. Xüsusilə Prezident İlham  Əliyevin milli mətbuatımızın yaranmasının yubileyləri ilə əlaqədar peşəkar jurnalistləri fəxri adlarla təltif etməsi və MEDİA-nın  xətti ilə qəzet redaksiyalarına, hətta müxalifət mətbuatına ayrılan maliyyə yardımları bu sahədə çox böyük hadisə kimi qiymətləndirilir. Bu da önəmli faktdır ki, mətbuata göstərilən belə dövlət dəstəyi digər xarici ölkələrdə mövcud deyildir. Bununla da Azərbaycan dövləti obyektiv və qərəzsiz mətbuatın inkişafında maraqlı olduğunu dünyaya həmişə açıq şəkildə göstərir.

2021-ci ilin dekabr ayının 3-də Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilmişdir. Dəyişikliyə görə,  Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar müvafiq dəyişikliyə dair siyahının təsdiq olunması Nazirlər Kabinetinə həvalə olunmuşdu. Bu ilin  mayın 13-də isə  Azərbaycanın Baş naziri bununla əlaqədar müvafiq qərarı imzalayıb. Xüsusilə Nazirlər Kabineti idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısını təsdiq edib.

Hazırda Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini xeyli qabaqlayır. Azərbaycanda vətənpərvər, intellektual, bacarıqlı jurnalistlər ordusu var. Azərbaycanın milli mətbuatı inkişaf edir. Təbliğat insanların fikrini dəyişir, şüurunu, onların istənilən məsələyə münasibətinin keyfiyyətini formalaşdırır. Bu istiqamətdə Azərbaycan mediası çox böyük işlər görüb və bundan sonra da görməyə qadirdir.

Daha çox xəbərlər