Millətin dilinin dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tarixinin qızıl səhifəsidir
Azərbaycan Respublikasının əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Bu dil böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər.
Azərbaycan xalqının mənəvi sərvəti hesab edilən əlifbası və dili zaman-zaman yadelli işğalçıların təzyiqinə məruz qalsa da, millətin öz taleyinə sahibliyi və dilimizin zənginliyi onun məhv olmasına imkan verməmişdir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur.
Hal-hazırda 50 milyondan çox insanın Azərbaycan dilindən istifadə etməsi, xalqımızın öz mənəvi dəyərinin qorumasının bariz nümunəsidir. Milli vəhdət nəticəsində, 1992-ci ildə rəsmi olaraq latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul edildi. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir. Ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

