Hər bir qatqı maddəsinin sutkalıq istehlak dozası var
Əksər yeyinti məhsullarının istehsalında qida qatqılarından istifadə edilir. Qatqılar qidaların saxlanması müddətinin artırılması, dadının yaxşılaşdırılması, təbii rənginin uzun müddət qorunub saxlanılmasında iştirak edir.
ARANTV.AZ xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Əfsanə Cabbarovanın dediyinə görə, qatqı maddələri bitki, heyvan, mineral və ya sintetik mənşəli olur: “Qida sənayesinə yalnız elmi araşdırmalar nəticəsində təhlükəsizliyi sübut edilmiş və istifadə dozası müəyyən olunan qida qatqılarının istifadəsinə icazə verilir. Qida qatqılarının qidanın tərkibindəki digər inqridiyentlərlə qarışıqlarına yol verməmək üçün E hərfi və yanında üç rəqəmli kodlardan istifadə olunur. Təbiiliyindən və sintetikliyindən asılı olmayaraq bütün qida maddələri bu kodlama sisteminin tərkibinə daxildir”.
Təbii qatqılar orqanizm üçün faydalı olsa da, sintetik tərkibli qatqılar olduqca zərərlidir. Ona görə də onların istifadəsi miqdarına diqqət yetirmək lazımdır. Ağardıcı və konservant kimi istifadə olunan qida qatqılarının istifadə norması hər kiloqram üçün 40 milliqram nəzərdə tutulur.
Mütəxəssis deyib: “İstifadəsi qadağan edilmiş rəngləndirici ya toksiki, ya da kanserogen tərkibli olur. Ümumiyyətlə, qida sənayesində ən çox istifadə olunan dadlandırıcı tərkibində ət və balıq ehtiva edən dondurulmuş məhsullarda, eləcə də quru qablaşdırma halında satılan hazır şorbalarda və konservlərdə istifadə edilən natrium-qlütamatdır. Ondan ət və balıq ehtiva edən dondurulmuş qidalarda, quru qarışım halında satılan bütün şorbalarda, konservlərdə istifadə olunur. Qida qatqısının orqanizmə ziyanı müxtəlif amillərdən – həmin maddənin miqdarından, onu qəbul edənin sağlamlığından, orqanizmin fərdi xüsusiyyətindən və digər faktorlardan asılı ola bilər. Hər bir qatqı maddəsi üçün, bir qayda olaraq, sutkalıq istehlak dozası var. Həmin həddin aşılması isə insan sağlamlığına mənfi təsir göstərə bilər”.
Nəzərə almaq lazımdır ki, hər hansı kimyəvi maddənin insan orqanizmi üçün təsiri fərdi xüsusiyyətlərdən və qatqı maddəsinin miqdarından asılı olaraq dəyişir. Buna görə də hər bir qatqı maddəsi üçün tətbiq edilən sutkalıq istehlak dozası var və həmin həddin aşılması insan orqanizmi üçün mənfi təsir göstərməyə səbəb ola bilər”.
Mütəxəssislər hesab edirlər ki, dövrümüzdə allergik reaksiyalar, astma tutmaları, həzm sistemi problemlərinin geniş yayılmasının səbəbi zərərli qatqıların istehlakı və onların istehsalında qatqı maddələrinin kütləvi şəkildə istifadə olunmasıdır. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı xüsusən də uşaqların, yaşlıların və allergik insanların hazır qidaların istehlakından uzaq durmasını tövsiyə edir.

