Yeni kadrlar qarşısında qoyulan mühüm tələblər
Ötən günlərdə Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının Rayon İcra Hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar Araz Əhmədovu, Əkbər Abbasovu və Elvin Paşayevi qəbul etmiş, RIH başçılarına göstərişlərini vermiş və hər birinin qarşısına mühüm tapşırıqlar qoymuşdur. Ölkə başçımızın qəbul zamanı səsləndirdiyi fikirlər sadəcə qəbulda iştirak edən şəxslərə deyil, ümumilikdə bütün dövlət qulluqçularına, yüksək çinli məmurlara və özünü toxunulmaz hesab edən vəzifəli şəxslərə ünvanlanmış mesajlarla zəngin idi. Çıxışa ümumi kontekstdən yanaşdıqda bir neçə hissədən ibarət olduğu aydın olur. Belə ki, çıxışın bir qismi ölkəmizdə görülən işlər və onların perspektivləri ilə əlaqədar olduğu halda, digər bir qismi bu islahatların keyfiyyətini təyin edəcək kadrlar və onların davranışları ilə bağlı idi. Aydındır ki, institusional və struktural islahatlar yaxşı rəhbər kadrlarla dəstəklənmədikdə onların səmərəli nəticəsindən danışmaq qeyri-mümkün olur. Bu mənada ölkə başçımızın bu məsələyə çıxışında yer verməsi və yeni kadrlar qarşısında mühüm tələblər qoyması başa düşüləndir.
Dövlət başçımızın icraedici hakimiyyətin yeni üzvləri qarşısında qoyduğu tapşırıqlar əsasən belə idi: Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə, sosial ədalət prinsipinə bağlılıq, şəhid ailələrinə, müharibə iştirakçılarına diqqət, insanlarla sıx təmas, ekologiyaya qayğı, inşaat, kənd təsərrüfatı və turizm sahələrində qaydalara riayət etməklə sahibkarların cəlb edilməsi və təşəbbüskarlıq. Bu başlıqların hər biri dövlət siyasətinin təzahürləri olmaqla məmurların gündəlik iş prinsipində tətbiq etməli olduğu təməl maddələrdir. Ancaq bəzi hallarda kimlərsə şəxsi maraqları naminə dövlət siyasətinə kölgə salmağa cürət edir və bunun acı nəticələrini çox keçmədən yaşayırlar. Belə halların baş verməməsi üçün hər bir şəxs dövlət rəhbərinin xəbərdarlıqlarından dərs çıxarmalı və öz fəaliyyətini qanunlar və dövlət maraqları ilə tənzimləməlidir.
Cənab İlham Əliyev çıxışında ictimai nəzarətdən də bəhs edərək, bunun mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsində mühüm rol oynadığını qeyd etmişdir. Eyni zamanda, ictimaiyyətin bir qrup nümayəndəsinin ölkə Prezidentinə müraciət etməsi və böyük tarixə malik olan Buzovna qayalarının bəzi insanlar tərəfindən zəbt edilməsini bildirməsi nəticəsində aparılan araşdırmalarla aşkar olunan qanun pozuntuları ölkə başçımızın nitqində özünə yer tapdı. Beləliklə, yeni kadrlarda bu məsələlərə xüsusi diqqət göstərməli, torpaq fondunun səmərəli istifadəsinə çox böyük diqqət ayırmalıdır. Bu həm şəffaflıq, həm şəhərsalma, həm də dünyanın hazırda içində olduğu ərzaq böhranının ölkəmizə təsirlərinin minimuma endirilməsi üçün əlavə torpaq sahələrindən istifadənin gündəmdə olduğu bir vaxtda olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, Masallı, Lerik və Göygöl rayonlarının hər birinin kənd təsərrüfatı üçün böyük potensialı mövcuddur onda yeni təyin olunmuş icra başçılarının bu məsələyə diqqətlə yanaşmasının vacibliyi bir daha özünü göstərir.
Qoyulan tələblərdən bir digəri isə rayonlarımızda olan iqtisadi potensialı real iqtisadi münasibətlərə çevirməklə yeni iş yerləri və rifah yaratmaqdan ibarətdir. Bunun üçün yerli və xarici sərmayənin rayonlarımıza gətirilməsində təşəbbüskar kimi yerli icra başçıları şəxsən çıxış etməlidir. Bu, rayonlarımızda yeni iş yerlərinin açılması və regionlarımızın inkişafı üçün ciddi əsaslar yaradacaqdır. Əlbəttə ki dövlətimiz regionların sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüş, bu istiqamətdə Dövlət Proqramları qəbul edərək infrastruktur layihələri icra olunmuşdur. Ölkə başçımızın da vurğuladığı kimi, elə infrastruktur layihələri icra olunub ki ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Bütün bu işlər regionların inkişaf etdirilməsi, bölgələrin turizm potensialının artırılması, sakinlərin daha rahat yaşaması və sosial rifahının yüksəldilməsi kimi məqsədlərlə icra olunmuşdur. İcra başçıları da öz fəaliyyətini bu istiqamətdə qurmalı, vətəndaşlarla birbaşa ünsiyyət saxlamalı, problemləri onların özündən dinləməli, təşəbbüskar olmalı, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmalıdırlar. Ümid edirik ki, böyük gözləntilərlə vəzifəyə təyin olunan hər üç şəxs və onların timsalında bütün gənc kadrlar onlara göstərilən etimada layiq olar, öz rayonlarının inkişafında müstəsna rol oynayar və daim xoş hadisələrlə yaddaşlarda iz qoyar.
Arzu Cahangirova,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin sədri


