Prezidentin tələbi: İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın
Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha bildirdi ki, idarəetmədə çox ciddi islahatlar, çox böyük təmizləmə işləri aparılır
2003-cü ildən «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürən dövlət başçısı İlham Əliyev bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoydu. Regional inkişaf proqramlarının qəbulu və uğurlu icrası hədəflərə lazımi səviyyədə nail olmağa əsas verir. Ölkə Prezidenti çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq. Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik.
Korrupsiyaya, inhisarçılığa və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, bu istiqamətdə aparılan islahatların ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsi sübut edir ki, cəmiyyətdə şəffaflığın təmin olunması naminə dövlətin apardığı siyasət kampaniya xarakterli deyil, ciddi, qətiyyətli, davamlı prosesdir. Qarşıya qoyulan məqsədə çatmaq üçün görülən profilaktik tədbirlər, əhali arasında aparılan maarifləndirmə işinin intensivləşməsi, Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələrinin dəstəklənməsi, yeni texnologiyalar əsasında formalaşan «Elektron hökumət»in bütün sahələri əhatə etməsi, «ASAN xidmət» şəbəkəsinin genişləndirilməsi insanları narahat edən neqativ və bürokratçılıq hallarının aradan qaldırılmasında səmərəsini göstərməkdədir.
İctimai və sosial xidmətlər sahəsində inqilab adlandırılan, beynəlxalq səviyyədə təbliğ olunan «ASAN xidmət»in funksiyalarının genişləndirilməsi, xidmət növlərinin artırılması korrupsiyaya, rüşvətxorluğa, bürokratiyaya qarşı mübarizədə dövlətin siyasi iradəsinin göstəricisidir. İqtisadiyyatın, aqrar sahənin, həyatımızın bütün sahələrində gündəlik tələbatın, iş prinsipinin «ASAN xidmət»in funksiyalarına uyğunlaşdırılması, biznes sahəsində əməliyyatların elektron variantlarda həyata keçirilməsi demək olar ki, korrupsiyaya qarşı mübarizədə özünü doğruldur. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanunun tətbiqi ilə qeyri-qanuni, əsassız yoxlamaların 2 il müddətinə dayandırılması, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlara zidd hallar müstəsna olmaqla, digər təftişlərə məhdudiyyətlərin tətbiqi korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirildi. «Bir pəncərə» sisteminin, «ASAN xidmət»in təşkili ilə ölkədə sağlam xidmət mühiti formalaşdı. İnhisarçılıq və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi naminə korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul olundu. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq olundu. «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun qəbulu, neqativ hallara qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların yaradılması «ictimai bəla»ya qarşı ictimai nəzarəti gücləndirən, gündəlik məsələ kimi aktuallaşdı.
Prezident İlham Əliyev hər zaman qətiyyətlə bildirir ki, sahibkarları incidən, onlardan qanunsuz tələbdə olan şəxslər cəzalandırılacaqlar. Vergi siyasəti ilə əlaqədar ciddi tapşırıqlar verilir. Ölkəmizdə aparılan kadr islahatlarına uyğun olaraq təyin edilən yeni icra başçıları ilə qəbulda Prezident İlham Əliyevin məmurlardan başlıca tələbi ali qanunlar qarşısında vəzifə məsuliyyətlərinə vicdanla yanaşmaq, ictimai davranış qaydalarına uyğun olmayan, insanlığa yaraşmayan, ictimai rəy tərəfindən müsbət qarşılanmayan hallara yol verilməməsidir.
İyulun 25-də Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha bildirdi ki, idarəetmədə çox ciddi islahatlar, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər: «Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır.»
Dövlət başçısı İlham Əliyev yeni təyin edilmiş icra hakimiyyəti başçıları ilə görüşündə hər zaman bu tələbi səsləndirir ki, elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Məmurlara əsas tövsiyə budur ki, rayon rəhbərləri fəaliyyətlərini vətəndaş rəyi, istəyi, tələbi və təklifi əsasında qurmalıdırlar. Cənab İlham Əliyev qeyd olunan qəbulda rayon rəhbərliyinin özünün də təşəbbüsünün olmasının vacibliyini bildirdi. Təbii ki, dövlət hər bir bölgənin inkişafı üçün konkret tədbirlər palnı hazırlayır və icrası istiqamətində ciddi addımlar atır. İmzalanan hər bir sənəddə hədəflərlə yanaşı, onların icra mexanizmləri də öz əksini tapır. Bütün hallarda məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir. Əsas tələblərdən biri də budur ki, heç kəs məsuliyyətdən qaça bilməz. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Qanunlara hörmətlə yanaşmaq hər kəsin borcudur. Cəmiyyət qanunlarla idarə edilir. Bu sənədlərin hər biri ayrı-ayrı sahələrin inkişafına geniş imkanlar açır ki, bu da öz növbəsində ölkənin hərtərəfli tərəqqisini təmin edir. Dövlət hər zaman vətəndaşının yanındadır. Cənab İlham Əliyev yeni təyinatları qəbul edərkən bu tapşırığı da vermişdi ki, daim insanlarla təmasda olmalısınız. Kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət edilməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.
Dövlətin həyata keçirdiyi siyasətin əsasında insan amilinin dayanması atılan hər addımda özünü təsdiqləyir. Korrupsiyanın qarşısının alınması, şəffaflığın təmin edilməsi üçün əsas amil olan kadr siyasəti bu prinsiplərə əsaslanır: Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Bu cür mənəvi keyfiyyətləri şəxsiyyətində formalaşdıran, gündəlik iş prinsipi kimi yerinə yetirən, haqqında müsbət mənada ictimai rəy formalaşan məmurlar layiqli xidmətləri ilə vəzifə məsuliyyətlərini dərk edir, təvazökarlıqları, mədəni davranışları, səmimiyyətləri ilə etimadı doğruldurlar. Bu isə öz növbəsində onların ölkənin inkişafına töhfələrinin miqyasını genişləndirmələri ilə müşayiət olunur. Prezident İlham Əliyev daim bildirir ki, yerlərdə insanların dolanışığı, rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır.
Bu gün regionlarımız sürətli inkişaf dövrünü yaşayır. Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası yeni-yeni hədəflərə yol açır. Artıq işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və bərpa işləri həyata keçirilir. Bütün bu addımlar ümumilikdə Azərbaycanın iqtisadi möcüzələr ölkəsi imicinə yeni əlavələr edir.
Azərbaycanın hədəflərə yüksək səviyyədə nail olması çox böyük potensialı var. İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimiz yeni reallıqlar yaradıb. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş miqyas alıb. Bütün işlər müasir tələblər səviyyəsində qurulur. Artıq Böyük Qayıdışın ilk addımları atıldı. 41 ailə, 201 sakin Zəngilan Ağalı kəndinə qayıtmaqla bu torpağa yeni nəfəs, yeni həyat verir. Böyük Qayıdışın davamlı olacağı şübhəsizdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz bu torpaqlarda əbədi olacağıq. İşğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə etməklə ölkəmizin gələcəkdə dayanıqlı inkişafını təmin edəcəyik. Bir sözlə, Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Yeni icra hakimiyyəti başçıları ilə görüşündə «İndi hər şey göz qabağındadır» söyləyən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır: «İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın.»
Qısa təhlil bu ümumiləşdirməni aparmağa əsas verir ki, şəffaflıq dayanıqlı inkişafın əsasıdır. Dövlət başçısı İlham Əliyev bu şəffaflığın təmin olunması üçün bütün məmurlardan daha məsuliyyətli olmağı, qarşılarına qoyulan vəzifəni layiqincə yerinə yetirməyi, ən əsası ictimaiyyətin arasında olaraq onların problemlərini özlərindən eşidərək həlli istiqamətində zəruri addımların atılmasını tələb edir. Bu çağırış daim səsləndirilir ki, Azərbaycan bu sahədə də nümunə olmalı, təcrübəsi öyrənilməlidir. İdarəçilik sistemində yeniləşmə, təkmilləşmə mütləqdir.

