Prezident İlham Əliyevin yeni reallıqları əks etdirən diplomatiyası
Dövlət başçımızın xalqları sülhə, həmrəyliyə, birliyə, ədalətə çağıran təşəbbüsləri ölkəmizi dünyada humanitar platforma kimi tanıdır
Dünya təcrübəsində hər bir xalqın taleyinə yazılan, zamanın hökmünə uyğun baş verən tarixi hadisələri zəkası, təcrübəsi ilə idarə edən və özünəinam formulunun qaydalarını müəyyənləşdirən, lider adını həqiqi mənada doğruldan müdriklərin hər biri əbədiyaşam haqqı qazananlardırlar. Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları ideyalar gələcəyin bələdçiləri kimi qorunub, yaşadılıb . Məhz, buna görə də, belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider adalırını əməlləri ilə qazanıblar. Onların yaratdıqlarını, zəngin, böyük irsini araşdıranda, haqqında danışanda yaranan qənaət belədir: “Yaşadıqları dövrün gerçəkliklərini, reallıqları şəxsiyyətlərində formalaşdıran dahiləri yetişdirən tarix həm də onları yaşadır, əbədiləşdirir.”
Zamanın müxtəlif dövrlərində tarixiləşən şəxsiyyətlər sırasında müdrikliyi ilə fərqlənən dövlət xadimləri arasında şəxsi nüfuzu ilə ilk sıralarda yer alan ulu öndər Heydər Əliyev müasirləri arasında sayılıb-seçilən müdriklərdən olub. Bu gün onun məktəbinin yetirməsi, müasir dünya siyasətində qətiyyəti, özünəgüvən bacarığı ilə seçilən Prezident İlham Əliyevin adı bütün səviyyələrdə hörmətlə çəkilir. «Bizim sözümüz imzamız qədər keçərlidir!» sözləri ilə Azərbaycan diplomatiyasının qarşısında daim «yaşıl işıq» yandıran Prezident İlham Əliyev dövlətçilik təcrübəsi, liderlik məharəti ilə « söz var ki, qılıncı kəsər» müdrik kəlamının hikmətini də təsdiqləyir.
İkinci Qarabağ müharibəsi Qələbəmizlə başa çatdıqdan sonra Ermənistanın işğal altında saxladığı ərazilərdə törətdiyi vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün həyata keçirilən bütün tədbirər, görüşlər Prezident İlham Əliyevin düşünülmüş siyasətinin, öncədəngörmə qabiliyyətinin beynəlxalq səviyyədə təsdiqi, etirafıdır.
Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələrinin, xarici jurnalistlərin Ermənistanın işğalından azad edilmiş ərazilərə səfərlərinin təşkili, işğalçıların törətdikləri hərbi, ekoloji, mədəni terrorların, milli-mənəvi dəyərlərimizə vurduqları ziyanların dünya ictimaiyyətinə çatdırılması ölkəmizin xarici siyasətinin uğurlarındandır. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan kimi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən, işğalçı ölkənin «qüdrətli ordu» mifini darmadağın edən Prezident İlham Əliyev informasiya cəbhəsində də rəqibinə qalib gəlməsi yuxarıda qeyd olunan sözün ən qüdrətli silahdan da güclü olmasının real həyatda təsdiqidir.
Ötən ilin fevral ayında çoxsaylı xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransından bir məqama diqqət yetirək. Böyük Britaniyadan olan müstəqil jurnalistin « Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım» sözləri Prezident İlham Əliyevin beynəlxalq aləmdə yüksək dəyərləndirilən dövlətçilik məharətinin, siyasi hazırlığının, nitq mədəniyyətinin, hərtərəfli şəxsiyyət kimi formalaşan liderlik bacarığının, ən nəhayət «özünəinam formulu»nun ifadəsidir.
Həmin tədbirdə 35-dən çox jurnalistin 50-yə yaxın sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla zəngin diplomatik bacarığa və səriştəyə malik oduğunu da göstərdi. Çıxış və bəyanatları ilə Qərbdə, Avropa ölkələrində illərdən bəri ermənilərin formalaşdırdıqları «islamofobiya», «anti-Azərbaycan» kimi zərərli düşüncələri Azərbaycanın xeyrinə dəyişən Prezident İlham Əliyev məntiqli cavabları ilə təfəkkürlərdə dönüş yaratdı. Hətta qərəzli suallarla reallıqlara kölgə salmağa çalışan öyrədilmiş jurnalistlərin suallarını belə qətiyyətlə, təmkinlə cavablandıran dövlət başçımız auditoriyaya sözün əsl mənasında siyasi liderlik, ustad dərsi keçdi. Azərbaycanın haqlı mövqeyini konkret faktlarla, beynəlxalq hüquq normaları baxımından izah edərək bütün dünyaya çatdırdı ki, multikultural dəyərlərə malik, tolerant Azərbaycanın Milli Ordusu döyüş əməliyyatlarını da yeni mənəvi qaydalar əsasında aparır. Ən çətin işin öhdəsindən gələn dövlət başçımızın adının müasir dünya diplomatiyasının tarixinə yeni prinsiplərin müəllifi kimi yazılması də təsadüfi deyil. Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə bölgədə yaranan yeni reallıqları diqqətə çatdırmaqla, dünyanın siyasət masasında aktuallığını qoruyan, bəşəriyyətin taleyini həll edəcək qlobal problemlərin həllində aparıcı lider olduğunu da təsdiqləyir. Nüfuzlu beynəlxalq təşkilatların, beyin mərkəzlərinin dövlət başçılarına xalqın münasibəti ilə bağlı keçirdikləri sorğularda Prezident İlham Əliyevin adının həmişə birincilər sırasında çəkilməsi dövlət başçımızın dünyanın siyasi arenasında qazandığı liderlik məharətinin, fəlsəfəsinin etirafıdır.
Qlobal hadisələrin cərəyan etdiyi, ikili standartların, güc amilinin söz sahibi olduğu, ədalətin zülmün kölgəsində itdiyi indiki zamanda, qloballaşan dünyamızda dövlətçiliyimizin maraqlarını qoruyan, Ermənistanın işğalçılıq siyasətinin əsl məramını diqqətə çatdıran Prezident İlham Əliyevin diplomatik səyləri, geniş auditoriyalarda canlı və yaxud videoformatda təşkil olunan tədbirlərdəki açıqlamaları Azərbaycandan dünyamıza baxış və bəşəriyyətin qorunması çağırışı olmaqla İkinci Qarabağ müharibəsindəki Qələbəmizi də təmin etdi.
Azərbaycan Zəfəri ilə illərdən bəri məcburən rastlaşdığı ədalətsizliyi öz gücü ilə aradan qaldırdı. Qalib dövlətin başçısı kimi qürur duyan cənab İlham Əliyev «Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun» çağırışı ilə «hərb və sülh» cütlüyünün vəhdətində sözün hikmətinə, silahın gücünə inanaraq xalqına verdiyi vədini yerinə yetirdi. Azərbaycanın düşünülmüş hərbi doktrinası ilə bərabər ictimai rəyə təsir imkanları artan informasiya doktrinasının da olduğunu müsahibələrində səsləndirdiyi məntiqli çıxışları, arqumentlərilə təsdiqlədi. İnformasiya cəbhəsindəki Qələbəsi, dövlətçilik təcrübəsi, zəngin təfəkkürü, fərqli modeli illərdən bəri dünya ictimaiyyətini saxta faktlarla aldadan erməni lobbisinin yalan, təxribat maşınlarını darmadağın etdi. XXI əsrin tələblərinə uyğun yeni, reallıqlardan qaynaqlanan informasiya məktəbi formalaşdırdı.Dünyanın siyasi, iqtisadi, humanitar platforması adını əməli fəaliyyəti ilə doğruldan Azərbaycanın xarici siyasətinin gündəliyi həmişə olduğu kimi bu gün də zəngindir.
Beynəlxalq hüquqa əsaslanan məntiqli çıxışları ilə liderlik məharətini göstərən, Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək» mövzusunda keçirilən XI sessiyasında Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa- quruculuq işlərindən bəhs edən Prezident İlham Əliyevin Aşqabadda beş Xəzəryanı ölkələrin- Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, İran İslam Respublikasının, Rusiyanın iştirakı ilə təşkil olunmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında regional əməkdaşlığın möhkəmlənməsi, bölgədə sabitliyin təminatı ilə bağlı çıxışı da maraq doğurmuşdur. Əməkdaşlıq etdiyi ölkələrin maraqlarını milli mənafelərimizi qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirən, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə münasibətlərini tərəfdaşlıq səviyyəsində təkmilləşdirən Azərbaycanın diplomatiyada qazandığı uğurlar Prezident İlham Əliyevin dünyada möhkəmlənən şəxsi nüfuzunun, siyasi qətiyyət və hazırlığının nəticəsidir. Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi qüdrəti ilə liderliyini qoruyan Azərbaycan bölgədə sabitliyin təminatına yönələn təşəbbüslərin müəllifi və iştirakçısıdır.
ABŞ Prezidenti Cozef Baydenin xalqımızın milli bayramlarında, o cümlədən Müstəqillik Günü və Bakı Enerji Həftəsi ilə bağlı dövlət başçımız İlham Əliyevə göndərdiyi təbrik məktublarında qeyd olunan «Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq»
sözləri, ölkəmizin təşəbbüsü kimi maraq doğuran « yaşıl enerji» layihələrinin dəstəklənməsi, ABŞ-Azərbaycan arasındakı diplomatik əlaqələrin 30 illik əməkdaşlığının tərəfdaşlıq səviyyəsinə yüksəlməsi
Birləşmiş Ştatların Cənubi Qafqazdakı siyasətində Azərbaycan amilinə göstərilən ehtiramın, ölkəmizə artan marağın ifadəsidir. ABŞ Prezidenti Cozef Baydenin imzaladığı müvafiq qərarla 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə Amerika Konqresi tərəfindən «Azadlığı Müdafiə Aktı»na «907-ci düzəliş» qadağasının növbəti dəfə aradan qaldırılması rəsmi Vaşinqtonun ölkəmizə etimadı, səmimi dostluq münasibətlərinin təsdiqi, Azərbaycan diplomatiyasının uğurudur.
Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi, söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyətinin qeyd olunması Birləşmiş Ştatların ölkəmizə artan diqqətidir. Sonra dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən 3890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu bildirdi və Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməməsinə diqqəti çəkdi. Dövlət başçımız Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən artıq vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirdi.
Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında intensivləşən görüşləri, qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün vacib olan və ölkəmiz tərəfindən irəli sürülən beş bənddən ibarət təkliflər paketinin dəstəklənməsi, quruma üzv 27 dövlətin respublikamızla əməkdaşlığa marağın ifadəsidir. Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlığın ən yüksək səviyyədə olması qitə dövlətlərinin ölkəmizə artan maraqdan qaynaqlanır. Qarşılıqlı münasibətlər əsasında inkişaf edən Aİ ilə Azərbaycan arasında intensivləşən əlaqələrin ölkəmizin diplomatiyasının qitə dövlətləri tərəfindən dəstəklənməsidir. Avropa İttifaqı ilə ölkəmiz arasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını dəstəkləyən «Tərəfdaşlıq prioritetləri»nə dair sənədin paraflanması və yeni hərtərəfli sazişin razılaşdırılması çox mühüm addımdır.
Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin xarici siyasətinin uğurlarından bəhs edən dövlət başçımızın vurğuladığı kimi, müvafiq dövrdə respublikamızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər xarici siyasətimizin mənzərəsidir.
«Qlobal dünya nizamına təhdidlər» mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda dünyada qlobal təhlükəsizlik üçün narahatlıq yaradan münaqişələr, terror aktları, ərzaq qıtlığı, pandemiyadan sonra baş verən iqtisadi böhrandan çıxış yolları, sayı artan miqrantların qayğısı, Ukrayna hadisələri ilə bağlı müzakirələrin aparılması, paytaxtımızda «TEKNOFEST Azərbaycan » festivalının keçirilməsi təsdiqlədi ki, illərdən bəri sivilizasiyalararası körpü kimi ölkələrarası əməkdaşlığın möhkəmlənməsinə töhfələr verən, multikultural dəyərlərin təbliğində nümunə göstərilən Azərbaycan tolerant ölkə kimi də müxtəlif millətlərin birgə yaşadığı nadir ölkələrdəndir. BMT-dən sonra üzvlərinin sayına görə böyük təsisat olan, 120 ölkənin təmsil olunduğu , Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda keçirilən konfransına beynəlxalq aləmdə artan maraq respublikamıza etimadın təcəssümüdür.
Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı quruma daxil olan dövlətlərin yekdil rəyi
ölkəmizə inam və etimadı daha da artırmışdır. «Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, təsisatın təşkilata çevrilməsi qurumun fəaliyyət coğrafiyasını daha da genişləndirəcək. Ölkəmizin siyasi, iqtisadi, humanitar platforma kimi tanınması, pandemiya dövründə Azərbaycanın COVID- 19-la bağlı 80-dən çox ölkəyə yardım göstərməsi, «vaksin millətçiliyi» əleyhinə səsləndirdiyi çağırışların beynəlxalq səviyyədə dəstəklənməsi diplomatiyamızın uğuru olmaqla Prezident İlham Əliyevin siyasi aləmdə artan nüfuzunun nəticəsidir.
Xarici siyasətində əsas amil olan qardaş Türkiyə, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hər zaman fəallıq göstərən Azərbaycanın təşkilat, həm də üzv ölkələrlə təmasları genişlənir. Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşlərini nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq formatı adlandıran Prezident İlham Əliyev bildirir ki, beynəlxalq aləmdə aparıcı güc mərkəzi olmaqla diplomatik uğurları ilə seçilən, dünyanın enerji təhlükəsizliyinin təminatında böyük nüfuza malik ölkə kimi nüfuzu artan Azərbaycan üzərinə götürdüyü öhdəliyə, verdiyi sözə sadiqdir: « Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır – ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik.»
Zəngəzurun Azərbaycana qaytarılmasında israrlı olduğunu
bildirən, Ermənistan istəsə də istəməsə də tarixi nailiyyətimiz olan və böyük əhəmiyyət daşıyan dəhlizin bərpa olunacağını «Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq» sözləri ilə bildirən Prezident İlham Əliyevin lider qətiyyətinin dəyişilməyən, daha da möhkəmlənən mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsi müasir dövrün tələblərinə cavab verən diplomatiya məktəbinin formalaşan ənənələrinin reallığa əsaslandığını göstərir. Bu məktəbin yaradıcısı humanitar təşəbbüsləri ilə xalqları sülhə, həmrəyliyə, birliyə, ədalətə çağıran Prezident İlham Əliyevdir!

