Gündəm 

Ərzaq böhranı qaçılmazdır: Azərbaycan bu təhlükədən necə sovuşacaq?

Beş aydan artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi insan tələfatı və dağıntılarla yanaşı, çoxsaylı qlobal problemlər yaratmaqda davam edir. Sanksiyaların böyük dərəcədə təsir etdiyi Rusiyada bahalaşma, işsizlik, inflyasiya sürətlə artmaqdadır. Problemlər Rusiya ilə yanaşı, digər ölkələrə də təsirsiz ötüşmür. Artıq əksər ekspertlər “müharibə planetdə aclığa səbəb ola bilərmi” sualına cavab axtarır, araşdırmalar hazırlayır, proqnozlar səsləndirirlər. Əksəriyyətin də gəldiyi nəticə budur ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəinki ukraynalılara və ruslara ölüm gətirir, həm də bütün dünya üçün kəskin ərzaq böhranı və yoxsulluğun artması təhlükəsini yaradır.

Statistik rəqəmlər göstərir ki, ərazisinin 70 faizi münbit torpaqlardan ibarət olan Ukraynada 32 milyon hektar əkin sahəsi var. Bu nisbət bütün Avropanın əkin sahələrinin 1/3 hissəsinə bərabərdir. Ərazilərində əsasən taxıl becərən Ukrayna bu özəlliyi ilə Avropanın “çörək səbəti” kimi də tanınır. Üstəlik, təkcə Avropa qitəsi deyil, Şimali Afrika və Yaxın Şərq ölkələri də Ukrayna taxılından asılı vəziyyətdədir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2020-ci ildə Livanda istehlak edilən buğdanın təxminən 50 faizi, Yəməndə 22 faizi, Liviyada isə 43 faizi Ukraynadan idxal edilmişdi. Misir, İsrail, Səudiyyə Ərəbistanı, İran və s. kimi ölkələr də istehlak etdikləri taxılın önəmli hissəsini Ukrayna və Rusiya qaynaqlarından təmin edirdi.

Müharibənin başlanması ilə hər iki ölkənin taxıl ixracatında əsas tranzit xətti rolunu oynayan Qara dənizin gəmilərin keçişi üçün təhlükəli hala gəlməsi, Mariupol, Xerson, Berdyansk limanların işğal olunması vəziyyəti daha da çətinləşdirir. Adətən istehsal etdiyi taxılın 95 faizini dəniz yolu ilə ixrac edən Ukrayna bu limanları itirməsi, digər limanların isə ciddi şəkildə xəsarət alması səbəbindən ixracatda ciddi çətinliklərlə üzləşir. Bu da azmış kimi, müharibənin illərlə sürməsi ehtimalı var və Çin, Hindistan kimi önəmli taxıl istehsalçıları qlobal ərzaq qıtlığı yaranacağından narahat olaraq, buğda ixracına qadağalar qoyub. Bu da problemin yalnız dünyanın bir hissəsinə deyil, tamamına təsir göstərəcəyi anlamına gəlir. Məhz bu səbəbdən başda Almaniya olmaqla, bir çox Avropa ölkələri Rusiyanı liman blokadaları ilə Ukraynadan buğda ixracının qarşısını almaqda və ərzaq məhsullarından “strateji silah” kimi istifadə etməkdə günahlandırırlar.

Bəzi iqtisadi proqnozlara görə, Ukraynada taxılçılıqla məşğul olan ərazilərin işğalı nəticəsində ölkənin məhsuldarlığı da aşağı düşməkdə davam edəcək. İldə 33 milyon ton taxıl istehsal edən Ukrayna bu şərtlərdə ancaq 18 milyon ton taxıl yığa bilər ki, bunun da istehlak bazarına çıxarılması ciddi problem kimi qarşıda dayanır. Dünyanın 5-ci ən böyük buğda ixracatçısı olan ölkədə yaranmış bu vəziyyət, təbii ki, Azərbaycana da öz mənfi təsirini göstərə bilər. Üstəlik, təhlükənin təkcə ərzaq buğdası sahəsi ilə qalmayacağı, həmçinin quşçuluq, ətçilik kimi sektorlarda da ciddi problemlərə yol açacağı ehtimalı da var. Baxmayaraq ki, Azərbaycanın əsas taxıl tədarükçüsü Ukrayna yox, Rusiyadır, taxıl idxalımızın 25 faizindən çoxu bu ölkənin payına düşür. Bundan əlavə, ölkəmiz kənd təsərrüfatına lazım olan mineral gübrələrin 30 faizə qədərini, xeyli miqdarda digər ərzaq məhsulları Rusiyadan alır.

Azərbaycan bu problemlərin təsirini azaltmaq məqsədilə mühüm addımlar atır, ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi üçün yeni institusional mexanizmlər yaradılır. 2021-ci ildə ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlılığının artırılması üçün Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 19 iyul tarixli “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanına əsasən isə ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə yeni mexanizmlər yaradılmışdır. Digər tərəfdən müvafiq orqanlara tapşırıqlar verilib ki, qiymətlərin artımından sui-istifadə hallarının qarşısı alınsın və bu istiqamətdə işlər aparılır. Eyni zamanda, sahibkarlarla maarifləndirici tədbirlər həyata keçirilir.

Dövlət başçısının tapşırığına əsasən, ötən il büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının 20 faiz artırılması ilə bağlı sərəncamlar imzalanıb, eyni zamanda, pensiyaların indeksləşdirilməsi istiqamətində addımlar atılıb. İndeksləşmə məbləğinin qanunvericiliyə uyğun olaraq az olmasını nəzərə alaraq, ölkə başçısı tərəfindən pensiyaçılara əlavə maddi yardımın göstərilməsi barədə qərar qəbul edilib. Bu tədbirlərlə hökumət çalışır ki, inflyasiya təzyiqləri bir qədər də azaltsın. Maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, ərzaq məhsullarının qiymətinin artırılmasını nəzərə alaraq, cari ildə dövlət büdcəsində dəyişikliklərin edilməsi çərçivəsində 193 milyon manat məbləğində vəsaitin ərzaq təhlükəsizliyi üzrə ehtiyatın yaradılması üçün ayrılması nəzərdə tutulub. Bu sahədə əlavə çevik tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, illik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması dünyada ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir. Mərkəzi Banka görə, dünyada ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq qiymətlərinə artırıcı təsir göstərən amillərdəndir. Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir. Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərar imzalayıb.

Daha çox xəbərlər