Cəmiyyət 

Xalqa xidmət göstərmək lazımdır

Özbaşınalığa yol verənlər və karyeristlər əməllərində düzəliş etməlidirlər

Ümumi axının qarşısında ilişib qalanlar gec-tez çıxdaş olaraq üzüaşağı yuvarlanırlar. Azərbaycan indiyədək müstəqillik yollarında kol-kos kimi bitənləri süpürüb atıb. Ancaq çoxmilyonlu cəmiyyətdə “təmizləmə” daim lazımdır, çünki atalarımız demişkən: “meşə çaqqalsız olmur”. Bunu müstəqillikdən sonra yola saldığımız otuz bir il də açıq göstərir.

Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu illərdə xalqın rifahını, Vətənimizin tərəqqisini düşünür, bu yolda qarşıya çıxan bütün əngəlləri aradan qaldırırdı. Ulu Öndərimizin zəhmini üzərlərində hiss edən vəzifəli şəxslər özlərini yığışıqlı aparmağa, idarəetmədə və vətəndaşlarla münasibətdə, ərizə və şikayətlərə baxılmasında səhv buraxmamağa çalışırdılar. O zaman “kiçik padşahlar” adlandırılan rayon partiya komitələrinin birinci katibləri suyu da üfürə-üfürə içirdilər.

Böyük Liderin siyasi varisi olan Azərbaycan Prezidenti İlham Əliyev müasir demokratiya şəraitində xalqın yaxşı yaşaması üçün əlindən gələni əsirgəmir. Dövlət əhalisinin rifahı, firavan yaşaması, xoş gələcəyi üçün çox işlər görür, beynəlxalq miqyaslı layihələrə imza atır, məqsədyönlü daxili siyasət həyata keçirir. Dövlət başçımız çalışır ki, idarəçiliyə cəlb etdiyi insanlar əhali ilə normal rəftar etsin, onlara tapşırılan işləri qüvvədə olan qanunlar çərçivəsində yerinə yetirsinlər. Ölkəmizin rəhbəri öz davranışı və atdığı addımlarla böyük nümunələr göstərib.   Ona görə də bu gün ölkə əhalisinin böyük hissəsinin dövlət başçısının fəaliyyətindən razılığı şübhəsizdir. Amma sirr deyil ki, bəzi xırda və iri məmurlarla əhali arasında ciddi problemlər  yaşanır. Son vaxtlar baş verən xoşagəlməz hadisələr də bunu açıq göstərir. Müəyyən mövqe tutan məmurlar var ki, xidmət etməli olduqları əhaliyə hörmətsizlik göstərirlər. Onlar tutduqları vəzifədən sui-istifadə edərək dərəbəylik yaradır, insanların haqqını tapdayır, müraciətlərinə qulaq asmır, ən xırda qayğılarının həllinə biganə yanaşırlar. Son vaxtlarda bir sıra yüksək vəzifəli şəxslərin, o cümlədən rayon icra hakimiyyəti başçılarının və bələdiyyə sədrlərinin tutulub istintaqa cəlb edilmələri onların öz vəzifələrində cinayət törətmələrinə sübutdur.  Məmur özbaşınalığı o həddə çatmışdı ki, ölkə başçısı dəfələrlə  bununla bağlı xüsusi açıqlamalar verdi. Bəli, bu gün Azərbaycanda dövlət səviyyəsində məmur özbaşınalığına qarşı böyük mübarizə həyata keçirilir. Bu siyasət əhalinin narazı qaldığı məmurların islah olunmasına istiqamətlənib.

Azərbaycan dövlətinin başçısı İlham Əliyev  qəbullarında və yığıncaqlarda dəfələrlə səslənib ki, dövlət məmurlar məsuliyyətlərini artırmalıdırlar: “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və Vətənə xidmət nümunəsi göstərməlidir. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir”.

Təbii ki, ziyalılar və xalq Prezidentin məmur özbaşınalığına  qarşı həyata keçirdiyi tədbirləri iki əllə dəstəkləyirlər.    Prezident demək olar ki, çıxışlarının çoxunda məmur özbaşınalığını tənqid edir, bu yolu tutan adamların sərt cəzalandırılacağını bildirir. Onun bu istiqamətdəki çıxışları və gördüyü tədbirlər hamımız tərəfindən razılıqla qarşılanır.  Cənab Prezident öz fikirlərini çox aydın şəkildə aidiyyəti orqanların rəhbərlərinə və təmsilçilərinə çatdırır. Təbii ki, özbaşınalıq edən hər kəs bundan düzgün nəticə çıxarmalıdır. Vəzifələrindən sui- istifadə edənlər özlərinə dərs götürməli və vaxtında  çəkinməlidirlər. Görülən tədbirlər nəticəsində illərlə rüşvətə və korrupsiyaya qurşanmış şəxslərin milyonlarla ölçülən əmlakı dövlətə qaytarılır. Həmin şəxslər isə 10-15 illik həbsxana həyatı yaşayırlar. Bu, geridəkilər üçün dərs olmalıdır. “Gözüçıxan qardaş”dan öyrənməyin vaxtı gəlib çatıb.

Bəzi rayonlarda məmurların özünün özbaşınalığı bir yana, onların ailə üzvləri və qohumları da əhaliyə qarşı sayğısızlıq göstərir, vəzifədə olan qohumunun adından istifadə edərək haram yollarla özlərinə sərvət toplayırlar. Bu gün isə artıq  yavaş-yavaş bu münasibətə son qoyulur.

Prezidentin məmur özbaşınalığı ilə bağlı kəskin çıxışları və gördüyü tədbirlər ictimaiyyətin ürəyindən xəbər verir: “Azərbaycan sivil, dövlət Konstitusiyası ilə idarə olunan bir ölkədir. Ölkəmiz günü-gündən inkişaf edir, tanınır, beynəlxalq aləmdə böyük nüfuza malikdir. Azərbaycan Respublikasını bu xalqın sevgisi, müstəqil dövlətə sahib olmaq istəyi, mübarizəsi var edib. Ona görə də dövlət orqanlarında, vəzifədə çalışan insanlar bilməlidir ki, onların bütün fəaliyyəti əhalinin xeyrinə olmalıdır. Vəzifəli şəxslər, məmurlar vəzifə səlahiyyətləri çərçivəsində iş görməlidir. Bilirsiz ki, yerlərdən məmur özbaşınalığı ilə bağlı paytaxta nə qədər şikayətlər gəlirdi. Əhali bəzi məmurların və onların ailə üzvlərinin davranışından, münasibətindən narazılıq edirdi. Mətbuat orqanlarında məmurlardan nə qədər şikayətlər, dövlət başçısına müraciətlər çap olunurdu. Məmurlardan narazı qalan camaat öz dərdini bu məktublar vasitəsilə dövlət başçısına çatdırırdı. Dövlətin bu yöndə apardığı siyasət məmurlardan narazı qalan vətəndaşlara böyük bir dəstək sayılır.”

Prezident etimad göstərdiyi adamı vəzifəyə təyin edir ki, o şəxs əhalinin də etimadını qazansın. Amma bəzən elə olur ki, məmur şəxsi mənfəəti üçün ictimaiyyətin də, dövlətin də maraqlarına zidd hərəkətlərə yol verir. Xüsusilə rayon icra hakimiyyətlərinin başçıları bir çox hallarda adamları qəbul etmir, maxinasiyalarla məşğul olurlar. Onların məsuliyyətsiz və vicdansız hərəkətləri və həssas insanların müraciətlərinə, ərizə və şikayətlərinə məhəl qoymamaları ciddi narazılıq yaradır, görülən işlərə kölgə salır. Bu gün ölkəmizdə həm məmur özbaşınalığına, həm də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sürətlə aparılır. Bu mübarizə hərtərəfli şəkildə olduğundan, heç bir problem diqqətdən kənarda qalmır. Ölkə başçımız özü bildirib ki, korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən böyük yaramızdır.

Hiss olunur ki, rüşvətxorluğa və korrupsiyaya  qarşı aparılan ciddi mübarizə, bununla bərabər yüksək vəzifələrə gənclərin təyin edilməsi ab-havanı xeyli dəyişib. Təbii ki, davamlı olaraq dəyişəcək, Qarabağ kimi bir çətin problemi həll edən Azərbaycan rəhbərliyi bu məsələni də qaydaya salacaqdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin prinsipiallığı, xalqa verdiyi bütün vədləri yerinə yetirməsi, möhkəm əzmi və polad iradəsi, ümumxalq məhəbbəti qazanması belə düşünməyə əsas verir.

Daha çox xəbərlər