Cəmiyyət 

Qlobal istiləşmə insanlığın varlığı üçün real təhlükəyə çevrilir

Bəşəriyyəti getdikcə daha çox narahat edən problemlərdən biri də qlobal istiləşmədir. Bu problemə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi-praktik konfransların keçirilməsində göstərir. İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun axırıncı qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 1 dərəcə artıb. Ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot-1 oksid və xlor-flor birləşmələri təşkil edir. Kosmik müşahidələr göstərir ki, son bir əsrdə tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı çoxalıb.

Müəyyən olunmuşdur ki, temperaturun artması okeanda suyun 1000 metr dərinliyinə qədər hiss olunurdusa, indi 2000 metrə çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Bu sırada Avropada vəziyyət daha dəhşətli hal alıb. Məsələn, İtaliyada müşahidə edilən anomal istilər ölüm hallarının 21 faiz artmasına səbəb olub. İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, 16 may-15 iyul tarixlərində anomal istilər səbəbindən ölkənin ümumilikdə 33 şəhərində 733 nəfər ölüb. İyun ayında isə 9 faiz çox ölüm faktı qeydə alınıb. Bildirilib ki, cari ilin may ayından başlayaraq, ölkədə havanın temperaturu mövsüm normasından 3,2 dərəcə Selsi yüksək olub. Xüsusilə də İtaliyanın mərkəzində yerləşən şəhərlərdə daha yüksək temperatur göstəricisi qeydə alınıb. İyunda temperatur mövsümi orta göstəricidən 3 dərəcə Selsi yüksək olub. İyunun sonu və iyulun ilk həftəsində isə ölkədə havanın temperaturu müsbət 37-40 dərəcə Selsi arasında dəyişib. İtaliyada müşahidə olunan anomal istilər və quraqlıq səbəbindən kənd təsərrüfatı sektoruna 6 milyard avro ziyan dəyib. Ölkənin Kənd Təsərrüfatı Birliyi qeyd edir ki, cari il may ayının ortalarından etibarən müşahidə olunan anomal istilər və yağıntının miqdarının azalması səbəbindən son 70 ilin ən şiddətli quraqlığı qeydə alınıb. İtaliyanın ən böyük çayı olan Poda suyun səviyyəsi isə bəzi yerlərdə 10 faizə düşüb. İtaliyanın Milli Araşdırma Şurasının İqlim və Atmosfer İnstitutunun məlumatına görə, ilk 7 ay ərzində qeydə alınan yüksək temperatur fonunda cari il ölkə tarixində ən isti il ola bilər. Belə ki, iyul ayında ölkədə havanın temperaturu orta göstəricidən 2,26 dərəcə yüksək olub. Cari ilin yanvar-iyul aylarında qeydə alınan temperatur göstəricisi 1800-cü ildən bəri qeydə alınan orta göstəricindən 0,98 dərəcə yüksək olub. Digər Avropa ölkələrində də vəziyyət yaxşı deyil. Məsələn, Monteneqronun paytaxtı Podqoritsa şəhərindən 4 kilometr uzaqlıqda yerləşən və ölkədə “Niaqara şəlaləsi” kimi tanınan şəlalə quruyub. Şəlalənin Çiyevna çayının suyunun azalması səbəbindən quruduğu bildirilib. İngiltərə və Almaniyada iyul ayında havanın temperaturu 40 dərəcə təşkil edib. İstilər səbəbindən quraqlıq, meşə yanğınları və havanın çirklənməsi artıb. Temperaturun 45 dərəcə olduğu İspaniya və Portuqaliyada iyulun ortalarında ölüm halları əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatıb.

Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamış, son bir əsrdə Azərbaycan ərazisində orta illik temperatur xeyli artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü, yer sürüşmələri, vulkanların aktivləşməsi prosesləri narahatlıq doğuran amillərdir. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulmuşdur. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir. Həmin sənəddə qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma hədəf kimi götürülmüşdür.

Alimlərin fikrincə, iqlim dəyişikliyi hər zaman olub. Məsələn, tarixin müəyyən dönəmində böyük buzlaşma dövrü, sonra istiləşmə dövrü olub. XVII- XVIII əsrlərdə isə kiçik buzlaşma dövrü olub. Amma o vaxt, təbii ki, Yer səthində də vəziyyət başqa idi. Yaşıl kütlə daha çox idi ki, bu da karbon və digər istilik yaradan qazları müəyyən normada saxlayırdı və enerji balansı pozulmurdu. İstilik var idi, amma Yerə düşən və Yerdən qalxan enerji bərabər idi. İndi istiləşmə dövrünü yaşayırıq. Günəşin aktiv fazasıdır. İstiləşmə dövrü son 20-30 ildir ki, davam edir, sürət artır. Nə qədər davam edəcəyini isə alimlər müxtəlif cür izah edirlər. Hətta bəziləri deyirlər ki, qarşıda bizi buzlaşma dövrü gözləyir. Burada alimlərin çoxu tərəfindən qəbul olunan rəsmi sənədlərə əsaslanmaq lazımdır. Hələlik, bu sahədə tam aydınlıq yoxdur. 10 il sonra necə olacağını demək çətindir.

Daha çox xəbərlər