Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu məkan – Azərbaycan
İşğaldan azad edilmiş ərazilərimizin, ümumilikdə regionların yenidən qurulması zamanı tarixi simalarının qorunması prioritet məsələ kimi qarşıya qoyulur
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: «Sizin hamınızı Bakıda – Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunam.»
Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdən bəhs etməyimiz səbəbsiz deyil. Bu baxımdan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi zəngin dövlətçilik tarixinə, milli mənəvi sərvətlərə malik Azərbaycana marağın növbəti ifadəsi idi. Bu mühüm addım, eyni zamanda, belə bir həqiqətə də işıq saldı ki, tariximizi, mədəni sərvətlərimizi qorumaq və dünya irsinin müdafiə və mühafizəsinə dəstək göstərmək dövlət siyasətimizin əsas tərkib hissəsidir. Əsrlərə söykənən milli-mənəvi dəyərləri, bəşəriyyətə verdiyi töhfələri ilə tanınan Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası münasibətlər tolerantlıq üzərində inkişaf etdiyi üçün ölkəmizdə bütün dünya xalqlarının adət-ənənələrinə, mədəniyyətinə hörmətlə yanaşılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr milli-mənəvi ideyaları, humanist, insanpərvər dəyərləri əks etdirməklə gənc nəslin formalaşdırılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, milli mənəvi dəyərlərimizin təbliğinə istiqamətlənən humanist xidmətlərin əsasını isə xoş məramlar, ülvi duyğular təşkil edir.
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma, İsmayıllı və Ağsu rayonlarına səfəri çərçivəsində “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanışlığı və sair kimi mühüm addımlar da özündə bu kimi məqamları ehtiva etdi. Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində “Diri Baba” türbəsində gedən işlərlə tanış olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, bir müddət bundan əvvəl tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, həm konservasiya olunsun, həm də onun ətrafında turizm infrastrukturu yaradılsın. “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb: «Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir.»
Cənab İlham Əliyev, həmçinin Basqal qəsəbəsinin inkişafından danışaraq qeyd etmişdir ki, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan öncə xüsusi Sərəncam imzalanmışdır. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər. Basqal qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Həm bu yerin tarixi simasının qorunmasına, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şəraitin yaradılmasına səy göstəririk. Dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə etdi ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq. Həm Azərbaycan vətəndaşları, həm də ölkəmizə gələn xarici qonaqlar Lahıca səfər edirlər: «Əminəm ki, eyni aqibət Basqal qəsəbəsi üçün də olacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır.» Basqal qəsəbəsində müasir otelin açılışı oldu.
İsmayıllı və Ağsu rayonlarının timsalında tariximizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində atılan addımları aydın şəkildə görmək mümkündür. Azərbaycanın hər bir bölgəsi turizm imkanlarına malikdir. Eyni zamanda, hər bir bölgə Azərbaycanın milli-mənəvi dəyərlərini, tarixini özündə yaşadan tarixi və dini abidələrə malikdir.
Azərbaycan dövləti daim milli irsimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xüsusi çağırışlar edir. Son iki ilə yaxın dövr ərzində işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə, ən əsası hər bir şəhərin Baş Planına diqqət yetirsək tarixi və dini abidələrin bərpasının prioritetliyi özünü aydın şəkildə göstərəcək. Onu da qeyd edək ki, bu torpaqlarımız müasir tələblər səviyyəsində bərpa olunsa da dövlət başçısı İlham Əliyev müasirliklə qədimliyin vəhdətinin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Hər daşı, qayası bir tarix olan bu torpaqlarımız Azərbaycan tarixinin, mədəni irsinin təbliğində əhəmiyyətli rol oynayır.
Artıq iki ildir ki, Qarabağın döyünən ürəyi, türk dünyasının mədəniyyət payxtaxtı Şuşamızda, Cıdır düzündə «Xarıbülbül» musiqi festivalı ənənəsi bərpa edilib. Milli sərvətimizin, ruhumuzun ən qiymətli incisi olan muğamlarımızla da erməni işğalçılarına zərbə vurduq. Cıdır düzündən muğamımız bütün dünyaya səs saldı. «Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi» söyləyən dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, Cıdır düzündə Azərbaycan muğamının səslənməsi, Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması minilliklərdən bu günümüzə ərmağan olan ənənələrimizə sadiqlikdir. «Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq – torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq» bəyan edən cənab İlham Əliyev onu da əlavə etdi ki, ermənilər tərəfindən qurudulmuş «Xan qızı Natəvan» bulağından gələn su Böyük Qayıdışımıza aydınlıq xeyir-duasıdır. Muğamlarımız əbəs yerə Azərbaycan xalqının milli sərvəti adlandırılmır. Muğam festivallarının İslam Mədəniyyətinin Paytaxtı elan olunan Bakıda keçirilməsini tarixi və önəmli hadisə adlandıran Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuş, qəlbində yaşatmışdır: «Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur və inkişaf etdirilir. Azərbaycanı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyil.» Azərbaycan xalqı, Şərq aləmi, eyni zamanda, bütün dünya musiqi ictimaiyyəti üçün dəyərli olan muğam sənətinin əbədiyaşarlığını qeyd edən, muğamın insanlara bəxş etdiyi mənəvi zövqün, zənginliyin, duyğuların heç nə ilə əvəz olunmadığını diqqətə çatdıran Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bildirdiyi kimi, muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır: «Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir – səhv etmərəm”.» Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınan muğam sənəti mədəniyyətimizin, tariximizin musiqi dili ilə yazılmış əlifbasıdır.
Dövlət başçısı İlham Əliyev bölgələrimizin turizm imkanlarından bəhs edərkən xarici qonaqların bu ərazilərə səfərləri zamanı daha dolğun məlumata malik olmaları üçün bütün zəruri addımların atılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Hər bir bölgədə aparılan bərpa-quruculuq işləri elə səviyyədə təşkil edilir ki, şəhərlərin, kənd və qəsəbələrin siması yenilənir, amma tarixi görünüşü qorunur.
Azərbaycan böyük turizm məkana çevrilib. Ölkəmizə gələn qonaqlar inkişafın belə yüksək səviyyədə olmasından, Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə bağlılıqlarından heyrətlərini gizlətmirlər. O da məlumdur ki, beynəlxalq aləmdə tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən xalqımızın torpağa, Vətənə, tarixinə sevgisi xüsusi qeyd edilir.
Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malik olan xalqdır. Xalqımızı dünya xalqları arasında fərqləndirən milli-mənəvi dəyərləridir ki, bunlar hər bir bölgəmizdə qorunur, yaddaşlara həkk olunur və gələcək nəsillərə çatdırılır. Ölkəmizə səfər edən xarici qonaqları tariximiz barədə zəngin məlumat əldə etmələri üçün bölgələrimizdə muzeylər yaradılır. Onu da xususi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilən zaman qarşıya qoyduğu əsas vəzifələrdən biri məhəllələrdə erməni vəhşiliyini göstərən dağıntıların saxlanılması idi. Bunun Baş plana da salınması tələb edildi. Burda da məqsəd tariximizin bu səhifələrini unutmamaq, ölkəmizə səfər edən xarici qonaqlara, turistlərə erməni vandalizmi barədə dolğun məlumatlar verməklə yanaşı, bunları əyani şəkildə görmək imkanının yaradılması idi. Hər bir bölgənin tarixi simasının saxlanılmasına edilən çağırışlar da bu məqsədə xidmət edir.
Qeyd etdiyimiz kimi, Azərbaycan turizm ölkəsidir. 2019-cu ilin sonlarında dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlanması fonunda gediş-gəlişə məhdudiyyətlərin qoyulması bu sahədə durğunluğun yaşanmasına səbəb olmuşdur. Cari ilin statistik rəqəmlərinə diqqət yetirdikdə böyük artımın şahidi olarıq. Belə ki, statistikaya əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 832 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ayrı-ayrı ölkələri təmsil edən turistərin faiz tərkibinə diqqət yetirdikdə ilk yerdə 26,4 faizlə Rusiya Federasiyasıdır. 21 faizlə Türkiyə ikinci yerdədir. Sonra İran, Səudiyyə Ərəbistanı, Gürcüstan, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, Qazaxıstan, Küveyt, İsrail, Oman, Böyük Britaniya, Özbəkistan təşkil edir. Həm ölkələrin, həm də gələnlərin say tərkibində artım diqqətdən kənarda qalmır.
Bu ilin iyun ayında Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən dövlət başçısı İlham Əliyev bu reallığı diqqətə çatdırmışdır ki, paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Dövlət başçısı bunu da bildirmişdir ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır: «Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.»
Göründüyü kimi, bütün hallarda milli sərvətimizin, tariximizin qorunması ilə yanaşı, müasirliklə qədimliyin sintezinin formalaşdırılması əsas çağırışlar sırasında yer alır. Azərbaycan hər zaman beynəlxalq aləmdə ənənələri olan ölkə kimi səciyyələndirilir, tarixinə bağlılığı yüksək dəyərləndirilir. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan xalqı bunu ayrı-ayrı dövrlərdə təsdiq edib.

