Gündəm 

Elə bir Ağdam quracağıq ki…

Ümumi və Baş planlar təsdiqlənir, işğaldan azad edilmiş torpaqlarımızda dünyaya örnək olacaq şəhər quruculuğunun yeni erası başlayır

Dünyanın heyrətli baxışları altında Azərbaycan tarix yazmaqda davam edir. Şanlı Qələbəmizdən keçən cəmi il yarımdan bir az artıq müddət ərzində erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində misli görünməmiş irimiqyaslı layihələr icra olunur. Nə qədər inandırıcı görünməsə də bu qədər qısa vaxtda ermənilər tərəfindən vəhşicəsinə minalarla, partlamamış döyüş sursatları ilə çirkləndirilmiş min hektarlarla torpaq sahələri təmizlənir, yerində ən müasir tələblərə cavab verən hava limanları tikilir, yeni, “ağıllı” kəndlər salınır və artıq Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin timsalında 30 ilə yaxın Vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına böyük qayıdışının startı verilib. Bu gün həm Qarabağda, həm də Şərqi Zəngəzurda yeni yollar çəkilir, körpülər salınır, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün lazımi içlər görülür, şəhərlərin, kəndlərin Baş planları, layihələri hazırlanır, yaşayış və inzibati binalarının təməlləri qoyulur. Azad edilmiş ərazilərdə aparılan geniş quruculuq işləri, nəhəng infrastruktur layihələri bir daha Azərbaycanın dayanıqlı və möhkəm təməllər üzərində qurulmuş iqtisadi potensiala malik olduğunu göstərir. Görülən işlərə baxdıqca isə necə deyərlər, dostlar sevinir, düşmənin bağrı çatlayır…

Avqust ayının 16-da Azərbaycan Respublikasının Baş naziri tərəfindən “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”nın və “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilməsi ilə Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin növbəti mərhələsinə start verilmiş oldu.

Qeyd edək ki, hər iki sənəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanıb. Əsas ərazi planlaşdırma sənədlərinin hazırlanmasında ictimaiyyət və yerli peşəkar dairələrin fəal iştirakı təmin edilmiş, layihələr Komitə tərəfindən ictimai müzakirəyə çıxarılmış, mütəxəssislərin rəy və təklifləri nəzərə alınmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, növbəti 20 illik dövrü əhatə edən bu planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, “yaşıl” enerji, “ağıllı” şəhər və bir çox digər müasir şəhərsalma yanaşmaları tətbiq olunub.

Ağdam şəhərinin Baş planında bir sıra məsələlər prioritet istiqamətlər kimi önə çəkilib. Belə ki, ilkin mərhələdə şəhərdə 1750 fərdi ev, 23 min isə mənzil tikiləcək. Rayonun kommunikasiyası, magistral və dəmir yolları, meliorasiya xətləri bir-biri ilə vəhdət halında qurulacaq. Bir neçə kəndlərin birləşməsi, ilkin mərhələdə layihələndirilən 33 kəndin bərpasına başlanılması nəzərdə tutulur və bu, meliorasiya strukturunun kəndlərin yollarına və suyun axınına uyğun olmaq şərtilə həyata keçiriləcək. Aqrar sektorda ilkin islahatlar kənd təsərrüfatı torpaqlarında aparılacaq, sakinlərə veriləcək həyətyanı sahələr18 sot həcmində müəyyənləşdiriləcək. Bundan başqa, Ağdamın kənd təsərrüfatının inkişafını təmin etmək məqsədilə 10 və 50 hektarlıq 200 müasir fermer təsərrüfatının, 50 və 100 hektarlıq 50 müasir fermer təsərrüfatının, habelə 1500, 3000 və 4000 hektarlıq bir neçə iri, müasir təsərrüfatın qurulması da plandadır. Şəhərdə yaşıllıqların bərpa olunması məqsədilə kəndarası yolların arasında meşə zonaları yaradılacaq.

Onu da qeyd etmək lazımdır ki, Ağdam “ağıllı şəhər” konsepsiyası əsasında tikiləcək və bu da təsadüfi deyil. Çünki dövlətimizin başçısı Qarabağın və ətraf rayonların “ağıllı region” kimi inkişafı ilə əlaqədar qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə hər zaman xüsusi əhəmiyyət veriləcəyini vurğulayıb. Eyni zamanda, bu istiqamətdə düşməndən təmizlənən ərazilərdə ekoloji cəhətdən təmiz, bərpaolunan enerji növlərinin yaradılması üçün geniş imkanların mövcud olduğunu da bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edərkən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş və işğaldan əvvəl bu rayondan olan məcburi köçkünlərlə söhbətlərində torpaqlarımız düşməndən təmizlənəndən sonra onlara daha gözəl şərait yaradılacağını dediyini xatırlatmışdı: “Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

Qürurvericidir ki, bu gün artıq işğaldan azad edilmiş digər şəhər və rayonlarımız kimi, bütün dünya üçün örnək olacaq doğma Ağdamımızın yenidən qurulmasının növbəti mərhələsi başlayıb. Uğurlu nəticələrə çatmaq üçün isə Azərbaycanın iqtisadi qüdrəti və əzmi kifayət qədərdir.

Daha çox xəbərlər