Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var
2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi parlaq qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanımız Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu. Bununla da xalqımızın 30 illik həsrətinə son qoyuldu və torpaqlarımız düşmən tapdağından azad edildi.
İşğal dövründə Azərbaycan iqtisadiyyatına ciddi maddi ziyan dəymişdir. Ermənistanın 30 il ərzində işğalda saxladığı ərazilərdə yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, 1200 km irriqasiya sistemi düşmənin vandalizminə məruz qalmış və yararsız hala salınmışdır. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılmışdır. Birinci Qarabağ müharibəsinə qədər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədəri Qarabağ və cəbhəyanı ərazilərdə istehsal olunmuşdur. İşğaldan əvvəlki dövrdə respublika üzrə iribuynuzlu mal-qaranın 15,1 faizi, xırdabuynuzluların isə 19,2 faizi həmin ərazilərin payına düşürdü. İribuynuzlu heyvandarlıqda Laçın, Ağdam və Füzuli rayonlarının, xırdabuynuzlu heyvandarlıqda isə Laçın, Ağdam, Kəlbəcər, Füzuli və Cərbayıl rayonlarının göstəriciləri yüksək idi.
Qeyd olunan göstəricilərlə yanaşı, işğaldan azad edilən ərazilərin relyefi, iqlim şərtləri və digər təbii imkanları nəzərə alınmaqla, Qarabağda kənd təsərrüfatının prioritet istiqamətlərini müyyənləşdirmək mümkündür. Artıq Qarabağda ənənəvi sahələr üzrə yeni təsərrüfatların yaradılmasına start verilib. Bölgədə ayrı-ayrı istiqamətlər üzrə bir neçə aqroparkın yaradılması nəzərdə tutulub. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək. Bütün bunlar Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
Hazırda işğaldan azad edilmiş torpaqlarda aqrar sahənin inkişafı ilə bağlı mühüm tədbirlər görülür. Kənd Təsərrüfatı Nazirliyi “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə faktiki əkinəyararlı torpaqların peyk təsvirləri əsasında xəritələşməsini aparıb. Həmin torpaqlarda əkinlərə, o cümlədən çoxillik əkmələrə aqrotexniki qulluq göstərilməsi məqsədilə işlərə başlanılıb. Əlbəttə, ən əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə torpaqdan səmərəli istifadəyə nail olmaqdır. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafının sistemli xarakter alması üçün hökumət bəri başdan prioritetlər seçir. Öncə ərzaq təhlükəsizliyi məqsədilə hansı məhsulların əkilməli olduğu dəqiqləşdirilir.
Bildiyimiz kimi, işğaldan əvvəlki dövrdə Qarabağ ərazisi yüksək kənd təsərrüfatı göstəricilərinə malik olub. Ölkədə taxıl, pambıq, üzüm, ət və süd, yun və barama istehsalının çox hissəsi həmin ərazilərin payına düşüb. Belə ki, azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var. Nəzərə almalıyıq ki, indi bizim yeni texnologiyalarımız var, deməli, bu sahənin uğur tendensiyası daha da arta bilər. Prezident cənab İlham Əliyev 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə demişdir: “Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.”
Dövlətimizin kənd təsərrüfatına diqqəti sayəsində indi Qarabağın aqrar sahədə əvvəlki şöhrətinə qaytarılması üçün konseptual hazırlıq işləri görülür. Məskunlaşma prosesi başlanandan sonra kənd təsərrüfatı ilə məşğul olacaq sakinlərin aqrar texnika, toxum, gübrə və digər lazımi vasitələrlə təmin edilməsinə dair planlar hazırlanır. 30 ilə yaxın erməni işğalı altında olmuş, nəhayət, 2020-ci ilin payızında Ordumuzun 44 günlük zəfər yürüşü nəticəsində azad edilmiş Qarabağı dirçəltməyə başlamışıq. Burada digər sahələrlə bərabər, kənd təsərrüfatının da üfüqləri genişlənəcək.
Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması işğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində həyata keçiriləcək layihələrdə də özünün aydın ifadəsini tapır. 5 komponenti – yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələrini birləşdirən “ağıllı kənd” layihəsi bir daha Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialı böyükdür. Bu, son illər ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına da dəstək olacaq. Bir sözlə, 30 ilin nisgili, acısı arxada qalaraq, tarixi sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır və Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranır.
Fəxrəddin Vəliyev,
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri


