Bir oğlum daha var, onu da Vətən yolunda qurban verməyə hazıram!
Mənə elə gəlir ki, mən Həmidi 44 günlük Vətən müharibəsində itirmədim. Bəzən düşünürəm ki, mən Həmidi 44 günlük Vətən müharibəsinin başlanğıcı sayılan Tovuz döyüşlərindən itirmişəm.
Məzuniyyətdə idi Həmid həmin vaxt. Bu gəlişi başqa sevinc, xoşbəxtlik gətirmişdi. Çünki, çox sevdiyi nişanlısı da onunla birlikdə qonaq gəlmişdi. Sevincimizin həddi-hüdudu yox idi. Ev-eşik sanki gül açmışdı. Gecə gec saatlara qədər oturur, söhbət edir, dərdləşirdik. Sanki sevincimizi doya-doya yaşayıb, bu günlərin həsrətini çəkəcəkmişik kimi. Bəli elə qorxduğum da məni gözləyirmiş.
O tarix… 2020-ci ilin 14 iyul tarixi. Həmidi bizdən əbədiyyən ayıran həmin o gün.
– Mən getməliyəm ana.
– Hara ay bala. Axı sənin məzuniyyətin hələ bitməyib. Yarı-yarımçıq hara gedirsən? Heç toyun vaxtını da müəyyənləşdirmədik axı?
– Nə toy, nə məzuniyyət Ana, general-mayor Polad Həşimov vurulub. Mənə daha istirahət etmək haram olar.
GETMƏLİYƏM!
Dediyindən dönmədi və… Gediş o gediş oldu. Vətən müharibəsi başlanan günə qədər də Həmidi heç görmədik. Nə də sonra.
Çox narahat olurdum. Həmid elə bir insan idi ki, dediyindən əsla dönməzdi.
Gedərkən Polad Həşimovun qanını yerdə qoymayacağam demişdi. Bilirdim ki, əvvəl-axır nəsə edəcək ( Həmid Qasımov Polad Həşimovu 2016-cı ilin Aprel döyüşlərindən tanıyırdı. Həmin vaxtlar Polad Həşimov Həmid və onun döyüş yoldaşlarına hərbi təlim keçmişdi. Bütün insani keyfiyyətləri özündə əks etdirən general-mayor Polad Həşimov onlara komandirdən ziyadə ata, qardaş olmuşdu) Polad Həşimovla bağlı baş vermiş bir hadisəni həmişə qürur hissi ilə danışardı Həmid.
Bir gün general-mayor Polad Həşimov sərhəddə olarkən qolundakı saatı açıb bir əsgərin qoluna bağlayır. Tərəddüd edən əsgər :
– Axı, bu, bir general saatıdır.
Polad Həşimov isə cavabında:
– SƏRHƏDDƏ DÜŞMƏNLƏ ÜZ-ÜZƏ DAYANAN ƏSGƏR ELƏ GENERAL KİMİ BİR ŞEYDİR!
Həmid düz 4 il Milli Qəhrəman Mübariz İbrahimovun postunda xidmət etmişdir. Düşmənin qorxulu röyasına çevrilən mərd, igid hərbçimiz heç tərəddüd etmədən dağları, yüksəklikləri özünə məskən bilmişdi. Kimsə nə isə deyəndə də “Mən dağlar oğluyam nə işim var aşağılarda“ deyərdi.
Beləcə Həmidin xatirələrini bezmədən usanmadan dinləyirəm, Tovuz ananın dilindən. Nə böyük ürəyin varmış sənin, ana! Həmid və qardaşı Ümidi min bir əziyyətlə böyütmüşdü Tovuz ana. Gecəsini gündüzünə qatıb, həyatın bütün sınaqlarına sinə gərib böyütmüşdü övladlarını. Alnı açıq, üzü ağ. Həmid hərbçi peşəsinə öz istəyi ilə yiyələnmişdi. Söz vermişdi ki, bir gün bizim üçün çəkdiyin bu əziyyətləri, Sənə sonsuza qədər unutduracağam. Yavaş-yavaş hər şey öz axarına düşürdü. Övladlarına baxıb qürurlanan Tovuz ana həqiqətən də unudurdu əziyyətlərini yavaş-yavaş.
Həmid ailəsinə, sevdiklərinə bağlı, ailə canlı bir oğul idi. Hərbi vəzifəsini uzaqda yerinə yetirməsinə baxmayaraq, tez-tez anası, qardaşı, doğmaları ilə əlaqə saxlayır, hal-əhval tuturdu.
Keçənlərdə Tovuz ananın doğum günü idi . Çəkinə-çəkinə yazıb təbrik etmək istədim. Ağladı…
– Həmiddən sonra artıq mənə nə toy, bayram, nə ad günü hamısı haramdı. Demə hər ad günündə gecə saat 12 yə qədər gözləyər. İlk təbrik edən olmaq üçün tələsərmiş. “Sənə doğum günü hədiyyəni yollayacağam ana” – və doğum günü hədiyyəsi: fəxri fərmanlar, təşəkkürnamələr.
Bir-bir varaqladıq Tovuz ananın Həmidlə olan xatirələrini. O böyük ürəkli ana qəlbində gəzdirdiyi oğul adlı yarasıyla necə də güclüdür, deyə düşündüm. Daxilən nə qədər yıxılsa, sarsılsa da zahirən sanki dözümlülük nümunəsidir. Öz-özümə düşündüm ki, Həmid kimi oğul böyüdən ana elə məhz Tovuz ana kimi olar. Mətin, iradəli və güclü!
Vətənimin qeyrətli oğulları, Allah sizin məqamınızı ali qərar verdi. O müqəddəs zirvəyə yüksəlmək hər insana nəsib olmur. Və eyni ilə də “Şəhid anası “ adını daşımaq hər anaya. Çünki “Şəhid anaları” da ən az Şəhidlər qədər müqəddəs və alidirlər.
Vətən müharibəsi başlanan zaman Həmid ən ön xətdə idi. Möhkəm iradəli, düşmənin qabağından nə olursa olsun çəkilməyəcəyinə söz verən Həmid Qasımov, döyüş yoldaşlarına da əsla geriyə çəkilmiyəcəklərini söyləmişdi. Ağır döyüşlərdə yaralansa da heç bir vəchlə yerdə qalmamış, qalxıb düşmən üzərinə yerimiş və düşmənin çox sayda əsgərini məhv etmişdir. Lakin qoxusuz qəhrəmanın bu şücaətindən səksəkəyə düşən düşmən onu snayper atəşi ilə yaralayır.
Heç bir zaman Vətəni üçün canını fəda etməkdən çəkinməyən həmişə bayrağına, torpağına sevgi və hörmətlə yanaşan baş Leytenant Həmid Qasımov 3 oktyabr 2020-ci il tarixində son dəfə həyata gülümsəyərək Şəhidlik zirvəsinə ucalır.
6 oktyabr 2020 – ci il tarixində baş leytenant Həmid Qasımovun nəşi Kəngərli rayonunun Qabıllı kəndində böyük izdihamla son mənzilə yola salınıb. Və o an, o məğrur, böyük ürəyə sahib, əsl Azərbaycan qadınının rəmzi olan Tovuz ana dünyanı lərzəyə gətirən nitqinə nida qoydu…
MƏN HƏMİDLƏ QÜRUR DUYURAM, BİR OĞLUM DAHA VAR, ONU DA VƏTƏN YOLUNDA QURBAN VERMƏYƏ HAZIRAM.!
Xuraman Cəfərli,
Kəngərli rayon MKS-nın Qabıllı kənd kitabxana filialının müdiri

