Cəmiyyət 

Hər bir uğur gələcəyə çağırışdır

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə bir daha bildirildi ki, ilk dəfə qalib ölkəni təmsil edən idmançılarımız bu missiyanı layiqincə yerinə yetirdilər

Hər zaman qeyd etdiyimiz kimi, keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir həm əhatə etdiyi sahə, həm də baş tutduğu  məkan baxımından əhəmiyyətlidir.  Artıq daha bir birlik, həmrəylik bayramı kimi dəyərləndirilən idman tədbiri- V İslam Həmrəyliyi Oyunları arxada qaldı. Bu gün  istər ölkə, istərsə də dünya mətbuatında Oyunların yüksək səviyyədə təşkili, eyni zamanda, nəticələr geniş müzakirə olunur. Qardaş Türkiyə birinciliyi, Azərbaycan idmançıları 4-cü yeri qazandı. Hər bir uğur qeyd olunan sahədə ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə qeyd etdiyi kimi, idmançılarımızın 19 idman növündə  medallar qazanması onu göstərir ki, ölkəmizdə idmanın bir çox növləri uğurla inkişaf edir.

Azərbaycan idman ölkəsidir. Son illərdə idmanın inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bu uğurların təməlində ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır.  Ümummilli lider Heydər Əliyev  «İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və  hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində  tanınır. Demək olar ki,  idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir  vasitə yoxdur» fikirləri ilə bu sahənin inkişafına  verilən önəmi şərtləndirən əsas amilləri  diqqətə çatdırırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən ulu öndər Heydər Əliyev fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı  biri-birindən əhəmiyyətli addımların   Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  Azərbaycan bu gün dünyada və Avropada idman ölkəsi  kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə  yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə  keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman  sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.

O da məlumdur ki,  ölkəmizdə hər il dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə  konkret bir sahənin adı ilə bağlanır. 2012-ci ilin «İdman ili» elan edilməsi də bu sahənin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Sənəddə bu fikir öz əksini tapmışdır ki,  Azərbaycanda idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə  medala layiq görülməsi bunun əyani sübutudur.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir.  Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması- ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi, 2017-ci ildə islam həmrəyliyinə növbəti töhfəsi kimi dəyərləndirilən  IV İslam Həmrəyliyi Oyunlarının  keçirilməsi də deyilənlərin təsdiqidir.

Təbii ki,  uğurlu nəticə əldə etmək üçün işlərin kompleks şəkildə görülməsi zəruridir.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  təşkilatçılığı ilə hər iki Oyunun yüksək səviyyədə təşkili beynəlxalq səviyyədə təqdir edildi. Dövlət başçısı İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə  bir daha bu məqama diqqəti yönəldərək bildirmişdir ki,  bu Oyunların keçirilməsi, əlbəttə, böyük təşkilatçılıq məsələlərini də əhatə edir. Biz 2017-ci ildə o Oyunları hazırlayarkən bir çox təşkilati məsələləri həll etdik. Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz. Konya Oyunları rəsmən Beşinci İslam Həmrəyliyi Oyunları sayılsa da, əslində, bu Oyunlar cəmi dörd dəfə keçirilib: «Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü Azərbaycanda, dördüncü isə Türkiyədə. Amma rəsmən bu, beşinci Həmrəylik Oyunları sayılır. Yəni, demək istəyirəm ki, Oyunları keçirmək o qədər də asan məsələ deyil və burada Türkiyə tərəfi əlbəttə, çox yüksək qiymətə layiqdir.»

İlk Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi ərəfələrdə dünyanın ən qabaqcıl və təcrübəli mütəxəssislərinin ölkəmizə dəvət olunaraq,   yerli mütəxəssislərimizlə birgə səyləri nəticəsində hazırlıq işləri yüksək səviyyədə təşkil edildi. Qısa zamanda görülən işlər dünyanı heyrətləndirdi. Hər iki Oyun  bu heyrətə səbəb olan məqamlarla yadda qaldı. Hazırlığın səviyyəsini daim yüksək qiymətləndirən Beynəlxalq və Avropa Olimpiya Komitələrinin nümayəndələri bu inamı ifadə edirdilər ki, Azərbaycan idman ölkəsi olaraq bu tədbirləri ən yüksək səviyyədə keçirmək imkanlarına malikdir. Yeni idman mərkəzləri tikilib istifadəyə verildi. Onlar  paytaxtımızın simasına xüsusi gözəllik verməklə beynəlxalq standartlara tam uyğun avadanlıqlarla təmin olundu.

Azərbaycan hər sahədə uğurlu təcrübəyə malik olduğunu dünyaya nümayiş etdirir.  Təbii ki, bu uğurlar dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış uğurlu siyasətinin  bəhrəsidir. Qeyd olunan görüşdə «Dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı.  İdmançılarımız 99 medal qazandılar ki,  onlardan 29-u qızıl medaldır. Bu, bir daha  ölkəmizin gücünü göstərir.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev  qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın  dəvəti ilə Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edərkən tədbirdən öncə ənənəvi olaraq idmançılarımızla görüşmüşdü. Onlara ilk  dəfə olaraq qalib Azərbaycanı təmsil etdiklərini xatırladan ölkə Prezidenti uğurlu nəticələr əldə edəcəklərinə əminliyini ifadə etmişdi. Qalib ölkəni təmsil etməyin özü böyük məsuliyyətdir. Cənab İlham Əliyev nəticə əldə etmiş idmançılarımızla görüşündə dir daha həmin anı xatırladaraq bildirmişdir ki,  sizinlə Oyunların açılış günündə Konyada görüş əsnasında əmin olduğumu bildirmişdim ki, siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz: «Şadam ki, belə də oldu. Bir daha nəinki bütün müsəlman aləmi, bütün dünya idmançılarımızın gücünü gördü. Hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır. Mən sizinlə Konyada görüş zamanı demişdim ki, sizin üzərinizə əlavə məsuliyyət düşür. Çünki siz bu Oyunlarda qalib ölkəni təmsil edəcəksiniz. Bu, həm çox qürurverici amildir, eyni zamanda, böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edərək siz ölkəmizi ləyaqətlə təmsil etmisiniz.»

Oyunlar tarixə çevrildi. Hər bir uğurlu nəticə yeni hədəflərə böyük stimuldur. Dövlət başçısı İlham Əliyev daim bu tezisi irələ sürür ki, «Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.» Son 19 ilə yaxın dövrün reallıqlarına nəzər salanda Azərbaycanın bütün sahələrdə təkmil təcrübəyə malik olduğunu, hər zaman yeniliyə maraq göstərdiyini, hər bir yeni təcrübənin ölkəmizdə tətbiqini əsas hədəf kimi qarşıya qoyduğunu böyük əminliklə qeyd edə bilərik. Uğurlarımız, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Bu baxımdan ki, iqtisadi tərəqqinin hər bir ölkənin hərtərəfli inkişafında əsas amil olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın iqtisadi və maliyyə imkanlarının hər bir sahədə konkret proqramını icrasını uğurla həyata keçirməyə şərait yaratdığını böyük əminliklə qeyd edə bilərik. Bakı və Bakıətrafı qəsəbələrin, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həm paytaxt Bakıda, həm də bölgələrdə  idman kompleksləri tikilib istifadəyə verilib. Bu idman kompleksləri gənclərə idmanın hər biri növünə dərindən yiyələnmələrinə geniş imkanlar açır. Həmçinin gənclərin sağlam ruhda tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədilə onların asudə vaxtlardan səmərəli istifadə etməsində də bu idman komplekslərinin əhəmiyyəti böyükdür.

Qeyd olunan Oyunlarda Azərbaycanın qələbəsində tədbirin məkanı da xüsusi rol oynadı. İdmançılarımız qardaş Türkiyədə özlərini daha rahat, ən əsası öz evlərində hiss etdilər. Axərbaycan idmançılarının stadiona daxil olarkən türk qardaşlarımız tərəfindən necə coşğu və hərarətlə qarşılandıqları diqqətdən kənarda qala bilməzdi. Bu, sözün əsl mənasında qardaş dəstəyi, qardaş sevinci idi. Azərbaycan və Türkiyə bütün sahələrdə qazandıqları uğurları ilə birliklərinə, həmrəyliklərinə yeni əlavələr gətirirlər. Bir daha qardaş Türkiyə idmançılarını birinci, Azərbaycan idmançılarını IV yeri qazanmaları münasibətilə təbrik edirik. İslam həmrəliyinə növbəti töhfə olan V İslam Həmrəyliyi Oyunlarında qazandığımız uğurlar  növbəti yarışlar  üçün böyük stimul olaraq, daha böyük nəticələrə  ruhlandırır.

Daha çox xəbərlər