Beynəlxalq münasibətlər sistemində Türkiyənin rolu əhəmiyyətli dərəcədə böyüyür
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada nəşr olunan “The Economist” jurnalı üçün yazdığı məqalədə qeyd edib ki, Türkiyə soyuq müharibə dövründə və ondan sonra Yaxın Şərq, Qafqaz və Qara dəniz regionlarında sabitləşdirici və müsbət aktor olub.
Bütün bunlar bir gerçəklikdir. Belə ki, Ukraynada baş verən hadisələrlə əlaqədar dünyanın, xüsusilə inkişaf etməkdə olan ölkələrin aclıq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda paytaxt Ankara hər kəsin ümid yeri oldu. Məhz həmin günlərdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çox fəal və səmərəli diplomatiyası sayəsində 2022-ci ilin iyun ayında Rusiya, Ukrayna və BMT rəsmiləri ilə apardıqları danışıqlar nəticəsində “taxıl dəhlizi”nin işə salınması ilə bağlı yol xəritəsi hazırlandı. BMT-nin koordinasiyası altında İstanbulda yaradılması planlaşdırılan mərkəz vasitəsilə Ukrayna və Rusiyadan 20 milyon ton taxılın dünya bazarlarına çıxarılması planlaşdırıldı. Məhz bundan sonra taxıl və digər ərzaqlarla dolu gəmilər Ukrayna limanlarını tərk edərək dəniz humanitar dəhlizinə doğru irəliləyərək İstanbula çatdı.
BMT-nin Baş katibi Antonio Quterreş Türkiyəyə taxıl koridorunda oynadığı mühüm rola görə təşəkkür etdi: “Taxıl sazişi çərçivəsində paket anlaşmasının digər hissəsi də sanksiyalardan kənar Rusiya ərzaq və gübrələrinin qlobal bazarlara maneəsiz çıxışıdır”.
NATO-nun Baş katibi Yens Stoltenberq hələ avqustun əvvəlində Ukrayna taxılını daşıyan ilk gəminin Odessa limanından yola düşməsində Türkiyənin mühüm rol oynadığını xüsusu ilə qeyd etmişdi: “Bunu alqışlayıram. Müttəfiqimiz Türkiyəyə oynadığı roluna görə təşəkkür edirəm. NATO müttəfiqləri Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində yaranan qlobal ərzaq böhranını minimuma endirmək üçün sazişin tam şəkildə həyata keçirilməsini güclü şəkildə dəstəkləyir”.
Həmin günlərdə sosial media hesabından məsələ ilə bağlı açıqlama verən ABŞ-ın dövlət katibi Antoni Blinken Ukraynadan yola düşən və Qara dənizi təhlükəsiz keçən ilk taxıl gəmisini alqışladıqlarını bildirmişdi: “Onların bölgələrə çatmaq üçün göstərdikləri səyləri təqdir edirik”.
Fransanın məşhur “Le Fiqaro” qəzetində dərc olunan məqalədə deyilir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın diplomatiyası Türkiyəni beynəlxalq səhnədə əvəzolunmaz mövqeyə gətirdi: “Türkiyə Ukraynada müharibənin qalibi ola bilərmi? Bu, real diplomatik uğurdur. Bu, dünyada 6-cı ən böyük səfirliklər şəbəkəsinə sahib olan və hər şeydən öncə sülhsevər, aktiv türk xarici siyasətinin göstəricisidir. Ukrayna ixtilafı Şərq, Qərb və ərəb dünyasında iftixarla bəhs edilən türk xarici siyasətini yenidən ön plana çıxardı”.
Fransalı diplomat Jin dö Gliniasti Türkiyənin Qərb blokunun üzvü olmaqla yanaşı, ittifaqlarını genişləndirdiyini qeyd edib: “Mənafeyinə zidd olduğu təqdirdə belə, daim dialoqdadır. Artıq hər kəs üçün gərəklidir və hər kəs tərəfindən tərif edilir. Türkiyə çoxqütblü dünyanın virtuozuna çevrilib”.
Azərbaycan-Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olması iki qardaş ölkənin daha da güclənməsinə, tərəqqisinə, eləcə də regionda sabitliyin, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi.
2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması bunun əyani təsdiqidir. Qarabağın tacı Şuşa şəhərində iki dost arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. İki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Azərbaycan və Türkiyənin liderliyi ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı kimi dəyərləndirilir. Şuşa Bəyannaməsində diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində bildirib ki, dost, qardaş ölkənin regionda nüfuzu hər kəs üçün aydındır: “Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlətlər hesablaşmaq məcburiyyətindədirlər”.

