Əsas səhifə 

Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər, imzalanan sənədlər, eyni zamanda, dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim olunması perspektivlər barədə aydın təsəvvür yaradır

Ötən il İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan «Türk Dünyasının Ali Ordeni»ni dövlət başçısı İlham Əliyevə təqdim etdi. Bu mühüm addım Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi Qərar əsasında atılmışdı. Həmin qərarda deyilirdi: «Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir.» Qərarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalamışdılar.

Azərbaycanın türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar daim təqdir olunur. Hər zaman «Gücümüz birliyimizdədir» çağırışını edən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırır ki, hər bir ölkə digərinin problemini öz problemi kimi qəbul etməli, onun həlli istiqamətində səylərini artırmalıdır. Prezident İlham Əliyev türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb. Azərbaycanın Türk Şurasına sədrliyi müddətində bu birliyə verdiyi töhfələrin miqyası genişdir. Qurumun ötən il keçirilən VIII Zirvə Görüşündə sədrlik Azərbaycandan Türkiyəyə keçdi. Türkiyənin dünya birliyində rolu, nüfuzu, sürətli inkişafı, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti fonunda Türk Şurasının gələcəyinə böyük töhfələr verəcəyi böyük əminliklə qeyd edilir. Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayır. Bu tarixi Zəfər Azərbaycanın malik olduğu imkanlarla yanaşı, dost, qardaş ölkələrin dəstəyinin, bir-birinin yanında olmalarının dünyaya təqdimatı kimi də dəyərləndirilir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət başçısı İlham Əliyevin «Türk Dünyasının Ali Ordeni»nə layiq görülməsi Prezidentin böyük şəxsiyyətinə, Türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türk dünyasında yüksək nüfuzuna, tarixi Qələbəmizin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymət kimi tarixə yazıldı.

Bu gün türk dünyasının həmrəyliyinə baxış əsasında Azərbaycan-Qazaxıstan münasibətlərinin dünəninə, bv gününə nəzər salacaq, imzalanan sənədlərin qarşıkı dövr üçün priortetlərini diqqətə çatdıracağıq. Bu baxımdan ki, yaxın günlərdə, avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana rəsmi səfəri 30 illik yolun təhlilində əhəmiyyətli rol oynayır. Bu illər ərzində Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı etimad və bərabərlik prinsipi mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirib. Dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan bu əlaqələrin əsası ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulub. Bu münasibətlər son 19 ilə yaxın dövrdə Prezident İlham Əliyevin təkmil xarici siyasət kursuna uyğun olaraq daha da inkişaf edir, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır. Hər zaman qeyd etdiyimiz kimi, qarşılıqlı səfərlər münasibətlərin yeni mərhələyə daxil olmasını şərtləndirir. Bu baxımdan ki, keçirilən görüşlərdə bugünümüz üçün aktual olan məsələlər müzakirə edilir, yeni sənədlər imzalanır.

Azərbaycan-Qazaxıstan münasibətləri daim strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyıb. 2005-ci ildə Bakıda imzalanmış “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında” müqavilə bunu təsdiq edir. İki dost, qardaş ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəksək görərik ki, münasibətlərdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi hər zaman aktual məsələ olaraq öndədir. Bu baxımdan Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti iqtisadi sahədə ikitərəfli münasibətlərin inkişafına kömək edir. Komissiyanın tövsiyələri energetika, tranzit və nəqliyyat sistemləri, kənd təsərrüfatı, təhsil və turizm sahələrində ticari-iqtisadi və investisiya əlaqələrinin genişlənməsinə dair ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektrini əhatə edir.

Dil, mədəniyyət və ənənələrdə ortaq türk kökləri olan ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı, UNESCO və ISESCO, Türkdilli Ölkələrin Parlament Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türk Şurası, Beynəlxalq Türk Akademiyası çərçivələrində bir-biri ilə fəal şəkildə əlaqələr quraraq həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əlaqələrin inkişafına nail olurlar. Hər iki dövlətin, xalqın bir-birinə dərin hörmətlə yanaşmasından danışarkən belə faktı da vurğulamamaq olmaz ki, hələ 2000-ci illərin əvvəlində paytaxt statusunu yenicə almış Astanada küçələrdən birinə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı verilmişdi. Qazaxıstanlılar bu böyük siyasi xadimin, öz xalqının həqiqi vətənpərvərinin və ləyaqətli oğlunun gördüyü işlərə və qazandığı nailiyyətlərə dərin ehtiram hissi ilə yanaşırlar. Öz növbəsində, Bakıdakı küçələrdən birinə böyük qazax yazıçısı və mütəfəkkiri Abay Kunanbayevin adı verilib. Bu, bizim ortaq mənəvi dəyərlərimizə və xalqlarımızın irsinə ehtiramın rəmzi olan layiqli jestdir.

Azərbaycan ilə Qazaxıstan arasında həmişə etimada və ehtirama əsaslanan münasibətlər və əməkdaşlıq mövcud olub. Ölkələrimizi ortaq tarixi köklər və ortaq mədəniyyətlə bərabər, yenilməz əzm və mehriban qonşuluq münasibətlərini daha da inkişaf etdirmək səyləri birləşdirir. Odur ki, regionda aparıcı mövqelər tutan Azərbaycan və Qazaxıstan birgə iri layihələri müvəffəqiyyətlə həyata keçirirlər.

Bir mühüm məqamı da xüsusi qeyd edək ki, 2018-ci ildə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması da ölkələrimiz arasında əlaqələrin bugünkü inkişafına öz müsbət təsirini göstərən addımlar sırasındadır. Baxmayaraq ki, Azərbaycanla Qazaxıstan arasında bu məsələnin həlli ilə bağlı problem yox idi, həmçinin ikitərəfli Memorandum imzalanmışdı, ümumilikdə hüquqi status məsələsinin illərdir öz həllini gözləməsi müəyyən problemlərə, narazılıqlara yol açırdı. Sahilyanı ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən bütün görüşlərdə Xəzəri təhlükəsizlik, sülh dənizi adlandıran, sabitliyin təməlində ikitərəfli və çoxtərəfli münasibətlərin dayandığını bildirən Prezident İlham Əliyev bu dənizin hüquqi statusu ilə bağlı sahilyanı ölkələr arasında uzun illərdən bəri davam edən ziddiyyətlərin qarşılıqlı əməkdaşlıq, xüsusi etimad və ehtiramla əvəz olunmasında humanistliyini göstərdi. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasında dövlət başçımızın mühüm rolunun olması beynəlxalq səviyyədə etiraf olundu. İkitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin məntiqi nəticəsi Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsini, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmanı, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edən sənədlərdə əksini tapmasıdır. Azərbaycan Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığına bölgədə sabitliyin təminatı baxımından böyük əhəmiyyət verir. Bu ölkələr arasında əməkdaşlığın müqavilə-hüquqi bazasının möhkəmlənməsinin nəticəsidir ki, bölgədə təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və neqativ halların aradan qaldırılması ilə bağlı sazişlər imzalanıb və müəyyənləşdirilmiş prinsiplərə əməl olunur.

Bölgədə sabitliyin başlıca şərtləri olan birgə fəaliyyətin əsasını dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edir. Region ölkələri xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin əsasını da qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində birgə çalışmaq niyyəti təşkil edir. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqlar göz önündədir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı Azərbaycanın göstərdiyi səylər belə bir cümlə ilə ifadə edilir ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bu mühüm addım türk dünyasının birliyinə, həmrəyliyinə böyük töhfə olacaqdır.
Əvvəldə də qeyd etdiyimiz kimi, xarici siyasətində əsas amil olan Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində hər zaman fəallıq göstərən Azərbaycanın təşkilat çərçivəsində, həm də üzv ölkələrlə təmasları genişlənir. Cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə «Bu il mənim Türkiyə Prezidenti ilə üç görüşüm olub. Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Azərbaycana səfər etmişdir və görüş keçirilmişdir. Eyni zamanda, iyun ayında mənim Özbəkistana və Türkmənistana səfərlərim olub, Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşlərim olub. Gələn ay Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Yəni bu, sadəcə olaraq, görünən məsələlərdir və onlar göstərir ki, bu təmaslar nə qədər fəal inkişaf edir, fəal surətdə inkişaf edir. Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır – həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır» sözləri türk birliyinin sarsılmazlıq rəmzinin ifadəsidir. Cənab İlham Əliyev hər zaman bu məqamı da önə çəkir ki, həmişə sözümüzün üstündə dururuq, həmişə verilən sözə sadiqik. Əlbəttə, bu beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək.

Qazaxıstan Prezidentinin ölkəmizə rəsmi səfəri geniş təkibdə görüşün, eyni zamanda, iki qardaş ölkənin prezidentlərinin görüşü əsasında hər iki tərəfi düşündürən məsələlər ətrafında fikir mübadiləsinin aparılması ilə diqqətdədir. Prezidentlərin mətbuata bəyanatları həm ölkələrimizin bugünədək keçdikləri yolun, həmçinin perspektivlərin təqdimatı baxımından əhəmiyyətlidir. Səfər çərçivəsində Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcəyinə işıq salan xeyli sayda sənədlər imzalandı. Hər bir sənəd əlaqələrin inkişafında yeni mərhələdir. Bir mühüm məqamı da qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olundu. «Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər» söyləyən Qazaxıstan Prezidenti bu məqamı da xüsusi qeyd etdi ki, Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz: «Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim.» Əməyinə qardaş ölkə tərəfindən verilən yüksək dəyərə görə minnətdarlığını bildirən dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, bu yüksək mükafat mənim əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi yolunda bundan sonrakı fəaliyyətimdə üzərimə vəzifələr qoyur. Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.

Daha çox xəbərlər