Təhsilimiz müasirləşir, təkmilləşir və…
Təhsil hər bir millətin gələcəyidir. Bu gün dünyada ən inkişaf etmiş ölkələr, ən firavan yaşayan millətlər təhsildə öndə olan ölkələr və millətlərdir. Ölkəmizdə də təhsil və tərbiyə məsələlərinə daha çox önəm verilir. Dövlət səviyyəsində bu sahədə görülən işlərlə bərabər, vətəndaşlarımız arasında da övladlarının daha yüksək təhsil almasına xeyli maraq və diqqət artıb.
Artıq hər bir valideyn bu reallığı qəbul edir ki, övladı üçün qoya biləcəyi ən böyük miras yüksək təhsil və gözəl tərbiyədir. Ona görə də çalışır ki, övladı ən yaxşı məktəbdə əla qiymətlərlə oxusun, yüksək təhsil alsın, bir neçə xarici dil bilsin, müasir dünyamızın tələblərinə cavab verən kompüter elmlərinə yiyələnsin. Bugünkü valideynin vəzifəsi və məsuliyyəti daha böyükdür. Çünki o, məktəblə birgə daha da müasirləşən, qloballaşan dünya üçün vətəndaş, insan hazırlayır.
Bildiyimiz kimi, 2019-cu ilin sonlarından başlayan COVID-19 pandemiyası bütün dünyanı cənginə aldı. Belə ki, pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də təhsil sektoru oldu. 2020-ci ilin yanvar ayından dünyanın əksər ölkələrinə doğru yayılmağa başlayan virus bir sıra təhsil müəssisələrində, uşaq bağçaları, ibtidai və orta məktəblər, kollec və universitetlərdə dərslərin dayanmasına səbəb oldu. Söhbət təqribən 177 ölkə üzrə 1,6 milyard təhsil alan uşaq və gəncin ənənəvi tədrisdən kənarda qalmasından gedir.
UNESCO dövlətlərə uşaqların və gənclərin təhsildən kənarda qalmasına alternativ olaraq distant təhsilə, müəllimlər və şagirdlər arasında virtual, onlayn dərslərin keçirilməsinə dair öz tövsiyyələrini verdi. Məktəblərin bağlanmasının əsas səbəblərindən biri də təbii ki, virusun yayılma sürətini aşağı salmaq və dövlətlərin səhiyyə sistemlərini prosesə hazırlamaq idi.
Təhsil sektorunun uzun müddət qapalı qalması bir çox sosial, psixoloji və texniki problemlər yaratdı. Aztəminatlı ailələrdə uşaqların təhsil alma keyfiyyəti bir qədər də aşağı düşdü. Çünki belə ailələrdə uşaqlarına distant təhsillə təmin etmək üçün texnoloji avadanlıqlar çatmırdı. Bu baxımdan hər bir uşaq və gəncin keyfiyyətli təhsil alması üçün bərabər imkanların yaradılması başlıca məqamlardan birinə çevrilmişdi. Bir sıra ölkələr bir neçə aydan sonra tədricən təhsil ocaqlarının qapılarını açmağa başladı. Lakin bununla paralel distant təhsil də tətbiq olunurdu. Birdən-birə virtual tədrisə keçid çətinliklər yaratsa da, müəyyən vərdişlər qazanıldı, məsafədən təhsil təcrübəsinə yiyələnildi. Təhsil qanunvericiliyində 2009-cu ildə nəzərdə tutulan distant təhsilin zəruriliyi bir daha özünü göstərdi.
Ötən ilin sentyabr ayından etibarən ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olundu. Mütəxəssislərin fikrincə, hər nə qədər distant təhsillə bağlı artıq yetəri qədər təcrübə qazanmış olsaq da, ənənəvi təhsili əvəz edəcək təhsil forması yoxdur. İl yarımdan artıq bir müddətdə təhsilsizlik boşluğunu doldurmağa məcbur olduğumuz üçün fərqli formatlarda təhsilin davam etdirilməsi ilə bağlı qərarlar qəbul edildi. Lakin ənənəvi təhsil artıq bərpa olundu və ənənəvi təhsilin bərpa olunması ilə təhsilin keyfiyyəti artıq öz axarına düşdü. Elm və Təhsil Nazirliyinin qərarı ilə təxminən 22 gündən sonra hər zaman olduğu kimi, sentyabr ayının 15-də yeni tədris ili başlayacaq.
Pandemiya dövrü hələ də davam edir və tamamilə nə zaman bitəcək heç kim bilmir. Lakin ümid edək ki, bundan sonra məktəblərin bağlanması ilə bağlı qərar qəbul edilməyəcək. Hazırki sanitar-epidemioloji vəziyyət məktəblərdə, təhsil müəssisələrində təhlükəsizliyin təmin olunmasına imkan yaradır. Təhsil müəssisələrimiz bütövlükdə dezinfeksiya olunurlar və koronavirusdan qorunmaqla bağlı bütün beynəlxalq səviyyədə qəbul olunmuş tövsiyələrə əməl etməyə tam hazırdırlar. Elm və Təhsil Nazirliyi bu prosesi yüksək səviyyədə idarə edəcək. Amma yenə də məsuliyyət məsələsi gündəmdədir. Ümid edirik ki, valideynlər məsuliyyətlərini dərk edəcək və verilmiş bu qərardan peşman olmayacayıq və bu yoluxanların sayına təsirsiz ötüşəcək.
Bildiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə media üçün keçirdiyi brifinqdə əvvəlcə bəzi təhsil işçilərinin vəzifə maaşlarına aylıq əlavələrin təyin edilməsi barədə yeni qərara dair geniş təqdimatla çıxış etdi. Ümumi təhsil müəssisələrinin rəhbər şəxslərinin vəzifə maaşlarına əlavələrin təyin edilməsinin mahiyyətindən danışan Emin Əmrullayev bildirdi ki, sözügedən qərar təxminən 865 direktor, 2343 direktor müavinini əhatə edir.
Sertifikatlaşmadan keçən müəllimlərin vəzifə maaşlarına əlavələrdən də söz açan elm və təhsil naziri qeyd etdi ki, sertifikasiya ilə bağlı həvəsləndirmə tədbiri olaraq keçid balı toplamış müəllimlərin əməkhaqqına 10 faiz, 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə ödəniləcək. Nazirin sözlərinə görə, sertifikatlaşma hazırda işləyən müəllimlərin peşəkar səviyyəsinin müəyyən edilməsinə xidmət edir.
E.Əmrullayev, həmçinin müəllimlərin işə qəbulu prosesi, 2022-2026-cı illər üzrə xaricdə təhsil üçün Dövlət Proqramı, Elm və Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri barədə də məlumat verdi.
Ümumilikdə qeyd edə bilərik ki, Azərbaycan təhsili müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşir, yeniləşir, qalib ölkəmizin qarşısında dayanan hədəflərin gerçəkləşməsinə öz töhfələrini verir. Azərbaycan innovasiyalar ölkəsi kimi qazandığı reytinqə daim yenilikləri ilə əlavələr gətirir.

