Cəmiyyət 

Qarabağ və Şərqi Zəngəzurun su təchizatı yenidən qurulur

Bu bölgələrdə mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, yeni su mənbələrinin yaradılması, dağıdılmış infrastruktur obyektlərinin bərpası istiqamətində mühüm işlər həyata keçirilir

Ermənistanın torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlaması bölgənin, xüsusilə Azərbaycanın təhlükəsizliyinə, iqtisadiyyatın inkişafına çox böyük maneə olub. İşğal amili o cümlədən Azərbaycanın əkinçilik üçün yararlı torpaqlarının suvarılmasında su qıtlığına, ətraf mühitin xeyli çirklənməsinə səbəb olub. Habelə vaxtilə işğal altında olan ərazilərimizdə təbii resurslardan vəhşicəsinə istifadə edilməsi, transsərhəd çaylarının qəsdən çirkləndirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurulub. Həmçinin yüz minlərlə əhali içməli sudan məhrum edilib. Həmin ərazilərdə su mənbələrinin qəsdən məhv edilməsi münbit torpaqların eroziyasına, susuzlaşmasına və səhralaşmasına gətirib çıxarıb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı 30 ilə yaxın müddətdə işğal altında qalıb.

Məlumdur ki, Azərbaycan quraqlıq zonasında yerləşir və bu səbəbdən respublikamızın kənd təsərrüfatı 90% civarında suvarmadan asılıdır. Vaxtilə işğal altında olan ərazilərimizdə strateji əhəmiyyət kəsb edən iri iqtisadi obyektlərdən ən böyüyü Sərsəng su anbarıdır. Mühüm starteji əhəmiyyətə malik olan bu su anbarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ərsəyə gətirilib. 1976-cı ildə ümummilli lider Heydər Əliyev Sərsəng su anbarının açılışında şəxsən iştirak edib. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində olan Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 000 hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mvt olan su eletrik stansiyası tikilib.

Ümumilikdə, 125,8 min hektar suvarılan torpaq ərazilərimiz ermənilər tərəfindən işğal edilmişdi. Onlardan yalnız 25,3 min hektarı (20%) keçmiş Dağlıq Qarabağ bölgəsi, digər 100,5 min hektar isə Ağdam (49,5 min hektar), Füzuli (26,4 min hektar), Cəbrayıl (12,5 min hektar) Zəngilan (5,3 min hektar), Qubadlı (5,3 min hektar), Kəlbəcər (1,4 min hektar) rayonlarının payına düşür.

2020-ci ilin sentyabr ayının 27-dən başlayan əks-hücum nəticəsində Azərbaycan Ordusu tərəfindən Suqovuşan qəsəbəsi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda, ekoloji tarazlığın təmin olunmasında mühüm addımlar atılıb. İşğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan bu sahədə də öz standartlarını yaradıb. Mina problemi, eyni zamanda, pandemiyanın yaratdığı çətinliklərə rəğmən bərpa və yenidənqurma işləri bütün istiqamətlər üzrə sürətlə və planlı şəkildə aparılır. Su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük Qayıdışın tərkib hissəsidir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək. İşğaldan azad olunan ərazilərin kənd təsərrüfatı sahəsində potensialı ölkə iqtisadiyyatı üçün mühüm drayverlərdən birinə çevriləcək. Su ehtiyatlarının düzgün idarə edilməsi və səmərəli istifadəsi isə Qarabağda aqrar sahənin inkişafına töhfə verəcək. Hazırda bərpası nəzərdə tutulan su anbarlarının istifadəyə verilməsi ilə bu məsələ həllini tapacaq. İşğal dövründə Ermənistan məqsədli şəkildə su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin strateji kursuna əsasən, bərpa prosesi zamanı sudan məqsədyönlü istifadə üçün infrastruktur imkanları təkmilləşdirilir. Bu, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanıb.

Avqustun 22-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçiriblər. Məqsəd Sərsəng su anbarında texniki monitorinqin aparılması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq olub. Görüşdə əsasən iki məsələ – su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlarına su verilməsinin bərpası müzakirə olunub. Görüş və danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitində baş tutub. Həmçinin belə görüşlərin və əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılıb.

Daha çox xəbərlər