Gündəm 

Qoy, bütün dünya görsün ki…

İşğaldan azad edilmiş ərazilərimizə səfər edən beynəlxalq səyahətçilər erməni faşizmindən dəhşətə gəliblər

Azərbaycan İkinci Qarabağ müharibəsini uğurla başa vurduqdan və tarixi torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə hər şeyin dağıdılığı, daşın-daş üstə qalmadığı məlum oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev azad olunmuş ərazilərə hər səfərində ermənilərin törətdikləri bu vəhşilikləri həm ölkə, həm də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb.

Dövlətimizin başçısı ermənilərin hətta dini abidələri dağıtdıqlarını, məscidlərimizi təhqir etdiklərini, alban kilsəsini erməniləşdirmək istədiklərini, eyni  zamanda, xristian abidəsi olsa da, onu tanınmaz hala saldıqlarını, burada erməni dilində yazılar yazdıqlarını ifşa edib. Bildirib ki, bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşla¬rımızın məbədidir: “Bu kilsənin – alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar… Ermənilərin vəhşiliyini dünya bilməlidir, görməlidir bizim məscidlərimiz nə gündədir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər. Alban kilsəsini də bu günə qoyublar. Bəlkə burada da heyvan saxlayıblar, burada da dəmir-dümür saxlayıblar, orada o dəmir-dümürlərin bir hissəsi qalıb. Ona görə hər kəs bunu görməlidir, bilməlidir”.

Ərazilərimiz azad olunduqdan sonra Azərbaycan regiona beynəlxalq təşkilatların, siyasətçilərin, jurnalistlərin və s. səfərlərini təşkil edərək onları ermənilərin vandallığı, goreşənliyi ilə əyani şəkildə tanış edib. Belə səfərlərdən biri də bu günlərdə baş tutub. Beləliklə, dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin iştirakı ilə baş tutan səfər heyətinin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veley olub.

Onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə səfər edən beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə yollanıblar. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və təbiəti ilə tanış olublar. Şuşada səfərdə olan beynəlxalq səyahətçilər burada erməni vandalizmi

nəticəsində dağıdılmış yerlərdə Azərbaycanın qısa zaman kəsiyində apardığı quruculuq işləri ilə tanış olublar. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki dağıntılarla təkbaşına mübarizəsi onları heyrətə gətirib.

Beynəlxalq səyahətçilərin 3 gün ərzində avtomobillərlə Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət ediblər. Səfər həm də işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

“Azərbaycan Turizm Assosiasiyası” (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov mətbuata açıqlamasında bildirib ki, ölkələrin tarixinə xüsusi marağı olanlar həmin ölkələrin keçdiyi iztirabları, fəlakətləri yaxından araşdırırlar: “Bu səbəbdən son illərdə artan tendensiyaya malik bir turizm növü inkişaf edib. “Black tourism” kimi tanınan bu turizm növünü bizim dildə “hüzn turizmi” də adlandırmaq mümkündür. Bu ifadənin dilimizdə “kədər” adlandırılmasının səbəbi bu turizm növündə ziyarət edilən yerlərin qəbiristanlıqlar, zindanlar, təbii fəlakət abidələri və ya həbs düşərgələri kimi ərazilər olmasıdır. Əvvəla, burada işlədilən “qaranlıq” sözü lüğətdəki qaranlıq, qaranlıq mənasına tam uyğun gəlmir. Bu kontekst tarixin müəyyən bir dövründə regiona səyahətinizin çətin anlarını simvollaşdırır. Ümumiyyətlə, deyə bilərik ki, qaranlıq turizm böyük sıxıntı, ziyan, kədər və ölümlə nəticələnən yerlərə səyahətdir”.

Ə.Qurbanov onu da diqqətə çatdırıb ki, ölkəmizdə və dünyada “hüzn turizmi”nin çox istiqamətləri var: “Dünyadan  nümunələr gətirsək, Çernobıl, Osventsim konsentrasiya düşərgəsi, Pompey, Xirosima, Berlin divarı, Salem Cadugər Muzeyi, Tuol Slenq Soyqırımı Muzeyi, Macarıstan Terror Muzeyi göstərilə bilər”.

Məhz bu cür səfərlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ermənilərin işğalçılıq mahiyyətinin dünya ictimaiyyətində təbliğ edilməsi baxımından olduqca mühümdür. Digər tərəfdən, ermənilərin informasiya terrorunun qarşısının alınması istiqamətində çox vacib addımdır. Biz torpaqlarımızdakı erməni vəhşiliklərini birbaşa xarici ölkə təmsilçilərinin gözləri ilə ictimailəşdirdikcə, dünya artıq erməni yalanlarını qəbul etməyəcək. Bununla da Ermənistanın saxta təbliğat maşını işləməyəcək, yəni, erməni yalanları “ayaq tutsa da, yeriməyəcək”. Bu, önəmli məqamdır. Çünki  ermənilərin faş olması Azərbaycanın haqlı və ədalətli mövqeyini möhkəmləndirəcək. Xarici nümayəndələr erməni vandallarının törətdiyi dağıntıları yaxından gördükcə, ərazilərdəki ağlasığmaz talan izlərinə şahidlik etdikcə, Qarabağ məsələsində daha dolğun fikrə, aydın təsəvvürə sahib olacaqlar.

Daha çox xəbərlər