Gündəm 

Ermənistan hədəf kimi daim mülki əhalini seçir

İşğalçı ölkənin bu xisləti onun terrorçu və antiinsani mahiyyətini ortaya qoyur

İkinci Qarabağ müharibəsində məğlubiyyətə uğramış və nəticədə kapitulyasiya aktına imza atmış Ermənistan son zamanlar nəinki 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əməl etməkdən boyun qaçırır, üstəlik təxribatlarının sayını və miqyasını artırmaqdadır. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi mütəmadi olaraq məlumat yayır, eyni zamanda, düşmənə layiqli cavab verildiyini bildirir. Sentyabrın 12-də gecə saatlarında Ermənistanın törətdiyi təxribat isə xüsusilə böyük miqyaslı olub.

Təəssüflər olsun ki, təxribat törədən Ermənistan Birinci və İkinci Qarabağ müharibələrində, Tovuz  hadisələrində olduğu kimi, bu dəfə də hədəf kimi mülki əhalini seçir. Belə ki, Azərbayacan-Ermənistan sərhədindəki toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan, Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonunun Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcərin Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

Hazırda A.Musayev Gəncə şəhərindəki A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Dünya bu haqsızlığa niyə susur?

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, “Bakı” Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib: “Onun mülki əhalini atəşə tutması bir sıra məqsədlər güdür. Onun bu hərəkəti göstərir ki,  işğalçı dövlət əsas hədəf kimi mülki əhalini seçir. Bu isə Ermənistan hakimiyyətinin siyasətinin mahiyyətini göstərir. Mülki əhalini atəşə tutmaq hərbi cinayətdir. Hazırda sərhəddə yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.”

Z.Məmmədov vurğulayıb ki, ABŞ-ın  Dövlət  katibi Entoni Blinkenin əsassız bəyanatı isə  ən azı təəssüf doğurur. Kimin hansı bəyanat verməsindən asılı olmayaraq, Azərbaycan bu məsələdə haqlıdır və təxribatlara cavab verməklə öz təhlükəsizliyini təmin etməyə çalışır. Beynəlxalq ictimaiyyət bu məsələyə baxmalıdır. Çünki ABŞ  Dövlət Departamentinin iki rəsmisinin, Avropanın ayrı-ayrı parlamentarilərinin, o cümlədən AŞPA-nın  verdiyi  bəyanat çox qərəzli idi.  İndi həmin adamlar gözlərini dörd açıb görsünlər ki, mülki əhalini hədəf seçən, dinc sakinlərə hücum edən hansı dövlətdir. Təəssüflər olsun ki, budəfəki təxribatlarda da Azərbaycanın mülki əhaləsinə qarşı  Ermənistan ordusu tərəfindən atəş açılmışdır. Bu, beynəlxalq cinayətdir. Sülh danışıqlarının getdiyi dönəmdə belə bir addımın atılması o deməkdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan həm  Rusiya Prezidenti  Vladimir Putinin, həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşlərdə  səmimi  olmayıb. Əks təqdirdə  avqusutun 31-də baş tutan Brüssel görüşündə  üzərinə götürdüyü   öhdəliklərini icra edərdi. Amma qarşı tərəf bu dəfə də öhdəliyinə əməl etmədi. Ermənistan son günlər törətdiyi təxribatlarla sülhün yaranmasında maraqlı olmadığını bir daha bəyan etdi.”

Z.Məmmədov qeyd edib ki, Ermənistan şıltaqlığını yerə qoyaraq birdəfəlik təslim olmalı, öz təxribatlarından əl çəkməli və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. Azərbaycan Ordusu Ermənistanın təxribatlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görür və görəcək.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli “İki sahil”ə açıqlamasında söyləyib ki, “Ermənistanın siyasi və hərbi rəhbərliyi bütün vasitələrdən istifadə edirlər ki, sülh danışıqları pozulsun: “Onlar cəbhədə, diplomatik masada məğlub olublar və Azərbaycanın ərazi bütövlüyünü tanımaq, sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərlərinə öhdəliklər götürüblər. Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etdiklərini Ermənistanın baş naziri Paşinyan da etiraf edib. Amma onlar nəinki bu öhdəliklərini yerinə yetirmirlər, hətta bundan yayınmaq üçün təxribatlara əl atırlar.”

E.Həsənli diqqətə çatdırıb ki, Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutan son görüşdən sonra Azərbaycan böyük humanizm göstərərək  erməni tərəfinin 5 əsirini də geri qaytardı. Amma Ermənistan yenə də öhdəliklərini yerinə yetirmək istəmir. Bunun üçün də bu cür məkrli təxribatlara əl atır və Azərbaycan Ordusu tərəfindən qətiyyətlə cəzalandırılır.

Həmsöhbərimiz xatırladıb ki,  Ermənistan  2020-ci ilin Tovuz hadisələrində, həmin ilin sentyabrından başlatdığı təxribatlarında olduğu kimi, bu dəfə də revanş qazanmaq məqsədilə Azərbaycanın mülki əhalisini atəşə tutdu: “Ermənistanın mülki əhalini atəşə tutması onun terrorçu və antiinsani mahiyyətini ortaya qoyur. Düşmən belə təxribatlara əl atmaqla, mülki vətəndaşlarımızı atəşə tutmaqla qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etmədiyini nümayiş etdirir. BMT-nin artıq həll edilmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini icra etməyən Ermənistan mülki insanları atəşə məruz qoymaqla yeni-yeni cinayətlər törədir. Lakin Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu erməni faşizminin layiqli cavabını verəcək və verir də . Ordumuz  işğalçı tərəfi etdiyi hər cinayətinə, vəhşiliyinə görə cəzalandıracaq.”

Ekspert vurğulayıb ki, bu xroniki xəstəni, sağalmaz virusu biz davamlı müalicə etməliyik, vaksin etməliyik: “Bu vaksin də Azərbaycan dövlətinin dəmir yumruğu, ordumuzun silahıdır. Bunun başqa yolu yoxdur. Ermənistan unudur ki, Azərbaycanın səbri sonsuz deyil. Türkiyənin Suriyada bufer zona yaratdığı kimi, məcbur olub Azərbaycan da Qazaxdan Naxçıvana qədər “bufer zona” yaratmalı olacaq ki, ərazilərimiz vurulmasın. Ermənistan bizə bundan başqa alternativ qoymur. Ya Ermənistan sülhə gəlməlidir, ya da gəlməlidir. Bu danışıqlar sonsuza qədər davam edə bilməz.  Biz daha bir 30 il də gözləyə bilmərik ki, Ermənistan nə zaman sülh imzalayacaq, Zəngəzur dəhlizini açacaq.”

E.Həsənli xatırladıb ki, Ermənistanın terrorçu mahiyyəti, onun yalnız Azərbaycan üçün deyil, bölgədəki hər bir dövlət üçün təhdid və təhlükə mənbəyi olması region dövlətləri tərəfindən də dərk edilməlidir. Onlar anlamalıdırlar ki, qonşu dövlətlərə qarşı davamlı şəkildə ərazi iddiaları irəli sürən, ərazisində terror təşkilatları yerləşdirən Ermənistan onlar üçün də böyük təhlükədir. Odur ki, region dövlətləri də Azərbaycanın haqq işini tam şəkildə müdafiə etməli, terrorçu Ermənistana təzyiq göstərməklə onun neytrallaşdırılmasına nail olmalıdır.

Hərbi ekspert Ramil Məmmədli isə bildirib ki, Ermənistan hər zaman olduğu kimi, bu dəfə də mülki şəxsləri hədəfə alıb və onlara qarşı terror aktı törətməkdə davam edir: “Bu, həm Birinci, həm də İkinci Qarabağ savaşında, Tovuz döyüşləri zamanı dəfələrlə təkrar olunub. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələyə ciddi reaksiya verməlidirlər. Təəssüf ki,  bu məsələ ilə bağlı hələ də onların konkret reaksiyası yoxdur. Azərbaycan Ordusu hər zaman  öz ərazisini, ölkəsini qorumaq üçün mübarizə aparır və hərb meydanında savaşır.”

R.Məmmədli xatırladıb ki, 2020-ci ilin Tovuz döyüşləri zamanı da buna bənzər hadisə baş vermişdi. Doğrudur, orada döyüşlər yalnız bir məntəqə üzərindən gedirdi. Belə görünür ki, Kəlbəcər  və Laçın istiqamətində ermənilərin məqsədi böyük bir ərazini işğal etmək idi. Azərbaycan Ordusu bu irimiqyaslı təxribatın qarşısını ala bildi. Şəhid olan zabitlərimiz öndə gedərək Azərbaycan əsgəri ilə birlikdə düşməni ərazidən çıxararaq ermənilərin işğalçılıq niyyətinin qarşısını aldılar.

Ekspert vurğulayıb ki, Ermənistanda torpaq iddiasında olan revanşistlər iki il bundan əvvəl baş verən hadisələri tez unudublar: “Zənnimcə, ordumuzun hərb meydanında Ermənistana verdiyi dərs hələ uzun müddət onların yadından çıxmayacaq.”

Daha çox xəbərlər