Gündəm 

Günümüzün reallığı: Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir

«Əsrin müqaviləsi»-28

28 illik yolun aydın mənzərəsini yaradan yeni neft strategiyasının uğurlu icrası nəticəsində əldə olunan nailiyyətlərin davamlılığını təmin etmək üçün geniş imkanlar açılır

“Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə – bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib.” Bu il ənənəvi keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bu fikirləri söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etmişdir ki, enerji amili, enerji diplomatiyası və bütün layihələr iqtisadi potensialımızı gücləndirir və imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin: «Yəni, şaxələndirmə yalnız enerji təchizatına aid deyil. Bu, bizim iqtisadiyyatımızın şaxələndirilməsidir və biz buna nail oluruq. Hesab edirəm ki, bu gün Azərbaycanda biznes mühiti tamamilə lazımi səviyyədir və Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir. Dediyim kimi, birincisi, bizim neft-qaz sahəsində nəhəng təcrübəmiz var, biz ənənəvi şirkətlərlə tərəfdaşlığımıza böyük dəyər veririk. Biz heç vaxt imza atdığımız müqavilənin bir sözünü belə dəyişməmişik. Biz sürətlə inkişaf edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaqdır.»

Tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişinin imzalanmasından 28 il ötür. Eyni zamanda, bu günlərdə, daha dəqiq desək, sentyabrın 14-də «Əsrin müqaviləsi»nin davamı kimi dəyərləndirilən «Yeni əsrin müqaviləsi»nin imzalanmasının 5 ili tamam oldu. Hər bir mühüm hadisənin bugünümüz və gələcəyimiz üçün əhəmiyyətini düzgün dəyərləndirmək üçün keçilən yolun təhlili bir zərurət kimi ortaya çıxır. Həmçinin bir mühüm məqamı da nəzərə alsaq ki, iqtisadi müstəqillik hər bir dövlətin inkişafında, siyasi mövqeyinin möhkəmləndirilməsində əsas amillərdən biridir, bu halda ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsinin bugünümüz üçün əhəmiyyəti daha adyın görünəcək.

Azərbaycan xalqının ən böyük arzularından biri malik olduğumuz təbii sərvətlərin əsl sahibinə çevrilmək idi. Azərbaycan dövlət müstəqilliyini 1991-ci ilin oktyabrında bərpa etsə də bu sevinci 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Azərbaycanın müstəqil dövlət kimi özünün yeraltı və yerüstü sərvətlərinin şəriksiz sahibi olduğunu bütün dünyaya bəyan etməsinə geniş imkanlar yaradan “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 28 ilin ölkəmizin, eyni zamanda, neft-qaz sektorunun inkişafında rolu bugünümüzün reallıqlarında öz əksini tapır. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanmış bu nəhəng neft sazişi regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. İmzalanma mərasimində Ümummilli Lider bu mühüm hadisənin belə dəyərləndirmişdir: «Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.»

Təhlillər fonunda bu fikri böyük inamla qeyd edirik ki, «Əsrin müqaviləsi» Azərbaycanın qarşısında geniş imkanlar açdı, onun dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Ölkəmizə inamın artması fonunda illər geçdikcə imzalanan sazişlərin, Anlaşma memorandumlarının sayı artdı. «Açıq qapı» siyasəti həyata keçirən Azərbaycan ölkəmizə xoş niyyətlə ayaq basan bütün iş adamlarına qapılarını açdı, onların qoyacaqları investisiyalaın təhlükəsizliyinin təmin olunacağını bəyan etdi. Bu baxımdan «Əsrin müqaviləsi»nin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi tərəfi xüsusi önə çəkilir. Müstəqillik yollarında ilk addımlarını atan ölkə üçün onun beynəlxalq aləmdə tanıtımı və mövqeyini möhkəmləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alaq ki, müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan xaos, anvrxiya, özbaşınalıqlar, iqtisadi böhran Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. İnvestorlar qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Amma bir məqamı unutmayaq ki, Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana və malik olduğu enerji resurslarına görə dünyanın diqqətində olub. Lakin reallıq budur ki, bu diqqət və maraq ayrı-ayrı dövrlərdə fərqliliyi ilə özünü büruzə verdi. Belə ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışından sonra ölkədə sabitliyin, təhlükəsizliyin, normal iqtisadi mühitin yaradılması tərəddüdlərin aradan qaldırılmasını şərtləndirdi. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi Onun uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndər bildirirdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.

Bir mühüm məqamı da xüsusi qeyd edək ki, ulu öndər Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən yaxın silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti olan İlham Əliyevin xidmətləri böyük idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.

1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən bəziləri bunun uğuruna inanmırdı. Hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və coğrafi məsələlər öz həllini tapmalı idi. Ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış neft strategiyası və diplomatiyası qarşıda dayanan bütün məsələlərin uğurlu icrasına geniş imkan yaratdı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. O da məlumdur ki, “Əsrin müqaviləsi” imzalanan zaman Ulu Öndər Azərbaycanın gələcəkdə daha geniş imkanlara malik neft ixracı marşrutu kimi məhz Bakı–Tbilisi-Ceyhan variantına üstünlük verdiyini bəyan etmişdi. Qeyd edilən marşurtla bağlı nə qədər təhdid və təzyiqlər edilsə də Azərbaycan yenə də siyasətində müstəqil olduğunu nümayiş etdirdi. Belə ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində bütün bu maneələr dəf olundu, BTC marşurutu seçildi. 2002-ci il sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə həmin kəmərin təməli qoyuldu. 2006-cı ilin iyulun 13-də isə kəmərin təntənəli açılış mərasimi keçirildi. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verməyə başladı.

Qeyd edək ki, Azərbaycan neftinin Ceyhan terminalına məhz 28 May- Respubilka Günündə (hazırda Müstəqillik Günü) çatması da özündə bütün məqamları ehtiva edir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının böyük rolu vardır. “Üç dəniz əfsanəsi” adlandırılan və strateji əhəmiyyəti ilə seçilən layihənin əfsanədən gerçəkliyə çevrilməsi ötən qısa zamanda Azərbaycana çox böyük siyasi və iqtisadi qazanclar gətirib. İllər geçdikcə əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən beynəlxalq səviyyəyə çıxması Azərbaycanın etibarlı tərədaş kimi mövqeyinin möhkəmləndirməsinin göstəricisidir. Azərbaycan nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilib.

Ölkə Prezidenti İlham Əliyevin daim vurğuladığı kimi, bayram tədbirləri, hər bir önəmli hadisə keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. “Əsrin müqaviləsi» Azərbaycana nə verdi” sualına cavab təbii ki, bugünkü reallıqlarımızdır. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirmişdir: “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.» Eyni zamanda, bu fikir də səsləndirilmişdir ki, Cənub Qaz Dəhlizi bu günə qədər görülən işlərin zirvəsidir.

Müstəqilliyinin yenidən bərpasının 30 ildən artıq dövrünü arxada qoyan Azərbaycanın zəngin tarixini vərəqlədikdə ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını görürük. Ümummilli Lider neft-qaz sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirərək Dövlət Neft Fondunun yaradılması ilə neft gəlirlərinin idarə edilməsində şəffaflığın təmin olunmasına geniş imkanlar yaratdı. Bu da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Ölkə Prezidentinin çıxışlarında “Əsrin müqaviləsi”ndən öncə Beynəlxalq Neft və Qaz Sərgi-Konfransının keçirilməsinin malik olduğumuz iqtisadi imkanların təqdimatında əhəmiyyəti xüsusi qeyd olunur. İldən-ilə sərginin iştirakçı olan dövlətlərin, şirkətlərin sayında artım da Azərbaycanın iqtisadi, siyasi inkişafına verilən dəyərdən, ən əsası sabitlik diyarı kimi nüfuz qazanmasından irəli gəlir. “Biz əgər tarixə baxsaq görərik ki, məhz o vaxtdan bu günə qədər Azərbaycan inamla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir və ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektorumuz da inkişaf edir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, “Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 2017-ci ildə, «Əsrin müqaviləsi»nin imzalanmasından 23 il sonra sazişin müddəti 2050-ci ilə qədər uzadıldı: “Yəni, bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlamışdır.»

Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələnin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Cənab İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində bu məqamı xüsusi olaraq bildirmişdir ki, gəlin fərz edək ki, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, daha böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik.

Bu gün artıq dünya Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP-ın və TAP-ın iqtisadi və siyasi əhəmiyyətindən bəhs edir. Onu da qeyd edək ki, Cənub Qaz Dəhlizinin təməli 2014-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasının 20 illiyi ərəfəsində qoyulmuşdur. O zaman bu inam ifadə edilmişdi ki, layihə uğurla, vaxtında icra ediləcək. «Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır» söyləyən cənab İlham Əliyev keçilən yolun uğurlarına, eyni zamanda, gündəmə gətirilən hər bir layihənin icrasının nəzərdə tutulduğu vaxtda başa çatdırılmasına söykənərək bildirir ki, düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.

Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TAP 2020-ci ilin dekabrın son günündə içtifadəyə verildi. Həmin dövr həm 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı, həmçinin dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi bir zamana təsadüf edirdi. Lakin Azərbaycan layihəni nəzərdə tutulduğu vaxtda uğurla başa çatdırdı.

Son illərin uğurları sırasında 2017-ci ilin noyabrında iki milyardıncı ton neftin hasil edilməsini xüsusi qeyd etməliyik. Cənab İlham Əliyev bu münasibətlə keçirilən təntənəli mərasimdə bildirmişdir: «Neftin vətəni Azərbaycandır, neft sənayesi, bax, buradan başlanmışdır. Bu gün-artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur.»

Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Onların icrası nəticəsində dövlət büdcəsinə milyardlarla vəsait daxil olur ki, bu da öz növbəsində əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldilir. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycanın regionda və beynəlxalq aləmdə yerinə və roluna xüsusi diqqət yetirilir. Ölkə Prezidenti İlham Əliyevin, eyni zamanda digər Avropa ölkələrinin rəsmilərinin Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan sənədlər Azərbaycanın Avropa üçün önəmini, etibarlı tərəfdaş rolunu bir daha ortaya qoydu. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlığın prioritetləri» sənədində də bu kimi məqamlar öz əksini tapmışdır. Cənub Qaz Dəhlizinin gələcək üçün əhəmiyyəti geniş təhlil edilir. Dövlət başçısı bu məqamı da xüsusi qeyd edir ki, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib.

Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə yeni dostlar və tərəfdaşlar qazanır, birgə qəbul edilən qərarlar, göstərilən səylər nəticəsindən hər bir layihənin uğurlu sonluqla başa çatdırır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana qarşıdakı illərdə daha möhtəşəm uğurlar qazandıracaq. Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş rayonlarda bərpa və quruculuq işləri sürətlənəcək, əsl cənnət məkana çevriləcəklər. Təbii ki, böyük malik tələb edən bu işlər Azərbaycanın qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirməklə yanaşı, neft strategiyasının uğurlarının təqdimatıdır.

Dövlət başçısı İlham Əliyev bu il keçirilən Bakı Enerji Həftəsinin iştirakçılarına təbrikində də bu mühüm məqamlara diqqəti yönəldərək bildirmişdir ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, habelə əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində dialoqun əsas gündəliyini təşkil edir. Eyni zamanda, “Bakı Enerji Forumu” enerji sektorunun əsas tədbiri statusu qazanmış Xəzər Neft və Qaz Konfransının ənənələrini davam etdirməklə yanaşı, gündəliyini yeni enerji seqmentləri ilə də genişləndirmişdir. Dünya ölkələrinin üzləşdikləri çağırışlar və qlobal enerji balansında gözlənilən struktur dəyişikliyi region üçün də dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutlarının müəyyən edilməsi kimi vəzifələri gündəmə gətirmişdir. Bunu nəzərə alaraq, qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli oyunçulardan olan Azərbaycan xüsusilə bərpa olunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir.

Bu çağırış da xüsusi yer almışdır ki, regionda enerji təhlükəsizliyi, diversifikasiyası və “yaşıl enerji”yə keçidin sürətləndirilməsi üçün əməkdaşlığımızı daha da genişləndirməliyik. Perspektivdə enerji təhlükəsizliyi sahəsində çağırışları uğurla qarşılamaq məqsədilə bu sahədə yeni texnologiyaların və rəqəmsal həllərin tətbiqi üstünlük təşkil etməlidir.

Bakı Enerji Həftəsinin yadda qalan mühüm məqamlarından biri Azərbaycanın enerji tərəfjdaşlarının mədəniyyət paytaxtımız Şuşada bir araya gəlməsi, xüsusi sessiyanın keçirilməsi oldu. Sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlər imzalandı. Əsas məsələ bərpa olunan enerji mənbələrinə investisiyaların yönəldilməsidir ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri bu sahədə böyük potensiala malikdirlər.

Göründüyü kimi, Azərbaycanın enerji sektorunda qazandığı uğurlar davamlıdır. Etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi rolunu artırır və bunu imzalanan sənədlər də təsdiqləyir. Ölkəmizin qarşısında geniş imkanların açıldığı reallıqdır.

Daha çox xəbərlər