COVID-19: Payızda bizi nələr gözləyir?
Artıq payız fəsli qapımızı döyməkdədir. Buna görə də pandemiya ilə bağlı vəziyyət hamımızda daha çox narahatlıq yaratmağa başlayıb. Çünki havalar soyuyur və artıq illərdir öyrəndiyimiz təcrübəmizə əsasən deyə bilirik ki, bu zaman təkcə COVID-19 deyil, bütün hava-damcı yolu ilə keçən infeksiyalara yoluxma faktlarında müəyyən artımlar, respirator alovlanmalar olur. Cari ilin iyun ayından etibarən ölkəmizdə yoluxma saylarında müəyyən artımlar olmuşdu. Lakin son günlər yoluxma halları stabilləşib. Hətta son nəticələr onu göstərir ki, infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını üstələyir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sonuncu hesabatına əsasən, ötən həftə xəstəliyə yoluxma hallarının sayı əvvəlki həftə ilə müqayisədə 28 faiz, ölüm hallarının sayı isə 22 faiz azalıb.
Bildiyimiz kimi, havalar soyuq olduqda hamımız daha çox qapalı mühitlərdə toplanırıq və beləliklə, yaxın təmasların sayı artır, otaqların havalandırılması azalır. Yeni tədris ilinin də başladığını da nəzərə alsaq, qapalı mühitlərdən biri olan ictimai nəqliyyatda da bu səbəbdən sıxlıqlar müşahidə olunmağa başlayıb. Digər tərəfdən isə vətəndaşlar infeksiyaya yoluxma hallarının az olduğu vaxtlarda arxayınlaşaraq fərdi qoruyucu vasitələrdən, maskadan istifadə etmir, qaydalara laqeyd yanaşırlar. Bütün bunlar isə infeksiyanın ötürülməsini daha da asanlaşdırır.
İnfeksionist-hepatoloq həkim Mərdan Əliyev də mövzu ilə bağlı açıqlamasında bildirib ki, payız-qış mövsümündə kəskin respirator infeksiyalarının yayılması üçün əlverişli şərait yaranır: “Koronavirus infeksiyası da kəskin respirator viruslardan biridir. Buna görə də onun payızda artma ehtimalı var. Əvvəllər bu ehtimal daha çox idi. Lakin bilirisiniz ki, yay aylarının sonlarından etibarən artıq yoluxma sayında artım müşahidə edilməyə başlandı. Bunun əslində bizim üçün müəyyən qədər xeyri də oldu. Çünki hər gün müəyyən sayda yoluxmanın olması kollektiv immunitetin güclənməsinə səbəb oldu. Burada bir məsələ də var ki, bu rəsmi deyiləndən daha çox da qeyri-rəsmi yoluxub sağalanlar da oldu. Xəstəlik bu dalğada daha zəif vilurentlik verdiyi üçün, yəni yüngül formada keçdiyi üçün insanların çoxu ev şəraitində müalicə olundu və beləliklə, bildirdiyim kimi, kollektiv immunitet gücləndi. Bu baxımdan payız mövsümündə yoluxma sayında artım olsa belə, bu çox da ciddi rəqəmlər olmayacaq.”
M.Əliyev qeyd edib ki, bu virusla bağlı artıq immunitetin olması və bu günə qədər daha da güclənməsi ilə heç yoluxmamış və ümumiyyətlə vaksin olunmamış şəxslərdə belə bu virusa qarşı immunitet yaratdı: “Ona görə də bu payız bu xəstəliyə yoluxma sayında elə də artım gözlənilmir. Bu tendensiya sadəcə bizim ölkədə yox, bütün dünyada müşahidə olunur. Heç bir karantin qaydalarının olmamasına baxmayaraq, artım müşahidə edilmir, əksinə, geriləmə görülür. Qapanma və məhdudiyyətlərə isə hazırda yüksək yoluxma halları olanda belə yüngül xəstələrin sayının çox, stasionar yatışların sayının az olması səbəbindən ehtiyac görülmür. Verilən qərarlar ancaq tövsiyə xarakterlidir, yəni qabaqlayıcı tədbirlər maskanın taxılması, məsafə saxlanılması ilə bağlıdır.”
Bir sözlə, virus dalğasının nisbətən səngiməsi heç birimizdə arxayınlıq yaranmamalıdır. Hər zaman olduğu kimi, yenə Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlıqlarına əməl edərək qapalı məkanlarda, xüsusilə də insanların sıx olduğu ictimai nəqliyyat vasitələrində həm özümüzü, həm yaxınlarımızı, həm də digər insanları düşünərək maskadan istifadə etməyə çalışaq və gigiyena qaydalarına əməl edək. Etinasızlığın ağır nəticələrə gətirib çıxardığına bir neçə dəfə şahid olmuşuq. Əməl edək və özümüzü qoruyaq ki, əvvəlki qorxulu günlərə geri dönməyək.

