Gündəm 

Yeni döyüş taktikası, peşəkarlıq və qələbə əzmi…

Ali Baş Komandan İlham Əliyevin kompleks hərbi islahatları sayəsində Azərbaycan Ordusu Qafqazın ən güclü Silahlı Qüvvəsinə çevrilib

12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı Azərbaycan Ordusunun tarixi qələbəsi ilə yekunlaşdı. Ordumuzun böyük şücaət və qəhrəmanlıq göstərdiyi bu döyüşlər unikallığı ilə seçilir. Çünki əsgər və zabitlərimiz çətin relyef şəraitində keçirilən üzbəüz döyüşlərdə düşmənə növbəti dəfə ağır zərbə vurdular.

Gecə saatlarında gizlicə ordu hissələrimizə qarşı tələ qurmağa çalışan, dərələrdə mina basdıraraq yeni təxribat törətməyə cəhd edən Ermənistan ordusu bu dəfə də ağır məğlubiyyətə düçar oldu. Azərbaycan Ordusu hündürlüyü 3 min metr olan dağlıq ərazidə, gecənin qaranlığı və düşmənin gücləndirilmiş bunker və postlarında gedən döyüşlərdə bütün maneə və çətinliklərə baxmayaraq işğalçının çox sayda canlı qüvvəsini məhv etdi. Bir neçə hərbi hissəsi, yüzlərlə hərbi texnikası Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən darmadağın edildi.

Ordumuzun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını qısa müddətdə alması hərbçilərimizin peşəkarlığından xəbər verir. Şəhid, yaralı əsgər və zabitlərimizin əsasən güllə yarasına tuş gəlmələri də məhz döyüşlərin üzbəüz getdiyini sübut edir. Döyüşlər gedən ərazidə Ermənistan silahlı qüvvələrinə məxsus postlarda çox sayda hərbçi cəmləşdirilmişdi. Həmin hərbçilər təxribatı törətməzdən əvvəl hazırlıq vəziyyətinə gətirilmişdilər. Üzbəüz döyüşlərdə Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında Azərbaycanla müqayisədə xeyli sayda artıq ölən və yaralanan qeydə alınıb. Hətta bu döyüşlərdə gecənin qaranlığından istifadə edib qaçanlar da oldu.

Bu döyüşlərdə Ermənistan hərbçiləri Azərbaycan Ordusunun həm fiziki, həm də hərbi gücünün yüksək səviyyədə olduğunu bir daha hiss etdilər. Yaxın döyüşdə düşmənə zərbələrin vurulması isə hərbçilərimizin uzun müddət ağır təlimlərdə iştirak edərək öz bacarıqlarını daha da təkmilləşdirmələrinin nəticəsidir. Döyüşlərin yüksək dağlıq ərazilərdə –  3 min metr hündürlükdə aparılmasına və düşmən postlarının həmin hissələrdə yerləşməsinə baxmayaraq, bu əməliyyatlar zamanı ordumuz hərbi aviasiya imkanlarından istifadə etməyib. Gecə şəraitində belə bir ərazidə aviasiya cəlb olunmadan hərbi əməliyyatın aparılması kimi böyük imkanlar hətta əksər NATO ölkələrində yoxdur.

Beləliklə, 2020-ci ilin noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra Ermənistanın törətdiyi bütün hərbi təxribatlar kimi, 12 sentyabr təxribatının da qarşısı Azərbaycan Ordusu tərəfindən yüksək səviyyədə, qətiyyətlə alındı. Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra hələ də özünə gələ bilməyən hərbi qüvvələri daha bir ağır zərbə aldılar. Təəssüf ki, bütün bunlar Ermənistana dərs olmur. Bu ölkə öz əhalisini döyüş meydanında qırdırmaqdan əl çəkmir.

Azərbaycan Ordusu isə son illərdə kifayət qədər böyük güc toplayıb və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanıb. Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirirdi. Dövlət başçımızın müvafiq Fərmanı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Sonrakı islahatlar hərbi təhsil sisteminə də şamil edildi. Ölkəmizdə hərbi islahatlar – mahiyyətli strateji yeniləşmələr həmişə tarixi zərurət kimi təzahür edib və ordu quruculuğu prosesinin tərkib hissəsi olub.

Ermənistan silahlı qüvvələri bölmələrinin genişmiqyaslı təxribatına görə məsuliyyət işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Elə buna görədir ki, sonuncu təxribat nəticəsində ölən erməni əsgərlərin yaxınları İrəvanda parlamentin binası yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirməyə başlayıblar.

Azərbaycan Ordusu isə bundan sonra da düşmənin istənilən təxribatının qarşısını layiqincə alacaq.

Daha çox xəbərlər