Cəmiyyət 

Dünya erməni vəhşiliklərini görmürmü?

İşğaldan azad edilən torpaqlarda minlərlə azərbaycanlının vəhşicəsinə öldürülüb basdırıldığı onlarla kütləvi məzarlıqlar var

Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra humanizm prinsiplərini rəhbər tutaraq mərhələlərlə erməni əsilli hərbi qulluqçuların bir qismini Ermənistan tərəfinə qaytarıb. Azərbaycanın humanitar xarakterli bu addımının əvəzində Ermənistan Birinci Qarabağ müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycana verməli idi. Lakin işğalçı və barbar Ermənistan bu istiqamətdə də imitasiya etməklə məşğuldur.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşı itkin düşüb və onların taleyindən hələ də xəbər yoxdur. Yüzlərlə azərbaycanlının qətlə yetirilməsi, diri-diri yandırılması, onların kütləvi basdırılması faktı da məlumdur. Həmin qətliamlardan sağ qurtaran şahidlər, eyni zamanda tarixi faktlar da bunu təsdiq edir.

Həmin dövrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamlar zamanı kütləvi məzarlıqların mövcudluğu ehtimalının olduğu ərazilərdən biri Qazağın Bağanis Ayrım kəndidir. 1990-cı il martın 24-də bu kənddə ermənilər tərəfindən qırğın törədilib. Qırğın nəticəsində 7 nəfər kənd sakini ocağa atılaraq yandırılıb, 2 nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Burada Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük körpə olub.

Azərbaycanlıların kütləvi dəfn olunması ehtimalının olduğu ərazilər 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində qətliam törədildiyi Çəmənli, Malıbəyli, Kərkicahan, Meşəli, Quşçular kəndləridir. Oradakı erməni vəhşilikləri azərbaycanlılara qarşı törədilmiş cinayətlər sırasında amansızlığı ilə seçilir. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı dəstələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndlərinə hücumu nəticəsində 12 nəfər öldürülüb, 15 nəfər isə yaralanıb.

Birinci Qarabağ müharibəsində ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib. Ən çox kütləvi məzarlığın da məhz bu ərazidə olması ehtimalı var. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Kütləvi məzarlıqların olduğu bildirilən ərazilərdən biri də Kəlbəcər rayonunun Ağdaban kəndidir.1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib, əhalini kütləvi formada qırıblar. 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək məlumat yoxdur.

İnsanlığa sığmayan dəhşət daha sonra Goranboyun Ballıqaya yaylağında baş verdi. Burada laçınlılara qarşı 1992-ci ilin avqustun 28-də törədilən Ballıqaya faciəsi də tarixə ən dəhşətli qətliam kimi düşüb. Səhər saat 5 radələrində Ermənistan silahlı qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iriçaplı silahlardan və qumbaraatanlardan atəşə tutub. İnsanlığın utanc yeri olan Ballıqaya faciəsində 24 nəfər eyni gündə qətlə yetirilib. Ötən il bu kənddə də kütləvi məzarlıq aşkar edilib.

Növbəti belə məzarlıq Şuşanın Daşaltı kəndində aşkarlanıb. 1992-ci ilin 25-26 yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlardan 30 nəfərə yaxını itkin düşmüş sayılırdı və onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Ötən ilin fevral ayında Daşaltı kəndində həyata keçirilən axtarış tədbirləri nəticəsində naməlum cəsəd qalıqları aşkar edilib və onlar məhkəmə tibbi-ekspertizasına götürülüb. Onların şəxsiyyətinin dəqiqləşdirilməsi ilə bağlı işlər aparılır. 1992-1994-cü illərdə Xocavəndin Edilli kəndində kütləvi qırğınlar törədilib. Bu ərazidə də kütləvi məzarlıq tapılıb. Dəhşətli cinayətlərdən biri də Kəlbəcər rayonunda «Tunel» adlanan ərazidə 1993-cü il martın 31-də törədilib. Rayon ərazisini işğal edərkən Tunelin qarşısında pusqu quran erməni faşistləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları gülləbarana tutub, qətlə yetiriblər. Sağ qalanlar girov götürülüb, uzun müddət dəhşətli işgəncələr görüblər. Tuneldə qətliam törədən faşist dəstəsinə məşhur terrorçu, sonralar Ağdam ra­yo­nu ərazisində öldürülən «avo» ləqəbli Monte Melkonyan başçılıq edib. Şahidlərin sözlərinə görə, Tuneldə baş verənlər bir qətliam, soyqırımıdır. Belə ki, burada insanları diri-diri odun-alovun içərisinə atırdılar, uşaqlara, qadınlara, yaşlılara olmazın işgəncələr verirdilər. Hadisə baş verən yerdə 82 nəfər azərbaycanlı olub. Onların 50-dən çoxu diri-diri yandırılıb. 31 nəfər əsir götürülüb, tunelin yaxınlığında ermənilərin 28 il əvvəlki vəhşiliyinin izlərinin – o vaxt məhv edilən avtomaşınların qalıqlarının qaldığını görüblər. Qətliamın qurbanı olan insanların bəziləri hələ də itkin düşmüş sayılır. Bu ərazidə də kütləvi məzarlığın olduğu bildirilir.

Azərbaycanlıların kütləvi basdırıldığı məzarlığın aşkar olunduğu yerlərdən biri də Başlıbeldir. 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. Başlıbelin bir qrup sakini KİV nümayəndələri ilə birgə düz 28 ildən sonra azadlığa qovuşan həmin kəndə gəlib və orada yaşananları yenidən xatırlayıblar. Sağ qalanlar öldürülənləri gecə ilə yorğanlara bükərək gizli dəfn etmişdilər.

Ermənilərin törətdikləri saysız- hesabsız qətliamların hər birini «Holokost» soyqırımı ilə müqayisə etmək olar. Həm azərbaycanlılar, həm də yəhudilər faşizm ideologiyasına uyğun olaraq ən amansız üsullarla qətlə yetiriliblər. Onlar evlərində, sobalarda yandırılıblar. Bədən üzvləri bir neçə hissəyə parçalanıb, körpələr, qadınlar, ahıllar tikə-tikə doğranıb, onların cəsədlərinin qalıqları da məhv edilib. Yəhudilərin kökünün kəsilməsi «ideologiyası» ilə azərbaycanlıların məhv edilməsinə yönələn «dənizdən-dənizə Böyük Ermənistan» avantürası tamamilə eynilik təşkil edir.

Daha çox xəbərlər