Gündəm 

Ətraf mühiti qoruyaq, daha gözəl şəhərlərdə yaşayaq!

BMT-nin Məskunlaşma Proqramının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Azərbaycan Milli Şəhərsalma Forumu”nun Bakı və Ağdamda keçirilməsi ölkəmizin təşəbbüskarlıq ənənəsinin yüksək dəyərləndirilməsidir

Beynəlxalq səviyyədə dəstəklənən  siyasi, iqtisadi, humanitar məsələlərin müzakirəsi üçün platforma olan, sivilizasiyalararası  məkan kimi tanınan ölkəmizdə  keçirilən tədbirlər multikultural dəyərlərə sadiq  Azərbaycanın dünya ictimaiyyətinə əməkdaşlıq, həmrəylik çağırışıdır.  Qədimliklə  müasirliyin vəhdətində inkişaf edən,   görkəmi, təkrarolunmaz gözəlliyi, tarixi abidələri ilə qonaqlarını heyran edən,  meqapolis kimi tanınan Bakının adının Avropanın ən inkişaf etmiş şəhərləri ilə eyni sırada çəkilməsi təbiidir.

Prezident İlham Əliyevin «Mən demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək, deyəcəyik ki,  Bakı dünyanın ən  gözəl şəhəridir» sözləri artıq reallıqdır. Beynəlxalq təşkilatların hesabatlarında dünyanın 10 ən yaşamalı,  «həyat səviyyəsi  yaxşılaşan şəhərlər» reytinqində  Bakının da  adının çəkilməsi bütünlükdə Azərbaycanda  aparılan  sosial, iqtisadi inkişafın məntiqi nəticəsidir.

BMT-nin insan inkişafı üzrə  məruzələrində, Ümumdünya İqtisadi Forumunun ölkələrin qlobal rəqabət qabiliyyəti reytinqinə dair  hesabatında  Azərbaycanın  adının yuxarı pillədə  qərarlaşması ölkəmizin   inkişaf, dinamikasının,  əhalinin sosial müdafiəsinin  təşkilinə  artan diqqətin, neft  amilinin insan kapitalına  çevrilməsinin əyani təzahürüdür. Paytaxtımızı Moskva, Monte Karlo və Parisin sintezi adlandıran xarici qonaqlar  müasir  infrastrukturu, zəngin tarixi ənənələri, yüksək  mədəniyyəti baxımından  seçilən, güclü, sabit ölkə olan Azərbaycanı bütün irqlərə,  dini inanclara məxsus insanların Vətəni,  tolerantlıq, dostluq ölkəsi kimi tanıyırlar. Davam etdirilən bərpa-quruculuq işləri sayəsində  Bakının müasir görkəmi Qərb standartlarından heç də geridə qalmır. Beynəlxalq səviyyəli möhtəşəm  tədbirlərə ev sahibliyi baxımından Azərbaycanı xoşbəxt ölkə adlandıranlar da  qənaətlərində yanılmırlar.

Paytaxtımızın simvolları və rəmzləri olan, adı müasir memarlıq inciləri  sırasında çəkilən   Heydər Əliyev Mərkəzi, «Alov qüllələri», «Bakı Kristal Sarayı» Azərbaycanın inkişaf dinamikasını göstərən müasir abidələrdir.  Respublikamızı dünyada tanıdan  Prezident İlham Əliyevin quruculuq, yaradıcılıq, təşəbbüskarlıq liderliyinin nəticəsidir ki, təkcə paytaxtımız deyil, Azərbaycanın bütün bölgələri gözəlləşir, abadlaşır.

Ölkəmizin ilk beynəlxalq şəhərsalma tədbirinə – Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi etməsi respublikamızın  yeniliklərə  müəlliflik təşəbbüsünə sadiqliyinin ifadəsi olmaqla,  Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törətdiyi vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılması olacaq.

5-6 oktyabr tarixlərində Ağdam və Bakı şəhərlərində BMT-nin Məskunlaşma Proqramı, Azərbaycan Respublikası  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə həyata keçirilən,  milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyətə malik bu  Forum dövlətlərarası əməkdaşlığın, həmrəyliyin möhkəmlənməsi  baxımından da  önəmlidir. Şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması  kimi son dərəcə vacib amilə xidmət edən bu cür tədbirlər  beynəlxalq platformanın yaradılması baxımından da əhəmiyyətlidir.

Postmünaqişə şəraitində yenidənqurma və reabilitasiyanın, o cümlədən konflikt sonrası bərpanın əhəmiyyətini nəzərə alaraq əminliklə demək olar ki, Forumda daha çox  Ermənistan tərəfindən dağıntıya məruz qalmış Azərbaycanla bağlı fikirlər səslənəcək. Diqqət təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış vasitələrinin bərpası və bu torpaqlara həyatın qaytarılması üçün Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadəyə yönəldilir. İlk dəfə baş tutan  Forumda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan Milli Şəhərsalma Forumu nda şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaranır,  şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilib, aradan qaldırılması  yolları  müzakirə olunacaq,  təcrübə mübadiləsi aparılır.

3 oktyabr 2022-ci il tarixində «Karbonsuz dünya üçün şəhərlərdə fəaliyyətin sürətləndirilməsi» mövzusuna həsr edilən «Ümumdünya Yaşayış Məskənləri Günü» ilə start verilən, şəhərsalma məsələlərinə həsr olunmuş Forum silsilə tədbirlərlə  davam etdiriləcək.

Ətraf mühitin qorunması, sağlamlaşdırılması, insan amilinə diqqətin artırılması məqsədilə təşkil olunan Forumun  hədəfi keyfiyyətlə sürəti birləşdirmək, dünya xalqlarının diqqətini ekoloji təhlükəsizliyin təminatı naminə səfərbər etmək, həyat qaynağı olan, lakin tükənməkdə olan  təbii resurslardan israfçılıqla istifadənin qarşısını almaq, tullantıların ətraf mühitə təsirinin azaldılması yollarını birlikdə müəyyənləşdirməkdir.

İnsan amilinə diqqəti dövlət siyasətinin başlıca vəzifəsi kimi daim nəzərdə saxlayan, Polşanın Katovitse şəhərində  Ümumdünya Şəhər Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək» mövzusunda  keçirilən XI sessiyasında video-formatda iştirak edən, çıxışında  Ermənistanın işğalı altında  qalan  Azərbaycan ərazilərində  törədilən vəhşiliklərdən, ekoloji terrorlardan söz açan Prezident İlham Əliyev  azad edilən ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən, infrastrukturun yenilənməsindən, bölgələrin enerji təchizatı məsələlərindən, su hövzələrinin bərpasından ətraflı bəhs etmişdir.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın sürətlənməsi üçün ilk mərhələ kimi  Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən  «ağıllı kənd», «ağıllı şəhər», həmçinin «yaşıl enerji»  layihələrindən söz açan Prezident İlham Əliyev  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bütünlükdə bölgə üçün əhəmiyyətini də reallıqlar, geosiyasi əhəmiyyət baxımından açıqlamışdır. Park şəhərinə çevrilən Zəngilanın  Ağalı kəndində  həyata keçirilən mütərəqqi  təşəbbüslərin davamlı olacağını bildirən dövlət başçımız  quruculuq işlərində beynəlxalq təşkilatların iştirakını həmrəylik nümunəsi adlandırmışdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində müharibədən sonrakı dövrdə BMT qurumlarının iştirakı ilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbirin təşkilini qarşılıqlı əməkdaşlığın nümunəsi kimi dəyərləndirmişdir. Vurğulanmışdır ki,  «2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi» və «Yeni Şəhər Gündəliyi» səyləri  dayanıqlı urbanizasiya və şəhərlərimiz üçün daha yaxşı gələcəyə  istiqamətləndirir.

Ölkəmizdə aparılan genişmiqyaslı  yenidənqurma işlərinin nəticəsidir ki, Bakı şəhəri də daxil olmaqla respublikanın bütün bölgələrində tarixi, memarlıq nümunələri  qorunur,  infrastruktur yenilənir,  müasir dövrün  şəhərsalma tələblərinə uyğun quruculuq işləri davam etdirilir.  44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilən ərazilərdə qısa müddətdə  görülən işlər sayəsində  erməni faşistlərinin törətdikləri vandalizmin nəticələri tədricən aradan qaldırılır. «Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu «Qafqazın Xirosiması» adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib» sözləri ilə  erməni  vandallarının törətdikləri vəhşiliyin miqyasını diqqətə çatdıran Prezident İlham Əliyev  onu da bildirir ki,  abadlıq işlərində iştirak etmək istəyən sərmayədarlar üçün Azərbaycan investisiyaların  təhlükəsizliyi  baxımından  ən etibarlı, inanılmış ölkədir.

Xatırladaq ki, ölkəmizə səfəri çərçivəsində  erməni  vəhşiliyinin şahidi olan  BMT-nin Yaşayış Məskənləri Proqramının («UN-HABITAT») icraçı direktoru xanım Maimuna Mohd Şərif Azərbaycanın xarici şirkətlərlə birgə fəaliyyətini, aparılan müzakirələri qarşılıqlı əməkdaşlıq  üçün faydalı təşəbbüs kimi qiymətləndirmişdir.  Ermənistan tərəfindən törədilmiş ekoloji terrorların, təbiətə vurulan ziyanların aradan qaldırılması, şəhərsalma prosesinə  mənfi təsir göstərən amillərin aradan qaldırılması üçün Azərbaycan Milli Şəhərsalma Forum ətraf mühitin qorunması ilə bağlı  təşəbbüskarlığı artıracaq, bütün dünya xalqlarını ekoloji terrorlara qarşı mübarizəyə səsləyəcəkdir.

Xuraman İsmayılqızı, «İki sahil»

Daha çox xəbərlər