Ağdama həyat qayıdır
200 ildən artıq erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasəti tarixi mənbələrdə artıq sübuta yetirilmiş bir faktdır. Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Əslində, keçmişini unudan tarixini yaşatmayan bir xalqın gələcəyi yoxdur. Bütün hadisələr hər bir millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir.
Xalqımıza, türk dünyasına qarşı erməni daşnaklarının həyata keçirdiyi soyqırımı siyasətinin bir məqsədi olub: işğal olunmuş türk torpaqları hesabına “Böyük Ermənistan” dövləti yaratmaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Yəni, indiki Ermənistan Respublikası Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir.
Öz düşmənçiliyindən əl çəkməyən hiyləgər ermənilər 1988-ci ildən etibarən Qarabağ bölgəsində işğalçılıq məqsədlərini davam etdirməyə nail olurlar. Bu zaman Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Vətənimizin qədim, əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan düşmən tərəfindən işğal edildi. Ermənilərin növbəti qəsbkarlıq siyasətinin nəticəsi olaraq 1 milyondan artıq vətəndaşımız ata-baba yurdlarından zorla didərgin salındı, 20 minə qədər azərbaycanlı qətlə yetirildi, 20 mindən çox dinc sakin yaralandı, 50 mindən çox adam əlil oldu, 4 min nəfərdən artıq azərbaycanlı isə əsir və girov götürüldü.
Erməni vandalları təkcə insanlara qarşı deyil həmçinin işğal etdikləri torpaqların tarixinə və mədəniyyətinə qarşı vəhşilik edir, kəndləri şəhərləri viran qoyurdular. Bu vəhşiliklərin qurbanlarından biridə Ağdam idi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olunmuşdur. 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü. İşğal dövründə erməni vəhşilərinin tapdağı altında olan Ağdam yerlə yeksən edilmiş, bütün tarixi abidələr, məscidlər, mədəniyyət ocaqları dağıdılaraq tarixdən silinməyə çalışılmışdır.
Lakin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 20 noyabr 2020-ci ildə Ağdamımızı bizə qaytardı. Bu gün digər azad olunan torpaqlarımız kimi Ağdam şəhəridə yenidən qurma bərpa işlərindən sonra öz gözəlliyinə qovuşacaq və respublikanın iqtisadi inkişafında öz töhvələrini verəcək. Bunu bu günlərdə açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda söylədikləri əsas verir. Belə ki, Cənab Prezident çıxışında: işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verməyi planlaşdırırıq. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Dünən mən yeni dəmir yolunun təməl daşını qoydum. Hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlayacağıq. Ümumiyyətlə, biz işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialını qiymətləndirmişik və ilkin təhlillərə görə, bu, demək olar ki, on min meqavat təşkil edir. Biz artıq bir neçə su elektrik stansiyasının açılışını etmişik və su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır. Bizim burada işğal dövründə məhrum olduğumuz geniş su ehtiyatlarımız var. Çünki ermənilər təkcə bizim şəhərlərimizi işğal etməmişdilər, onlar bizim ehtiyatlarımızı da işğal etmişdilər. Qanunsuz olaraq dağ-mədən işləri aparılırdı, bizim suya çıxışımızı kəsən qanunsuz işlər görülürdü və biz yüz minlərlə hektar torpağı suvara bilmirdik. İndi biz çaylarımıza, torpağımıza qayıtmışıq. Bütün şəhərlərin Baş planları aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanmışdır və təsdiqlənmişdir deyə bildirmişdir.
Vilayət Mirzəyev,
SOCAR “Qaz İxrac” İdarəsinin İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin rəisi,
YAP Xətai rayon təşkilatının “R.Əliyev küçəsi 19” ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini

