Cəmiyyət 

“Qafqaz Xiroşiması” adlandırılan Ağdam ərazisindəki tarixi-memarlıq abidələri bütünlüklə talan edilib

Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələrə görə, “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir.

Ağdamda qədim tarixə malik çoxlu sayda memarlıq və incəsənət abidələri vardır. Onlardan XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənahəli xanın türbəsi, Pənahəli xanın imarəti, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalasını qeyd etmək olar. XVIII əsrin birinci yarısında Pənahəli xan Cavanşir Ağdam şəhərində özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Saray Ermənistanın işğalı altında olduğu dövrdə vandalizmə məruz qalıb, onu əvvəlcə tövlə kimi, İkinci Qarabağ müharibəsi dövründə isə Azərbaycan Ordusunun hədəfinə çevirmək məqsədilə sığınacaq və müdafiə istehkamı kimi istifadə ediblər.

İşğaldan əvvəl Ağdamda 143 min insan yaşayırdı. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olunmuşdur. Ağdamın bir şəhər və 80 kəndi olmaqla ərazisinin 78 faizi Ermənistan ordusu tərəfindən 23 iyul 1993-cü ildə işğal edilmişdir. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, 30 ilə yaxın müddət ərzində bu ərazilərdəki mülki əhaliyə məxsus evlər, infrastruktur obyektləri ilə yanaşı, tarixi, mədəni və dini abidələrimizi vəhşicəsinə məhv etmişdir. Hətta bir sıra hallarda dini abidələrimiz təhqirə məruz qalmış, Ağdamın ağ damları xarabalığa çevirilmişdir. Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu işğal etməsi və xarabazara çevirməsi ilə bağlı rəsmi statistika təsdiq olunmuş, Birləşmiş Millətlər Təşkilatına və digər önəmli beynəlxalq qurumlara ünvanlanmış, dünya ictimaiyyətinin geniş dairələrində yayılmış bəyanat və müraciətlərdə Ağdam faciəsinin qanlı və dağıdıcı nəticələri əksini tapmışdır. Ermənistanın işğalçı siyasəti yalnız ərazilərin işğalı ilə yekunlaşmayıb. Onların əsas hədəfləri sırasında işğal edilmiş ərazilərin talan edilməsi, maddi dəyəri olan bütün əmlakların qənimət olaraq ələ keçirilməsi və daşınması, əks-halda məhv edilməsi nəzərdə tutulub. Təbii ki, ermənilərin viran qoyduqları ərazilərimiz artıq 44 günlük Şanlı Vətən Müharibəsi nəticəsində işğaldan azad edilib və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada həyat dirçələcək. Daha gözəl evlər, məscidlər tikiləcək.

Ağdamda yerləşən bütün dünyada yeganə olan “Çörək muzeyi” 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdi. Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonun tanınmış nəsillərindən olan Məhəmməd Qarayev tərəfindən inşa edilmişdir. Kompleksə karvansaray da daxil idi. Sovet dönəmində “Dəyirman həyəti” adlanan ərazidəki karvansaray yaşayış üçün uyğunlaşdırılaraq yerli sakinlərə verildi. Birinci Qarabağ müharibəsi zamanı muzeyə iki dəfə mərmi düşmüşdü. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. 1992-ci ilin avqust ayının 12-də, Əsgəran rayonundan atılan erməni işğalçılarına məxsus top mərmisi muzeyə düşərək, tamamilə məhv edilmişdir. Çörək muzeyi ilə yanaşı, Tarix-Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası və şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Qarabağ müharibəsi zamanı işğalçı Ermənistan ordusu tərəfindən məscidlər dağıdılaraq təhqir olunmuş, heyvanların saxlandığı yer olaraq istifadə edilmişdir. 2016-cı ildən Ağdam Cümə məscidi ermənilər tərəfindən hərbi qərargaha çevrilmişdir. Ümumilikdə, 130-dan çox tarixi abidə və maddi-mədəniyyət nümunələri yer üzündən silinmişdir.

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan Ordusu əraziyə daxil olub. 20 noyabrda isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun tamamilə işğaldan azad olunduğunu elan etdi və xalqımıza bu Qələbə münasibətilə təbriklərini çatdırdı.

İşğaldan azad edilmiş ərazilər əvvəlkindən də abad olacaqdır. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi bölgələrindən birinə çevriləcək.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər