Gündəm 

Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə qələbəsidir

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirmişdir. Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də “Avropa Qonşuluq Siyasəti” idi. 2004-cü ildə Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasəti proqramına daxil edilmişdir. Azərbaycan Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanmış və bu məqsədlə Aİ-nin maliyyə-texniki dəstəyini almışdır. Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. “Cənub Qaz Dəhlizi” Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetləri sırasındadır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulmuşdur. Avropa İttifaqı hər iki ölkəni hərtərəfli sülh müqaviləsi imzalamağa çağırmaqla qalmamış, son abzasda “Cənubi Qafqazda, xüsusən, Ermənistanla Azərbaycan arasında ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərtilə” kommunikasiya infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanmışdır.

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən görüş bir çox baxımdan mühüm tarixi-siyasi əhəmiyyətə malikdir. Beləliklə, tarixdə ilk dəfə Azərbaycanla Ermənistan arasında əhatəli sülhün imzalanması və sərhədlərin bölünməsi, müəyyən olunması üçün bu cür fürsət yaranıb. 1918-ci ildə mövcud olmuş respublikaların ərazisi tam dəqiqləşmədən işğal olundular. Həmin vaxt bolşeviklər Azərbaycan torpaqlarını ermənilərin istəyincə müəyyənləşdirdilər. Tərəflər arasında başlıca problemlərin kökü də elə o vaxtdan qoyuldu. Belə ehtimal etmək olar ki, Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının prioritet məsələlərindəndir. Normallaşmaya yardım etmək məqsədilə budəfəki görüşün gündəliyinin layihəsinin də Avropa İttifaqı tərəfindən təqdim edildiyini ehtimal etmək olar. Artıq Qərbə daha aydın olub ki, bölgədə təhlükəsizliyin təmin olunması, ilk növbədə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından keçir. Bu, həm də Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmaması deməkdir. Azərbaycanla Ermənistan arasında sülhün bağlanması regionda Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə də müsbət təkan verər. Bu həm də Qara dəniz regionunun problemlərinin həllinə yardım olar. Bu görüş və onun nəticələri Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin tarixi qələbəsi hesab edilə bilər. Çünki bu hadisə son 30 ildə yeganə faktdır ki, Azərbaycan tərəfi özünün bütün şərtlərini Ermənistana qəbul etdirməyi bacarıb. Daha doğrusu, rəsmi İrəvanı məcbur edib ki, Azərbaycanın şərtlərini qəbul etsin, bu şərtlərlə razılaşsın. Bu baxımdan, Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə böyük zəfəridir və bu zəfər dövlətimizin hərbi platformada olduğu kimi, siyasi platformada da güc sahibi olduğunu göstərir.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər