İnsanlıq əleyhinə cinayətlər cəzasız qalmayacaq
Təcavüzkar Ermənistanın 2020-ci il 4-17 oktyabr tarixləri arasında Gəncəyə raket hücumları nəticəsində 26 mülki şəxs həlak olmuş, 175 nəfər yaralanmışdır
Son iki yüz ildə öz havadarlarının köməyi ilə Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti həyata keçirən terrorçu, barbar Ermənistan hələ də faşist ideologiyasından əl çəkmir. Terrorçu Ermənistanın bu mənfur siyasətinin təməlində azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə qəbilə-mağara təfəkkürlü erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti yaratmaq dayanıb.
Özlərini tarixən “əzabkeş”, “soyqırımı qurbanı” kimi təqdim etməyə çalışan erməni millətçiləri 1918-ci ilin mart-aprel aylarında Bakıda azərbaycanlılara qarşı kütləvi qırğın – soyqırımı həyata keçirmişlər. Həmin il martın 30-31-də Stepan Şaumyanın başçılıq etdiyi erməni-daşnak birləşmələri Bakıda dinc əhaliyə qarşı qətliamlara başlamış, 12 min kişi, qadın və uşağı milli-etnik zəmində qətlə yetirmişlər. Şəhəri qarət edən erməni vandalları evləri, tarixi mədəniyyət abidələrini dağıtmış, eyni zamanda, insanlığa zidd bu əməllərini Qarabağ, İrəvan, Zəngəzur, Quba, Şamaxı və digər bölgələrdə də davam etdirmişlər.
“Şər imperiyası”- SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Azərbaycana məxsus “Mİ-8” vertolyotunun vurulması bunun əyani təsdiqidir. O terror əməli nəticəsində vertolyotun bütün heyəti və sərnişinləri həlak oldular. Həmçinin 1992-ci il yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin vertolyotu vuruldu. 3 heyət üzvü, 41 nəfər sərnişin, əsasən qadın və uşaqlar həlak oldular. Beynəlxalq terrorizmin ən qaniçən dəstələrindən olan erməni terrorçuları 1992-ci ildə Xocalı soyqırımını törətdilər.
Ötən əsrin 90-cı illərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.
2020-ci il sentyabrın 27-dən başlayan qırx dörd günlük müharibədə Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində mülki əhaliyə qarşı sülh və insanlıq əleyhinə cinayətlər törədilmişdir. O cümlədən oktyabr ayında dəfələrlə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, eləcə də Ağdam Ağcabədi, Mingəçevir, Goranboy, Bərdə, Tərtər rayonları raket zərbələrinə məruz qalmışdır. Həmin günlərdə düşmən Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini, yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçərək müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə onları atəşə tutaraq müharibə cinayətləri törətmişdir. Ümumiyyətlə, cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhərinin 2020-ci il 4-17 oktyabr tarixləri arasında raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olmuş, 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanmışdır. Təxminən 3875 yaşayış evi və ya mənzil və 33 qeyri-yaşayış obyektinin (o cümlədən 4 və 29 saylı 2 tam orta məktəb, 4 saylı 1 uşaq poliklinikası, 10 və 52 saylı 2 körpələr evi-uşaq bağçası, 1 musiqi kolleci) dağıdılması və zədələnməsi nəticəsində ümumilikdə milyonlarla manat dəyərində məbləğdə maddi ziyan dəyib.
Hazırda Gəncə şəhərinə atılan raket hücumları ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq davam etdirilir. Təqsirli şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri üçün bütün zəruri tədbirlər görülür.
Bəli, terror, günahsız insanlara qarşı ağlasığmaz qəddarlıq törətmək ermənilərin əsl xislətidir. Qırx dörd günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu işğal altında olan Qarabağda və Şərqi Zəngəzurda erməni faşistlərini diz çökdürdülər. Bütün dünya bir daha gördü ki, terror, soyqırımları və zorla özgə torpaqlarına yiyələnməyə çalışan erməni faşistlərinə tarixi dərs verməyin yeganə ədalətli yolu budur.
Nəhayət, bir daha əmin olmaq istərdik ki, aidiyyəti beynəlxalq təşkilatlar Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq, eləcə də oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, dinc insanların qətli ilə nəticələnən müharibə cinayətləri törətmiş təcavüzkar Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirləri görəcəklər.

